Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-943/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Məmmədov (İsmayılov) Coşqun Valeh oğluna qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh Məmmədov (İsmayılov) Coşqun Valeh oğluna qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3749/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan tutulmalı olan 110 (bir yüz on) manat sabit aliment məbləğinin qanunvericiliyə uyğun olaraq dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan hər ay 235 (iki yüz otuz beş) manat sabit məbləğdə alimentin və 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 sentyabr 2014-cü il tarixində cavabdehlə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il tarixində Cəsur adlı bir oğulları olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3749/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında saxlanılması, birgə nikahdan olan oğulları X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 110 (bir yüz on) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda alimentin tutulmağa başlandığı vaxtdan 8 (səkkiz) ildən artıq vaxt keçmişdir. Həmin vaxtdan uşaq böyümüş, onun ehtiyacları artmış və dünyada gedən siyasi və iqtisadi prosseslərlə əlaqədar olaraq baş verən infilyasiya nəticəsində pul dəyərini xeyli itirmişdır. Həmçinin həmin vaxtdan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da artaraq 235 (iki yüz otuz beş) manat məbləğində olmuşdur. Lakin cavabdeh bu günə qədər qanunda baş vermiş dəyişikliklərə uyğun məbləğdə alimenti könüllü olaraq ödəmədiyi üçün o, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün cavabdeh 110 manat aliment məbləği ödəməlidir. Hal-hazırda həmin dövrdən 8 il keçmiş, ölkədə, habelə dünyada inflyasiya baş vermiş, pul öz dəyərini itirmişdir. Bunun sübuta yetirilməsinə ehtiyac yoxdur. Hal-hazırda yaşayış minimumu üzrə alimentin sabit məbləği 235 manat olaraq müəyyən edilmişdir. Həmin vaxtdan uşaq kifayət qədər böyümüş, ehtiyacları artmışdır. İddiaçı dövlət qulluğu sahəsində işləyir, lakin onun gəliri barədə məlumatı yoxdur. Ümumiyyətlə uşağı saxlamaq valideynlərin borcudur, ata da uşağı saxlamalıdır. İddiaçının gəlirinin olması, işləməsi cavabdehi aliment ödəməkdən azad etmir. Cavabdeh Azərbaycan Respublikasında yaşamır, iddiaçının bildirdiyinə görə əvvəllər cavabdehlə Rusiyada yaşayıblar, cavabdehin orada şəxsi biznesi və kifayət qədər gəliri vardır. Cavabdeh uzun müddət alimenti ödəməmiş, onun böyük məbləğdə aliment borcu yaranmışdır. Cavabdeh bu yaxınlarda Azərbaycana gələcəkdi. Lakin borca görə barəsində axtarış elan olunduğu üçün bütün borcu bir dəfəyə ödəmiş, bundan sonra 1-2 ay əvvəl ölkəyə daxil olmuş, sonra yenidən ölkədən çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh Məmmədov (İsmayılov) Coşqun Valeh oğlu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Məmmədov (İsmayılov) Coşqun Valeh oğlunun birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulması, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 110 manat alimentin tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 3 saylı Mediasiya Təşkilatının MŞB/3/2023-01316 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2015-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3749/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdeh Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsaiti tələb etdiyindən və iddia tələbi təmin edildiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3749/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait cavabdeh Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan tutularaq İddiaçı ödənilsin Cavabdeh Məmmədov (İsmayılov) Coşqun Valeh oğlundan iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-943/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-943/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver