Məhkəmə qərarları › İş №e-2(008)-1003/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1003/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1003/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 25.736,76 (iyirmi beş min yeddi yüz otuz altı manat 76 qəpik) manat - bundan 10.184,56 (on min bir yüz səksən dörd manat 56 qəpik) manat əsas, 7.108 (yeddi min bir yüz səkkiz) manat faiz, 7.062,40 (yeddi min altmış iki manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.381,80 (bir min üç yüz səksən bir manat 80 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 167.21 (bir yüz altmış yeddi manat 21 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 374/14-USD-KFW №-li 08 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 11.700 (on bir min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X5 və Cavabdeh2 ilə bank arasında ZM-374/14-USD-KFW saylı 08 iyul 2014cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 374/14-USD-KFW №-li 08 iyul 2014-cü il tarixli kredit müqaviləsinə 10 avqust 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 8.874,43 (səkkiz min səkkiz yüz yetmiş dörd ABŞ dolları 43 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixidək təyin olunur. Əlavə Sazişə əsasən X5 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 374/14-USD-KFW №-li 08 iyul 2014-cü il tarixli kredit müqaviləsinə 27 yanvar 2017-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 8.032,76 (səkkiz min otuz iki ABŞ dolları 76 sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD = 1.4 (bir Manat 40 qəpik) bu Sazişin qüvvəyə mindiyi tarixə 11.245,86 (on bir min iki yüz qırx beş manat 86 qəpik ) manat təşkil edir. Restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Kreditin üzrə borcalan təfərindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Əlavə Sazişə əsasən X5 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-K-41-2518/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 25.736,76 (iyirmi beş min yeddi yüz otuz altı manat 76 qəpik) manat təşkil edir. Bundan 10.184,56 (on min bir yüz səksən dörd manat 56 qəpik) manat əsas, 7.108 (yeddi min bir yüz səkkiz) manat faiz, 7.062,40 (yeddi min altmış iki manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.381,80 (bir min üç yüz səksən bir manat 80 qəpik) manat faiz borcu təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə cavabdeh (zamin) qismində cəlb olunan X3 vəfat etdiyi məlum olduğundan onun cavabdehlər siyahısından çıxarılaraq, kredit üzrə borc tələbinin yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 25.736,76 (iyirmi beş min yeddi yüz otuz altı manat 76 qəpik) manat - bundan 10.184,56 (on min bir yüz səksən dörd manat 56 qəpik) manat əsas, 7.108 (yeddi min bir yüz səkkiz) manat faiz, 7.062,40 (yeddi min altmış iki manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.381,80 (bir min üç yüz səksən bir manat 80 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 167.21 (bir yüz altmış yeddi manat 21 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 ekspert rəyi ilə razı olduğunu bildirmiş, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ona aid hissədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 167.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 374/14-USD-KFW nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 30% olmaqla, 36 ay müddətinə 11.700 ABŞ dolları məbləğində kredit verilmişdir. -xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 11.700 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən 36 ay müddətində hər ay banka 497 ABŞ dolları (sonuncu ay 499 ABŞ dolları) ödəməli idi. -İddiaçı ASC ilə X5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM- 374/14-USD-KFW nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncular İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 374/14-USD-KFW nömrəli kredit müqaviləsi üzrə borclu borcu ödəmədikləri təqdirdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. -xx.xx.2014-cü il tarixli 374/14-USD-KFW nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 №-li Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8874.43 ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən 46 ay müddətində hər ay banka 326.82 ABŞ dolları (sonuncu ay 326.93 ABŞ dolları) ödəməli idi. -xx.xx.2014-cü il tarixli 374/14-USD-KFW nömrəli zaminlik müqaviləsinə xx.xx.2015ci il tarixli 01 nömrəli Əlavə Sazişlərə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8874.43 ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. -xx.xx.2014-cü il tarixli 374/14-USD-KFW nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 8032.76 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD = 1.4 (bir manat 40 qəp) AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 11.245,86 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdən 60 ay müddətində hər ay banka 267.54 manat (sonuncu ay 267.4 manat) ödəməli idi. -xx.xx.2014-cü il tarixli 374/14-USD-KFW nömrəli zaminlik müqaviləsinə xx.xx.2017ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 8032.76 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD = 1.4 (bir manat 40 qəp) AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 11.245,86 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka 10.184,56 manat əsas, 7108 manat faiz, 7062.40 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 1381.80 manat faiz, cəmi 25.736,76 manat məbləğində borcu yaranmışdır. -xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışlar. -AZ-İİ seriyalı 486898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1355 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli 374/14-USD-KFW saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə əsas borc üzrə 10.220,76 manat; faiz borcu üzrə 6545.55 manat; illik 5%-lə faiz borcu 1371.29 manat. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdehə 11.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kredit öhdəliyinin qalığı konvertasiya edilməklə, (1 USD = 1.4 AZN) 11.245,86 AZN təşkil etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 10.184,56 manat, faiz borcunun məbləği 7.108 manat, gecikdirilmiş vaxt üçün faiz borcunun məbləği 1381.80 manat göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1355 saylı rəyindən isə görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu 10.220,76 manat, faiz borcu 6545.55 manat, illik 5%-lə faiz borcu 1371.29 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan faiz borcunun məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1355 saylı rəyində göstərilmiş qaydada, faiz borcu 6545.55 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 1371.29 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Həmçinin, cavabdehdən iddia tələbi həcmində 10.184,56 manat əsas borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 7062.40 manat məbləğində cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 509.22 manat məbləğində müəyyən olunmalı, iddia həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbini zaminə münasibətdə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zaminlik müqaviləsinin verilmə xx.xx.2022-ci il tarixdə qurtarmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi zaminlik müqaviləsinin müddəti qurtardıqdan sonra verildiyindən, zaminliyə - Cavabdeh2 kreditor qarşısında öhdəliyinə хitam verilmişdir. Odur ki, kredit borcunun Cavabdeh2 tutulmasına dair tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10.184,56 manat məbləğində əsas borc, 6545.55 manat məbləğində faiz borcu, 509.22 manat məbləğində cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1371.29 manat məbləğində faiz borcu olmaqla, cəmi 18.610,62 manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə və Cavabdeh2 aid hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə Cavabdeh1 145.83 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada, hər birindən 25 manat olmaqla tutulmalı və X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 10.184,56 manat məbləğində əsas borc, 6545.55 manat məbləğində faiz borcu, 509.22 manat məbləğində cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1371.29 manat məbləğində faiz borcu olmaqla, cəmi 18.610,62 manat məbləğində pul vəsaiti və 145.83 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə və Cavabdeh2 aid hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada, hər birindən 25 manat olmaqla tutulsun və X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar