Məhkəmə qərarları › İş №e-2(007)-975/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-975/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-975/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqavilələri bağlanmışdır. 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 faizlə 70000 ABŞ dolları məbləğində, 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqaviləyə əsasən isə 24 ay müddətinə, illik 36 faizlə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanında yerləşən binanın 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu, həm də kredit görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq "xxxx" ASC tərəfindən 2012-ci ildə Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli, 2(007)-2074/2012 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdehdən 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı kredit müqaviləsi üzrə 46251,71 ABŞ dolları əsas, 9760,34 ABŞ dolları faiz, 13413 ABŞ dollar dəbbə pulu olmaqla 69425,05 ABŞ dolları və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqaviləsi üzrə isə 6995,20 ABŞ dolları əsas, 1426,82 ABŞ dolları faiz olmaqla ümumilikdə 8422,02 ABŞ dollarının tutulması və tələbin ipoteka əmlakına yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qətnaməsindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17.05.2013-cü il tarixli, 2(103)- 1781/2013 saylı qətnaməsi ilə qismən dəyişdirilmişdir. Qətnaməyə əsasən 2010-cu il tarixli müqavilə üzrə dəbbə pulu borcu azaldılmış və ümumi borc 62012,05 ABŞ dolları olmaqla hər iki müqavilə üzrə cavabdehdən 70434 ABŞ dolları tutulması qət edilmişdir. Həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin 25.11.2013-cü il tarixli, 2(102)- 4306/13 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən 2012-ci ilin sonuna tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-yə maddi zərərə vurulmuşdur. Göründüyü kimi Bakı Apelyasiya Məhkəməsi İddiaçı BOKT ASC-nin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu qismən təmin etsə də, borclu tərəfindən bu qətnamə uzun müddət icra edilməmişdir. Cavabdehin qətnamə üzrə BOKT-a cəmi 70434 ABŞ dolları borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2014-cü ilin iyul ayından başlamaqla borclunun BOKT-a olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2012-cı il tarixindən cavabdehin özündə saxladığı vəsatilər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövrüyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərindən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları əsasında məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönləndirilə bilir. Göründüyü kimi qanunvericiliyin tələbindən və onun şərhinə dair Konstitusiya Məhkəməsinin qərarındanda aydın olur ki, kreditor ona dəymiş zərərin əvəzini borcludan tələb etmək hüququna malikdir. Cavabdehn ilə İddiaçı BOKT ASC arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan borc icra edilməmişdir. Cavabdehin qətnamə üzrə BOKT-a olan əsas borcu qətnamə icra edilənə kimi 53702,73 ABŞ dolları təşkil etmişdir. Cavabdehin BOKT-a qətnamə üzrə sonuncu borc ödənişi 2022-ci ilin yanvar ayında olmuşdur. Göstərilən pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, özgənin pul vəsaitindən istifadə etməklə əsassız varlanmaqla yanaşı həmçinin kreditoru zərərə uğratmışdır. Belə ki, ASC olaraq həmin vəsaitin təkrar kreditləşdirilməyə yönəldiləcəyi halda əldə edəcəkləri gəlirlər əldən çıxmış və onlara zərər vurulmuşdur. Odur ki, 30.07.2014-cü il tarixindən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 17861,2 ABŞ dolları məbləğində pulun cavadehdən vurulmuş zərərin əvəzi olaraq tutulmasına zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 17861,2 ABŞ dolları pulun və ödənilmiş 181,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə onun arasında 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqavilələri bağlanmışdır. 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı müqaviləyə əsasən cavabdehə (ona) 24 ay müddətinə, illik 28 faizlə 70000 ABŞ dolları məbləğində, 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqaviləsnə əsasən isə 24 ay müddətinə illik 36 faizlə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh (onun) arasında ipoteka müqaviləsi bağlanmışdır. Onun mülkiyyətində olan Bakı şəhəri, Qara Qarayev prospekti, 89 ünvanda yerləşən 30 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı qeyd edir ki, guya o, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerin yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli, 2(007)2074/2012 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı kredit müqaviləsi üzrə 46251,71 ABŞ dolları əsas, 9760,34 ABŞ dolları faiz, 13413 ABŞ dolları dəbbə pulu olmaqla 69425,05 ABŞ dolları və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqaviləsi üzrə isə 6995,20 ABŞ dolları əsas, 1426,82 ABŞ dolları faiz olmaqla, ümumilikdə 8422,02 ABŞ dollarının ondan tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli, 2(007)2074/2012 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17.05.2013-cü il tarixli, 2(103)-1781/2013 saylı qətnaməsinə əsasən qətnamə qismən dəyişdirilmiş, 2010-cu il tarixli müqavilə üzrə dəbbə pulu borcu azaldılmış və ümumi borc 62012,05 ABŞ dolları olmaqla, hər iki müqavilə üzrə ondan 70434 ABŞ dollarının tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 17.05.2013-cü il tarixli, 2(103)-1781/2013 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin MK-nın 25.11.2013-cü il tarixli, 2(102)-4306/13 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd ediləmlərə əsasən müəyyən edilir ki, iddiaçının müqavilə üzrə tələb etdiyi pul (əmlak) tələbi məlum məhkəmə qətnamələrində öz əksini taparaq tam icra edilmişdir və onun iddiaçı qarşısında icra edilməmiş heç bir öhdəliyi, borcu və buna dair aralarında bunu təsdiq edəcək müqavilə də yoxdur. Belə olan halda, iddiaçının hazırki iddiası əsasız və qanunsuzdur. Eyni tələblə məhkəmə qarşısinda ikinci bir iddia irəli sürülməsi qanunla yolverilməzdir. İddiaçı öz tələbini əsaslandırmaq üçün maddi və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. İddiaçı cavabdehə, ona qarşı hansı borcunun mövcud olmasına dair və ya belə borcunun yaranmasına dair ona məlumat belə verməmişdir. Əgər onun iddiaçıya hər hansısa borcu yaranış olsaydı, onda iddiaçı buna dair pretenziya qaydasında ona müraciət etməli və ya xəbərdar etməli idi. İddiaçı ondan mövcud olmayan əsasla haqsız pul tələb edir. Guya onun iddiaçıya 2014-cü ildən bəri borcu yaranmışdır. Aralarındakı müqavilə üzrə 14.09.2012-ci il tarixində qətnamə qət edilmişdir. Əgər onun iddiaçının qənaətinə görə onlara borcu yaranmış olsa idi belə, onda iddiaçı həmin tələbi iddia müddəti dövründə tələb edə bilərdi. İddiaçı, İddiaçı BOKT ASC-nin 1547/PB saylı, 28 dekabr 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Cavabdeh 17.05.2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə "xxxx" ASC (əvvəlki "xxxx" ASC) qarşısında qətnamə üzrə öhdəliyinin yerinə yetirmiş və qətnamə üzrə borc öhdəliyi yoxdur. Göstərilənlərə əsasən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tədbiq edilməsini, qətnamənin qanuni və əsaslı olmasını istəyir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən kredit müqavilələri üzrə yaranmış borc ödənilmişdir. Hazırda cavabdehdən vaxtında ödənilməyən borclara görə əldən çıxmış faydanı tələb edirlər. Vaxtında ödənilməyən borcları dövriyyəyə yönəldib fayda əldə edə bilərdilər. İddia ərizəsində istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 24 dekabr 2014-cü il tarixində qəbul edilmişdir. Hazırkı mülki işə MM-nin müvafiq maddələri tətbiq edilməlidir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bankdan 70000 ABŞ dolları pul götürmüş, əvəzində isə banka 120000 ABŞ dolları pul ödəniş etmişdir. O, sonuncu ödənişini 2021-ci ilin dekabr ayında etmişdir. Bank tərəfindən ona borcunun tam ödənilməsi barədə arayış verilmişdir. Özü onkoloji xəstədir. Əsas yaşayış yeri Ukrayna Respublikasıdır. Hazırda bütün evi, əşyaları orada, müharibədə məhv edilmişdir. Borc ödənişini tam yerinə yetirməyinə baxmayaraq hələ də evi yüklülükdən azad edilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X5 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarı borclunun öz öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlıdır. Bu qərarın hazırkı mübahisəyə tətbiq edilməsi cavabdehin vəziyyətini ağırlaşdırır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2012 saylı 14.09.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 25 noyabr 2010-cu il tarixli 435/10/PBA saylı kredit müqaviləsinə əsasən 46251,71 ABŞ dolları əsas, 9760,34 ABŞ dolları gecikdirilmiş faiz, 13413 ABŞ dolları dəbbə pulu, cəmi 69425,05 ABŞ dolları, həmçinin 2011-ci il 15 fevral tarixli 042/11/PBA/PK saylı kredit müqaviləsinə əsasən 6995,20 ABŞ dolları əsas, 1426,82 ABŞ dolları gecikdirilmiş faiz, hüquqi vardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Cavabdeh mülkiyyətindəki 126,6 k.metr ümumi, 79,8 kv.metr yaşayış, 46,8 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı 89 saylı evin 30 saylı mənzilin 80000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaitinin hesabına 25 noyabr 2010-cu il tarixli 435/10/PBA saylı kredit müqaviləsinə əsasən banka 46251,71 ABŞ dolları əsas, 9760,34 ABŞ dolları gecikdirilmiş faiz, 13413 ABŞ dolları dəbbə pulu, cəmi 69425,05 ABŞ dolları, həmçinin 2011-ci il 15 fevral tarixli 042/11/PBA/PK saylı kredit müqaviləsinə əsasən 6995,20 ABŞ dolları əsas, 1426,82 ABŞ dolları gecikdirilmiş faiz borcu, cəmi 8422,02 ABŞ dolları, borcun cəmi məbləğini təşkil edən 77847 (yetmiş yeddi min səkkiz yüz qırx yeddi) ABŞ dolları 07 (yeddi) sent məbləğində pul qətnamə icra edilən gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 (beş yüz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, ipoteka predmeti olan mənzilin satışından artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1781/2013 saylı 17.05.2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2012ci tarixli qətnaməsinin dəbbə pulu tələbi hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı “Parabank’" ASC-nin xeyrinə 25 noyabr 2010-cu il tarixli 435/10/PBA saylı kredit müqaviləsinə əsasən 46251,71 ABŞ dollan əsas, 9760,34 ABŞ dollan gecikdirilmiş faiz, 6,000 ABŞ dolları dəbbə pulu, cəmi 62012,05 ABŞ dolları müəyyən edilməklə, ipoteka predmeninin satışından əldə edilmiş pul vəsaiti hesabına 25 noyabr 2010-cu il tarixli 435/10/PBA saylı kredit müqaviləsinə əsasən cəmi 62012,05 ABŞ dolları, həmçinin 15 fevral 2011-ci il tarixli 042/11/PBA/PK saylı kredit müqaviləsinə əsasən cəmi 8422,02 ABŞ dolları borcun, cəmi məbləğini təşkil edən 70434 (yetmiş min dörd yiiz otuz dörd) ABŞ dolları 07 (yeddi) sent məbləğində pulun qətnamə icra edilən gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 (beş ytiz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, ipoteka predmeti olan mənzilin satışından artıq qalan məbləği Cavabdeh qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. - İddiaçı BOKT ASC-nin 28.12.2021-ci il tarixli 1547/PB saylı arayışından görünür ki, Cavabdeh 17.05.2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə İddiaçı BOKT ASC (əvvəlki "xxxx" ASC) qarşısında qətnamə üzrə öhdəliyini yerinə yetirmiş və qətnamə üzrə borc öhdəliyi yoxdur. - İddiaçı BOKT ASC tərəfindən tərtib edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli qətnaməsi üzrə cavabdehdən tələb olunan faiz məbləğində dair çıxarışdan görünür ki, Cavabdeh qeyd edilən qətnamə üzrə 30.07.2014- 26.01.2022-ci il tarixlər üzrə 17861,2 ABŞ dolları faiz borcu hesablanmışdır. - 29.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən iddiaçının nümayəndəsi tərəfindən 181,10 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqavilələri bağlanmışdır. 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 faizlə 70000 ABŞ dolları məbləğində, 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqaviləyə əsasən isə 24 ay müddətinə, illik 36 faizlə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanında yerləşən binanın 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli, 2(007)-2074/2012 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdehdən 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı kredit müqaviləsi üzrə 46251,71 ABŞ dolları əsas, 9760,34 ABŞ dolları faiz, 13413 ABŞ dollar dəbbə pulu olmaqla 69425,05 ABŞ dolları və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqaviləsi üzrə isə 6995,20 ABŞ dolları əsas, 1426,82 ABŞ dolları faiz olmaqla ümumilikdə 8422,02 ABŞ dollarının tutulması və tələbin ipoteka əmlakına yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qətnaməsindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17.05.2013-cü il tarixli, 2(103)-1781/2013 saylı qətnaməsi ilə qismən dəyişdirilmişdir. Qətnaməyə əsasən 2010-cu il tarixli müqavilə üzrə dəbbə pulu borcu azaldılmış və ümumi borc 62012,05 ABŞ dolları olmaqla hər iki müqavilə üzrə cavabdehdən 70434 ABŞ dolları tutulması qət edilmişdir. Həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin 25.11.2013-cü il tarixli, 2(102)-4306/13 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəf qeyd edir ki, cavabdeh tərəfindən 2012-ci ilin sonuna tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-yə maddi zərərə vurulmuşdur. Göründüyü kimi Bakı Apelyasiya Məhkəməsi İddiaçı BOKT ASC-nin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu qismən təmin etsə də, borclu tərəfindən bu qətnamə uzun müddət icra edilməmişdir. Cavabdehin qətnamə üzrə BOKT-a cəmi 70434 ABŞ dolları borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2014-cü ilin iyul ayından başlamaqla borclunun BOKT-a olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Hazırkıda iddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 17861,2 ABŞ dolları pulun və ödənilmiş 181,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyi 2012-ci ilin sonuna tam şəkildə icra edilib başa çaldırılmalı olduğu halda, öhdəliyi vaxtında icra etməmə səbəbindən 30.07.2014-cü il tarixdən 26.01.2022-ci il tarixədək olan müddət ərzində əldən çıxmış fayda kimi Mərkəzi Bankın uçot dərəcəsinə uyğun aparılmış hesabata əsasən 17861,2 ABŞ dolları məbləğində pul tələb edir. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh tərəfindən 2012-ci ilin sonuna tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-yə maddi zərərə vurulmuşdur. 2012-ci il tarixindən cavabdehin özündə saxladığı vəsatilər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitlər ödənilmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövrüyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Məhkəmə göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, 25.11.2010-cu il tarixli, 435/10/PBA saylı və 15.02.2011-ci il tarixli, 042/11/PBA/PK saylı kredit müqavilələri 24 ay müddətinə bağlanılmış və müqavilə müddəti bitdikdən sonra iddiaçı əldən çıxmış fayda kimi faiz ödənilməsini tələb edə biləcəyi halda, hazırkı vaxtadək cavabdehə bununla bağlı heç bir məlumat verməmiş və ya pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Digər tərəfdən əgər borclu iş üzrə çıxarılmış məhkəmə qətnaməsi icraya yönəldikdə sonra qətnamə ilə tutulmuş məbləğin cavabdeh tərəfindən vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda kimi faizlərin tutulmasını xahiş edirsə, qeyd edilməlidir ki, kredit müqavilələri üzrə yaranmış borcun tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2012 saylı qətnaməsi 14.09.2012-ci il tarixdə qəbul edilmiş, daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1781/2013 saylı 17.05.2013-cü il tarixli qətnaməsi ilə cavabdehin şikayəti qismən təmin edilmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh həmin qətnamədən kassasiya şikəyəti vermiş, cavabdehin kassasiya şikayəti isə 25.11.2013-cü il tarixdə təmin edilməmişdir. Bundan sonra isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1781/2013 saylı 17.05.2013-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər bir tərəfin məhkəmədə iddia qaldırmaq, məhkəməyə şikayət və etirazlarını vermək hüququ vardır. Cavabdehin qeyd edilən qaydada bu hüququndan istifadə etməsi isə hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Başqa sözlə, cavabdehin qanunla ona verilmiş hüquqlardan istifadə edərək məhkəməyə müraciət etməsi bank qarşısında olan öhdəliyin vaxtında və qərəzli surətdə icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, məhkəməyə sübut kimi iddiaçı tərəfindən tərtib edilmiş çıxarış təqdim edilmiş və həmin çıxarışdan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.09.2012-ci il tarixli qətnaməsi ilə 30.07.2014-26.01.2022ci il tarixləri əhatə edən, tələb olunan faizlər göstərilmişdir. Qeyd etmək lazımdır ki, adı çəkilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 17.05.2013-cü il tarixli qətnaməsi ilə qismən ləğv edilmiş və həmin qətnamə icraya yönəldilməmişdir. Bundan başqa, 26.01.2022-ci il tarixinə kimi (18.12.2020-ci il üzrə 190,4 ABŞ dolları, 26.01.2022-ci il tarixinə kimi 0,00 ABŞ dolları) faizlər hesablasa da, məhkəməyə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 17.05.2013-cü il tarixli icra sənədi üzrə borcun nə vaxt ödənilib başa çatdırlıdığına dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan 28.12.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 17.05.2013-cü il tarixli icra sənədi üzrə öhdəliyini yerinə yetirmiş və onun borc öhdəliyi yoxdur. Nəticədə, məhkəmədə cavabdeh tərəfindən borcun ödənildiyinə dair məlumat olsa da, borcun hansı tarixdən ödənilməsinə, başqa sözlə cavabdehin iddiaçıya ödənilməli olan məbləği hansı tarixə kimi ödəməməsi və bununla da iddiaçıya zərər vurmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən məhz cavabdehin təqsiri ucbatından qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda halda isə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 17.05.2013-cü il tarixli qətnamənin üzrə borcun nə vaxt ödənilməsinə, borc ödənilsə də, ödənişin gecikdirilməsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə və bununla da qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı BOKT ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar