Məhkəmə qərarları › İş №e-2(008)-1012/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1012/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1012/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38.860 (otuz səkkiz min səkkiz yüz altmış) manat məbləğində maddi zərərin, vəkilə ödədiyi xidmət haqqının əvəzi olaraq 530 (beş yüz otuz) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 207 (iki yüz yeddi) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 avqust 2024-cü il tarixdə saat 22:45 radələrində “Mercedes Benz G 500” markalı 99- TZ-996 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsi ilə S.Kərimov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2.5 yol nişanının tələbini pozaraq mülkiyyətində olmaqla idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Kia K7” markalı avtomobili vuraraq, nəticədə ona məxsus “Kia K7” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini tamamilə əzib sıradan çıxarmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru polis kapitanı Polad Xəlilov tərəfindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(011)-4769/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş qəza nəticəsində ona məxsus “Kia K7” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtonobilində su radiatoru, kondisioner radiatoru, vintilyator (difizor), ön qoruyucu şveller, ön banperi (komplekt), sol ön qanad, ekran (ön), sol ön fara, kapotun petlələri (2 ədəd), sağ və sol təkər qoruyucusu (2 ədəd), buferin sağ və sol salaskası (2 ədəd), ön kapot, sol ön qapı, ön bamper (qoruyucu alt nazik), ön bamper radarı (4 ədəd), ön buferin qoruyucusu, qapının kantı, turbonun radiatoru, kapotun zamoku, karobkanın karter qapağı, mühərrikin alt qoruyucusu, şit (hava yastığı (airback) ilə birlikdə), dizlik hava yastığı, şüka (hava yastığı ilə birlikdə), sol ön oturacağın hava yastığı, arxa sol oturacağın hava yastığı, damın (tavanın) hava yastığı, dam üzlüyü, turbo intikullerin radiatoru, sol bakavin (blok) ölü zona, ön şüşə, vetrovik, kapot açarının plasması, akkumulyator və hazırda vizual müşahidə oluna bilməyən digər hissələri tamamilə bərpa olunmaz vəziyyətdə sıradan çıxmış, avtomaşın deformasiyaya uğramışdır. Həmçinin, mühərrik surət qurğusu, ötürücü sistemlərdə nasazlıq yaranmışdır. Hazırda avtomaşın işlək vəziyyətdə deyildir. Mülkiyyətində olan “Kia K7” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçirilmiş baxış nəticəsində, avtomobilin zədələnmiş hissələrinin təmir olunmasına (dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir-bərpa işlərinin qiyməti) təxminən 18.860 (on səkkiz min səkküz altmış) manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh müəyyən olunmuş 18.860 manat məbləğində maddi zərərin ödənilməsindən və ya avtomaşının təmir edilməsindən imtina edir. Bundan başqa, cavabdehin təqsiri ucbatından baş vermiş qəza zamanı dəymiş zərbə nəticəsində avtomobilim öz görkəmini və işlək vəziyyətini dəyişmişdir və əvvəlki vəziyyətə bərpa etmək mümkün deyildir. Avtomobil hətta təmir olunsa belə, özünün satış dəyərinin 50%-dən çoxunu itirmiş olacaqdır. Belə ki, hazırda Bakı şəhəri avtobazarlarında mövcud olan qiymətlərə və internet saytı (www.turbo.az) məlumatlarına əsasən tam dolu komplektasiyada olan 2016-cı il model, dizel mühərrikli “Kia K7” markalı avtomobilin orta bazar dəyəri 40.000 manatdır. Lakin cavabdehin təqsiri ucbatından baş vermiş qəza səbəbindən avtomobili təmir olunduqdan sonra 20.000 manatdan artıq qiymətə satmaq mümkün deyildir. Bu səbəbdən də hesab edir ki, avtomobilin təmir xərclərindən savayı həmçinin, ona məxsus avtomobilin alıcılıq qabiliyyətinin itirilməsi nəticəsində 20.000 manat dəyərində maddi ziyan dəymişdir. Yuxarıda qeyd edilənlərin yekun nəticəsi olaraq o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 40.325 (qırx min üç yüz iyirmi beş) manat məbləğində maddi zərərin, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 530 (beş yüz otuz) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 207 (iki yüz yeddi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, baş vermiş qəzadan sonra Cavabdeh dəymiş zərərin müəyyən edilməsi üçün avtomobilin onun istədiyi avtoservisdə yoxlanmasını tələb etmiş və İddiaçı həmin şərtlə razılaşaraq, Cavabdeh tələbi ilə avtomobili dəymiş zərərin müəyyən edilməsi üçün "xxxx" ASC-nin əməkdaşlarına təqdim etmişdir. Yəni avtomobilə Cavabdeh istəyi ilə "xxxx" ASC-də baxış keçirilərək qüsur aktı tərtib edilmişdir. Lakin Cavabdeh özünün istəyi ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərək avtomobilə 18.860 manat məbləğində maddi zərərin dəydiyini bildikdən sonra həmin zərərin ödənilməsindən və ya avtomaşının təmir edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi, zərərin vurulmasında özünü təqsirli bildiyini, lakin vurulmuş zərərin məbləği ilə razı olmadığını qeyd etmişdir. Baş vermiş qəzadan sonra dəymiş zərərin müəyyən edilməsi üçün avtomobilin onun istədiyi avtoservisdə yoxlanmasını tələb etmiş və İddiaçı həmin şərtlə razılaşaraq, Cavabdeh tələbi ilə avtomobili dəymiş zərərin müəyyən edilməsi üçün "xxxx" ASC-nin əməkdaşlarına təqdim etmişdir. Zərərin dəyəri barədə qarşı tərəf ona məlumat verdikdən sonra barışıq əldə olunması və qiymətdə güzəşt edilməsini xahiş etsə də, iddiaçı 10000 manat pul tələb etmişdir. O isə işləmədiyindən bankdan da pul götürə bilməmiş, ona görə də iddiaçıya məhkəməyə müraciət etməsini söyləmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatındakı xüsusatları təsdiq edərək iddiada göstərilən vurulmuş zərərin məbləği ilə razı olmadığını, tərəflərindən təqdim edilmiş mütəxəssis rəyinin nəzərə alınmasını, real zərəri qəbul etmədiklərini, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 207 manat məbləğində dövlət rüsumu ödəmişdir. -xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 3.60 manat məbləğində dövlət rüsumu ödəmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4769/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 3(103)-307/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayətin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -"xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş baxışa əsasən təyin olunub ki, “Kia K-7” minik markalı **- ET-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə 18.860 manat məbləğində maddi zərər dəymişdir. Sıradan çıxmış ehtiyat hissələrinin adları bazar qiyməti ilə tərtib edilmiş nöqsan aktında göstərilib. Bundan əlavə, aktda təmir işlərinin dəyəri manatla göstərilib. Beləliklə, avtomobilin tam texniki yararlı vəziyyətdə istismara hazır olması üçün çəkiləcək xərclər: işçilərin əmək haqqı – 4500 manat; ehtiyat hissələri – 14.360 manat, cəmi 18.860 manat. -Hüquqi yardımın göstərilməsi haqqında EM-776VK-12287/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi üçün “Kamandar Nəsibov və Partyorları” vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 530 manat müəyyən olunmuşdur. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Kamandar Nəsibov və Partyorları” vəkil bürosunun (vəkil Nümayəndə) hesabına 530 manat məbləğində pul ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Kia K 7” minik markalı KNALB41ABGA006750 ban nömrəli CH133126 mühərrik nömrəli 2016-cı il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. -"xxxx" MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli 0217 nömrəli hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyəri (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 12.103 manat müəyyən olunmuşdur. -"xxxx" MMC tərəfindən tərtib edilmiş 16 nömrəli xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun təmiri üçün (materiallar və usta haqqı nəzərə alınmaqla) tələb olunan vəsait 20.325 (iyirmi min üç yüz iyirmi beş) manat təşkil edir. “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildə təmir işi görülmüşdür. “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkilmiş xərc 20.325 (iyirmi min üç yüz iyirmi beş) manat təşkil edir. X1. -Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş 339 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 Azərbaycan Qiymətləndiricilər Palatasının qiymətləndiricilər reyestrində yoxdur. -İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də “Mercedes Benz G500” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də Cavabdeh M.Mehdizadə küçəsi ilə S.Kərimov küçələrinin kəsişməsində “Mercedes Benz G500” minik markalı **- TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. -turbo.az saytında yerləşdirilmiş elanlarda 2016-cı il buraxılışlı “Kia K7” minik markalı 33 ədəd nəqliyyat vasitəsinin satış qiymətləri üzrə hesablama aparılmış və 2016-cı il buraxılışlı “Kia K7” minik markalı nəqliyyat vasitəsinin orta real bazar dəyəri 34.290 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də “Mercedes Benz G500” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh İddiaçı idarə etdiyi “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonuncuya ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 4769/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan xx.xx.2024-cü il tarixli akta əsasən 18.860 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “Mercedes Benz G500” minik markalı **-TZ-*** və “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus nəqliyyat vasitəsinin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İşin mübahisəli halı dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli akta əsasən “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18.860 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda “Kia K7” minik markalı **-ET- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan vəsaitin 20.325 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş 339 nömrəli xx.xx.2025-ci il tarixli məktubda hesabatı tərtib edən X1nun Azərbaycan Qiymətləndiricilər Palatasının qiymətləndiricilər reyestrində olmadığı müəyyən olunmuşdur. Ona görə də məhkəmə, "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabata sübut kimi qiymət verməmişdir. Bununla yanaşı, "xxxx" MMC tərəfindən verilmiş hesabatda “Kia K7” minik markalı **- ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyərinin 12.103 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə, həmin hesabatda göstərilən məbləği 2016-cı il buraxılışlı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı orta bazar qiyməti (34.290 manat) ilə müqayisə edərək, cavabdehdən nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə 12.103 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini ağlabatan və ədalətli hesab edir. Belə ki, 2016-cı il buraxılışlı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı orta bazar qiymətindən nəqliyyat vasitəsinə vurulmuş maddi ziyan çıxıldıqda (34.290-12.103=22.187) nəqliyyat vasitəsinin gördüyü real zərər 22.187 manat təşkil edir. Yəni nəqliyyat vasitəsi təmir olunduqdan sonra onun hazırkı orta bazar qiymətinə satılması real deyildir. Yuxarıda qeyd edildiyi kimi 2016-cı il buraxılışlı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı orta bazar qiyməti 34.290 manat təşkil edir. Lakin iddiaçı avtomobilə görə real zərər kimi 20.000 manat tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən real zərər kimi 20.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 12.103 manat, avtomobilə görə real zərər üçün 20.000 manat olmaqla, cəmi 32.103 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh 186.31 manat dövlət rüsumu və 421.93 manat hüquqi xidmət haqqı tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə, "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 nömrəli xx.xx.2025-ci il tarixli hesabat sübut kimi qiymətləndirilmədiyindən, hesabatın verilməsi üçün 200 manat məbləğində pulun tərəflərdən tutulmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 12.103 manat, avtomobilə görə real zərər üçün 20.000 manat olmaqla, cəmi 32.103 manat məbləğində pul vəsaiti, həmçinin, 186.31 manat dövlət rüsumu və 421.93 manat hüquqi xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar