Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-924/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/476/19-V saylı, 25.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 3071,95 manat, dəbbə pulu 328,05 manat, cəmi 3400,00 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 54 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Haciəli oğlu arasında 25.11.2019-cu il tarixdə 01/476/19-V saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 3545,19 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı İmmerqas markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 3071,95 manat, dəbbə pulu 4677,54 manat olmaqla, cəmi 7749,49 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 661 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01/476/19-V saylı, 25.11.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 3545,19 manat olan 1 ədəd 2018-ci il buraxılışlı İmmerqas markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı MMC-nin 18.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, 3071,95 manat ödənilməmiş hissə, 4677,54 manat dəbbə pulu olmaqla ümumilikdə 7749,49 manat borcu vardır; - 24.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 54,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01/476/19-V saylı, 25.11.2019-cu il tarixli və ona əlavələrə əsaəsn Cavabdeh İddiaçı MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilə üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01/476/19-V saylı, 25.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Haciəlı̇ oğlundan "xxxx" MMC-nin xeyrinə 25.11.2019-cu il tarixli NAS-01\476\19-V saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 3071,95 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla 3171,95 manat və dövlət rüsumuna görə ödənilmiş 54 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Haciəlı̇ oğlundan "xxxx" MMC-nin xeyrinə 25.11.2019-cu il tarixli NAS- 01\476\19-V saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 3071,95 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla 3171,95 manat və dövlət rüsumuna görə ödənilmiş 54 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-924/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-924/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver