Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1031/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərə görə (ömürlük şikəst qalmış İİ qrup əlil) dəymiş ziyan və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərə görə dəymiş ziyan və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu günkü günə qədər (əvvəlki dövr üçün) müalicəsinə, həmçinin əməliyyatlarına çəkdiyi ümumi xərclərinin 40.000 manat hissəsi məbləğində; əvvəlki dövr üçün əldən çıxmış ümumi qazancının 32.400 manat hissəsi məbləğində; Almaniya klinikasında əməliyyat olunması üçün 35.000 manat məbləğində vəsait və 5000 manat məbləğində gediş-gəliş və digər əlavə xərclər üçün kompensasiya və cəmi 40000 manat məbləğində; vurulmuş zərərin icbari sığortaçısından ala bilmədiyi 8500 manat kompensasiya məbləğinin (hadisəni təsdiq edən müvafiq qərar ona təqdim edilmədiyi üçün 5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığına ağır zərər vurulduğuna görə kompensasiyanı sığortaçıdan ala bilmədiyi üçün); əmlakına (avtomobil - 7000 manat hissəsi, marketdə olan ərzaq mallarına görə - 30.000 manat hissəsi və hadisə vaxtı üzərində olan 1700 manat məbləğində vəsait) dəymiş ziyana görə cəmi 38.700 manat; mənəvi istirab və əzaba görə dəymiş zərərə görə 50.000 manat hissəsi məbləğində kompensasiya; xx.xx.2022-ci il tarixindən etibarən yaşaması və müalicə xərcləri üçün ömürlük hər ay 500 manat məbləğində vəsaitin tutulması; ümumilikdə isə cəmi 209.600 manat (iki yüz doqquz min altı yüz) məbləğində kompensasiya məbləğinin, həmçinin ərizənin verildiyi tarixdən hesablanmaqla hər ay üçün 500 manat məbləğində yaşayış və müalicə xərclərinə görə ömürlük aylıq dolanacaq xərci kimi ödənişin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşqul imiş və Sabunçu rayonu ərazisində market işlətməklə ticarətlə məşğul olurmuş. Orta aylıq xalis gəliri ən azı 1000-1200 manat təşkil edirdi (buna sübut kimi onu müxtəlif mallarla təchiz edən iri topdan satış obyektləri, dükanına müxtəlif mal verən firmalar verilən malların aylıq dövriyyəsinə görə, onu tanıyan digər şəxslər şahid kimi təsdiq edər). Bakı şəhəri Sabunçu rayonu ərazisində 2017-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, ömürlük əlil olmuşdur və 1 qadın da ağır xəsarətlər almışdır. Ağır psixotrop maddənin təsiri altında olan Cavabdeh idarə etdiyi “Hyundai” markalı avtomobil dükanını gecə saat 1-2 radələrində bağlayıb maşına əyləşdiyi zaman xx.xx.2017-ci il tarixdə yüksək surətlə idarə etməni itirərək gəlib onun maşınına çırpılmış və yol kənarında dayanan 1 xanıma da xəsarət yetirmişdir. Avtomobilin surəti o qədər yüksək idi ki, zərbənin təsiri onu avtomobilin ön oturacağından arxa oturacağa atmışdı və o, huşunu tamam itirmişdi. Hadisə günü üstündə olan 1700 manat məbləğində (dükanın kassasından götürdüyü malın pulu) vəsait də naməlum şəraitdə itmişdir. Beləliklə də YNH-də təqsirkar olan Cavabdeh barəsində heç bir lazımi qanuni tədbir görülmədən əksinə barəsində sadəcə inzibati tənbeh tədbiri görülməklə məsuliyyətə cəlb edilmişdir (həmin qərar nə Sabunçu RPİ, nə də Sabunçu rayon prokurorluğundan ona təqdim edilmir). Hadisə nəticəsində onun şikəst qalması, 1 qadının da ağır xəsarətlər almasından başqa onun avtomobili də tam yararsız vəziyyətə düşmüşdür. Lakin Sabunçu RPİ-nin və Sabunçu rayon prokurorluğunun işə baxan müvafiq əməkdaşları hesab etmişlər ki, təqsirkarın sadəcə inzibati məsuliyyətə cəlb edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbul edilməsi qanuna uyğundur. Bu olduqca absurd və ağlasığmaz hərəkətdir. Lakin bu faktı o, 2017-ci ildən heç bir hüquq mühafizə orqanına sübut edə bilmir. Belə ki, müvafiq hadisə üzrə çıxarılmış olan sözügedən qərarı həm Sabunçu polisindən, həm də Sabunçu prokurorluğundan dəfərələrlə istəməsinə baxmayaraq ona cavabında arxiv işi olduğu üçün müvafiq qərar məhv edilmişdir kimi cavab verilmişdir. Beləliklə də, o, həmin qərarın surətinin ona təqdim edilmədiyi üçün cavabdeh (zərərvuran) Cavabdeh icbari sığortaçısı olan müvafiq sığortaçısından dəymiş zərərə görə maddi kompensasiyasını ala bilmir (5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığına ağır zərər vurulduğuna görə ümumi 8500 manat). Bundan da başqa məlum yol-nəqliyyat hadisəsindən sonra onu Sabunçu Rayon Xəstəxanasının (3 saylı Şəhər Klinik Xətəxana) cərrah həkimi səhv əməliyyat edib. Bunun nəticəsində o öz səhvini etiraf edərək onun dərmanlarının bir hissəsinin xərclərini və həmçinin də əməliyyat üçün ödədiyi məbləği ona qaytarmaqla günahının bağışlanmasını istəmişdir. Lakin o zaman məsələnin onun üçün nə dərəcədə ciddi və ağır fəsadlar verəcəyini bilmədən o da öz növbəsində fikirləşmişdir ki, sonra elə də ağır nəticələr verməz və s. Lakin bu yaxınlarda həmin xəstəxananın baş həkiminin qəbulunda olub tələbi bildirsə də ona cavab olaraq dedi ki, hal-hazırda o şəxs onların işçisi deyil və s. Beləliklə də mülki qanunvericiliyin tələbindən də məlum olduğu kimi işçinin vurduğu zərərə görə birbaşa işəgötürən məsuliyyət daşıdığı üçün müvafiq həkim-cərrahın onu səhv əməliyyat etməsi nəticəsində vurduğu zərərə görə məhz 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu Rayon Xəstəxanası) rəhbərliyi və hüquqi şəxs olaraq həmin təşkilat cavabdehdir. Lakin gedişat onu göstərir ki, o, bu gün 2-ci qrup əlildir, 3 dəfə omba nahiyəsindən əməliyyat olmuşdur və vəziyyətinin tam stabilləşməsi üçün yenə də əməliyyat olunmalıdır (hər əməliyyat ona bütün əməliyyat xərcləri və dərman vasitələri ilə birgə ən azı 10.000 -12.000 manata kimi başa gəlib və növbəti əməliyyatı da AR-da bu sahə üzrə güclü cərrahiyyə mütəxəssisi olmadığı üçün yerli həkimlər də əməliyyatı Almaniyada olan klinikalarda edilməsini məsləhət görüblər). Beləliklə, hadisə gününə kimi sahibkarlıq fəaliyyəti ilə əldə etdiyi və topladığı bütün vəsaitini müalicələrinə və əməliyyatlarına sərf etmişdir. Hətta himayəsində oğlunun ailəsi və həyat yoldaşı olduğu üçün artıq kifayət qədər borclanmışdır. Hadisə olan ərəfədə Cavabdeh qardaşı kimi özünü təqdim edən şəxs bildirirdi ki əgər o, bir dənə barışıq ərizəsi kimi razılıq yazıb versə və bununla da məsələni polisdə yoluna qoysalar ona dəyən bütün zərər və ziyanlar artıqlaması ilə ödəniləcək. Lakin məlum olduğu kimi YNH nəticəsində tamamilə yararsız hala düşmüş VAZ-2107 markalı avtomobilinin əvəzi belə ona ödənilmədi. Sadəcə avtomobili elə o yararsız vəziyyətdə satıb müalicəsinə sərf etdi. Beləliklə ona verilmiş vədin cüzi hissəsini ödəməklə (yalnız həmin anda xəstəxana xərclərinin bir hissəsini) ona zərərvuran şəxs və onun yaxınları yoxa çıxdı. Baş Prokurorluğa Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayətlər ünvanlasa da, Sabunçu rayon prokurorluğunun və Sabunçu RPİ-nin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilmir. Onun iddiası üzrə tələbinin hesablanması müddəti 2019-cu ilin fevralından bu günə kimi olan periodu nəzərdə tutur və iddia müddəti buna şamil olunmadığı üçün onun bu günkü gündə tələbi tam əsaslı və qanunidir. Cavabdeh qəza törədib onu ömürlük şikəst edənə kimi onun üçün sahibkarlıqla məşğul olduğu market və içindəki bütün dövriyyə malları ilə birgə olan şəraiti təmin etməlidir. Onun əmək qabiliyyəti tamamilə itib və o, bu gün artıq 2-ci qrup əlildir və bununla yanaşı onun müalicə xərcləri də artıb və belə olan halda Cavabdeh onun aylıq dolanacaq xərci kimi hər ay 500 manat məbləğində vəsaiti ona ödəməlidir. Qanunverici zərərvuranın təqsirkar olduğuna görə zərərçəkəni əvvəlki təminatı ilə tədarük görməsi üçün bütün tələbləri nəzərdə tutub və elə bu maddi hüquq normasının tələbinə görə də onun növbəti əməliyyatının yalnız Almaniya klinikalarının birində mümkün olduğu üçün Cavabdeh həmin 35.000 manat məbləğində vəsaiti ona ödəməlidir və yaxud həmin klinikanın hesabına köçürməlidir ki (onun yol xərci və s.), gedib orada əməliyyat olsun. Onun əlil olduğu və hal-hazırda əməliyyata ehtiyacı olduğu aşkardır və buna görə də o, dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini Cavabdeh və digər cavabdehərdən tələb edir. Cavabdeh ona vurduğu zərər bu günkü gündə bəlkə də maddi ziyan və zərər 500.000 manatdan çoxdur ki, az deyildir (vurduğu zərərdən başqa da əldən çıxmış fayda və s.) və eləcə də mənəvi ziyan pulla ölçülməz olduğuna görə onun bütün bunlara görə bu günkü gündə 50.000 manat ziyanı Cavabdeh tələb etməyə haqqı çatır. Cavabdeh tərəflə (cavabdehin özü yox qardaşı ilə bu razılıq olub) hətta onun ilkin razılaşması olsa belə sonradan onların belə bir razılaşma şərtlərini pozmasına görə sonradan onun zərərin əvəzinin ödənilməsinə dair müvafiq tələbindən imtina yolverilməzdir. Onun əvvəlki sahibkarlıq fəaliyyətindən əldə etdiyi orta aylıq gəlirinin məbləği (1000-1200 manat) ona vurulan zərərin həcmi müəyyənləşdirilərkən nəzərə alınmalıdır. Onun bu günə kimi çəkdiyi müalicə və əməliyyat xərcləri 150.000 manatdan çox olsa da onun yalnız 40.000 manat hissəsini cavabdehdən tələb edir və həmçinin bundan sonra müalicəsinin davamını Almaniyada davam etdirmək üçün əlavə olaraq 40.000 manat vəsaitin ödənilməsinə dair tələbi də tam əsaslı və qanunidir. Bundan da başqa açıq aşkardır ki, bu günkü gündə onun əlil olaraq əlavə əməliyyata ehtiyacı var və bu əməliyyatı o, pulsuz heç cürə elətdirə bilmir. Cavabdehin ona vurduğu zərərə görə ödəyəcəyi zərərin məbləği hesablanarkən, dövlətin ona kəsdiyi əlilliyə görə pensiya nəzərə alınmamalıdır. Sabah (şərti olaraq haçansa) qanunla bu zərərin miqdarı artırıla mütənasib olaraq onun iddia tələbi artıralacaqdır. Belə ki, əvvəlki sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin yalnız 90 % nisbətində əvvəlki 3 illik müddət üçün tələb edir (900 manat) və bu da öz növbəsində 32.400 manat məbləğini təşkil edir. Bu günkü gündə o, artıq həmin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir (əmək qabiliyyəti itib) və buna görə də bundan sonrakı dövr üçün də hər ay Cavabdeh onun saxlanma xərci kimi 500 manat məbləğində vəsaitin xeyrinə tutulmasını tələb edir. Qeyd etdiyi kimi itirmiş olduğu gəlir kimi hər ay sahibkarlıq fəaliyyətim ilə hadisədən öncə orta aylıq qazancını (1000-1200 manat) 3 illik dövr üçün cavabdehlərdən tələb etməsi tam əsaslı və qanunidir. İşin faktiki halları ilə artıq çəkdiyi 32.400 manat məbləğin cavabdehdən birdəfəlik alınaraq xeyrinə ödənilməsi qanunda nəzərdə tutulub və cavabdehində buna kifayət qədər imkanı var. Bütün bu əvvəl çəkdiyi xərclərdən əlavə onun gələcəkdə müalicəsinə çəkilməli olan bütün xərcləri cavabdehlər qarşılamalıdır, həmçinin onun əvvəlki sahib olduğu VAZ-2107 markalı avtomobil də alınıb ona verilməlidir. Belə ki, müvafiq qrup üzrə əlillik alması üçün artıq müvafiq olaraq həkim tibb komissiyasından keçmişdir. Bütün cavabdehlər öz fəaliyyətləri nəticəsində ona vurduqları ziyanı hər bir halda ödəməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərə məruz qalmasını və şikəst olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində başqa bir qadının da ağır xəsarətlər alması barədə sübutları məhkəməyə təqdim etməyib. İddiaçı iddia ərizəsində göstərib ki, yol-nəqliyyat hadisəsindən sonra onu Sabunçu Rayon Xəstəxanasının (3 saylı Şəhər Klinik Xətəxana) cərrah həkimi səhv əməliyyat edib. Bunun nəticəsində həkim öz səhvini etiraf edərək onun dərmanlarının bir hissəsinin xərclərini və həmçinin də əməliyyat üçün ödədiyi məbləği on qaytarmaqla günahının bağışlanmasını istəyib. Lakin o zaman məsələnin onun üçün nə dərəcədə ciddi və ağır fəsadlar verəcəyini bilmədən o da öz növbəsində fikirləşib ki, sonra elə də ağır nəticələr verməz və s. Lakin bu yaxınlarda həmin xəstəxananın baş həkiminin qəbulunda olub tələbi bildirsə də ona məlumat verilib ki, hal-hazırda həmin həkim orada işləmir. Həkimin vurduğu zərərə görə birbaşa işəgötürən məsuliyyət daşıdığı üçün də müvafiq həkim-cərrahın onu səhv əməliyyat etməsi nəticəsində vurduğu zərərə görə məhz 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu Rayon Xəstəxanası) rəhbərliyi və hüquqi şəxs olaraq həmin təşkilat cavabdehdir. Buna baxmayaraq iddiaçı müalicəyə və həmçinin də əməliyyatlarına çəkdiyi ümumi xərclər: 40 000 manat məbləğində və Almaniyada əməliyyat olunması üçün 40.000 manat məbləğində xərcləri cavabdehdən tələb edir. İddiaçı həmin xərcləri təsdiq edən sübutları da məhkəməyə təqdim etməyib. İddiaçı əvvəlki dövr üçün əldən çıxmış ümumi qazancının 32.400 manat məbləğində olduğunu göstərsə də həmin məbləği haradan götürdüyünü və onun niyə həmin məbləği ödəməli olmağı təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Hadisəni təsdiq edən müvafiq qərarın iddiaçıya təqdim edilmədiyi üçün 5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığına ağır zərər vurulduğuna görə kompensasiyanı sığortaçıdan ala bilmədiyi üçün cəmi 8500 manat pulu niyə görə ondan tələb etməsi də anlaşılmazdır. Dövlət orqanlarının hərəkətinə və hərəkətsizliyinə görə o cavabdehlik daşımır. İddiaçının hadisəni təsdiq edən müvafiq qərarın ona təqdim edilmədiyini niyə məhz 5000 manat qiymətləndirməsi bəlli deyil. İddiaçı guya onun sağlamlığına ağır zərər vurulduğuna görə 3500 manat məbləği də haradan götürdüyünü təsdiq edən sübutları da məhkəməyə təqdim etməyib. İddiaçı tələbinin sonrakı hissəsində əmlakına (avtomobil - 7000 manat hissəsi, marketdə olan ərzaq mallarına görə - 30.000 manat hissəsi və hadisə vaxtı üzərində olan 1700 manat məbləğində vəsait) dəymiş ziyana görə cəmi 38.700 manat tələb edir. Məlum olur ki, o, avtomobilinə dəyən ziyana görə sığorta təşkilatından almaq istədiyi 5000 manatdan əlavə 7000 manatı da tələb edir. Lakin iddiaçı avtomobilinə dəyən ziyanı təsdiq edən sübutları məhkəməyə təqdim etməyib, iddia ərizəsində göstərilib ki, iddiaçı 7000 manat ziyan dəymiş hesab etdiyi VAZ-2107 markalı avtomobilini satıb. İddiaçı marketdə olan ərzaq mallarına görə - 30.000 manatı və hadisə vaxtı üzərində olduğunu iddia etdiyi 1700 manat məbləğində vəsaiti itirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyib, həmin məbləğləri ondan niyə tələb edir, bəlli deyil. O, iddiaçıya mənəvi iztirab və əzab verməmişdir, buna görə iddiaçıya heç bir zərər vurmamışdır, iddiaçının ondan vurmadığı mənəvi iztirab və əzaba görə 50.000 manat kompensasiya tələb etməsi də absurddur. xx.xx.2022-ci il tarixindən etibarən yaşaması və müalicə xərcləri üçün ömürlük hər ay 500 manat məbləğində vəsait tələb edir, iddiaçı özü iddia ərizəsində həkimin səhv əməliyyatı nəticəsində şikəst qalmasını göstərsə də, ondan ömürlük yaşaması üçün pul tələb etməsi də əsasız və qanunsuzdur. İddiaçı bu günə kimi müxtəlif vaxtlarda onun yaxın qohumlarından dəfələrlə külli miqdarda pul alıb, hətta bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizə də verərək ona qarşı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bəyan edib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən Cabbar Yusifova ünvanlanmış 905-Ş-21 nömrəli xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu B.Bünyatov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarətləri almağınızla bağlı Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılmış və Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış material qərarın əsaslılığının yoxlanılması üçün rayon prokurorluğu tərəfindən tələb edilmiş, sorğuya cavab olaraq Sabunçu RPİ-dən alınmış xx.xx.2021-ci il tarixli 073-34526-124 nömrəli məktubda “dəftərxana işinin təşkili qaydaları”na əsasən saxlama müddəti bitdiyi üçün həmin toplanmış materialın məhv edildiyi bildirilmişdir. Bununla əlaqədar material üzrə qəbul edilmiş qərarın əsaslılığını yoxlamaq mümkün olmamışdır”. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən X3 ünvanlanmış 005-462983 nömrəli xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Sabunçu rayonu B.Bünyatov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Sizin və qeyrilərinin xəsarət alması faktına görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə tədbir görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnuz vardır. Müraciətiniz qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilmişdir. - 021488 nömrəli xx.xx.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, lombard (VÖEN: **********) tərəfindən X3 1018 saylı müqaviləyə əsasən 900 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, lombard (VÖEN: **********) tərəfindən X3 1092 saylı müqaviləyə əsasən 1700 manat məbləğində kredit verilmişdir. - ödəniş qrafikinin surətindən görünür ki, X7 "xxxx" ASC-dən 48 ay müddətinə illik 24.72 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit almışdır. - xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, lombard (VÖEN: **********) tərəfindən X3 1252 saylı müqaviləyə əsasən 750 manat məbləğində kredit verilmişdir. - ödəniş cədvəlinin surətindən görünür ki, kreditor-girov saxlayan BOKT "xxxx" QSC tərəfindən borclu-girov qoyan İddiaçı 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. - GJN/1 seriyalı 221043 nömrəli girov biletinin surətindən görünür ki, İddiaçı 585 əyarlı qızıl üzüyü xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək girov saxlayan X2 (VÖEN: **********) saxlanca vermişdir. - “Elektron notariat” X1 çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində aşağıdakı məzmunda ərizə yazmışdır: “Nəzərinizə çatdırmaq istərdim ki, xx.xx.2017-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mənə dəymiş maddi zərər, sağlamlığımla bağlı xəsarətlərin aradan qaldırılması üçün 6500 (altı min beş yüz) manat ödənildiyi üçün və bu günkü günə kimi qardaşı X8 evimin maddi cəhətdən öhdəliklərini qarşıladıqları üçün minnətdaram. Bu günlərdə Moskva şəhərində yaşayan həkim qohumum mənə dəymək üçün Bakı şəhərinə gəldikdə ayağımın vəziyyətini görüb müalicəmin Moskva şəhərində zəmanətlə başa çatdırmaq mümkün olduğunu bildirdi. Qohumum Moskva şəhərindəki həkim dostları ilə əlaqə saxlayıb müalicəmin orada başa çatmağı üçün təqribi nə qədər pul tələb olunduğunu soruşduqda ona 5600 (beş min altı yüz) ABŞ dolları tələb olunduğunu bildirdilər. Bundan sonra Elnurla əlaqə yaradıb mənə müalicəmin Moskva şəhərində davam etdirə bilməyim üçün kömək edib edə bilməyəcəyini soruşdum, çünki Azərbaycandakı həkimlərə inamım yoxdur. Elnur məndən Moskvadakı həkimlərin müalicəm üçün nə qədər pul tələb olunduğunu soruşduqda 5600 (beş min altı yüz) ABŞ dolları olduğunu bildirdim, o da bir neçə gün möhlət verməyimi istədi və bir qohumundan alıb mənə 5600 ABŞ dollarını verdi. Mən 5600 ABŞ dollarını aldığım üçün Cavabdeh qarşı gələcəkdə heç bir iddiam və tələbim olmayacaq”. Qeyd olunan ərizə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2018-ci il tarixdə 8843 reyestr nömrəsi ilə təsdiq edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən X3 ünvanlanmış 24-m-23 nömrəli xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, “Sizin 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almağınız faktı üzrə Sabunçu RPİ-nin İŞdə toplanmış material DİN-nin xx.xx.2005-ci il tarixli 018 nömrəli xx.xx.2015-ci il tarixli 03Q-001-15 nömrəli və Sabunçu RPİ-nin xx.xx.2021-ci il tarixli Ə1m-073-21 nömrəli əmrlərinə əsasən xx.xx.2021-ci il tarixdə məhv edilmişdir. Bu səbəbdən material üzrə qəbul olunmuş qərarın qanuniliyini yoxlamaq mümkün olmamışdır”. - TYP seriyalı 140114 nömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə saat 01:30-da idarə etdiyi “Hyundai TG” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakıxanov qəsəbəsi Bünyatzadə küçəsində hərəkət edərkən manevr qaydalarını pozub yolun sağına çıxıb hasara, sonra isə dayanmış vəziyyətdə olan “VAZ 21072 markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurub. Nəticədə avtomobilin sürücüsü, piyadalar X5, X6 yüngül bədən xəsarətləri almışlar. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanmasının əməldə cinayət tərkibinin əlmatələri olmadığından rədd edilməsi, toplanmış materialın Cavabdeh əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 1323 nömrəli xx.xx.2017-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı sol ayağın daraqarxası sümüklərinin qapalı çıxığı, alın, sol said nahiyələrinin, sol diz oynağının sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomaşın vurması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx.xx.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1770/2017 nömrəli 01 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində aşağıdakı məzmunda ərizə yazılmışdır: “Yazıb Sizə bildirirəm ki, xx.xx.2017-ci il tarixdə mən İddiaçı **-OD-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh tərəfindən xəsarət yetirilmişdir. Zərərçəkmiş kimi sürücü – Cavabdeh tərəfindən mənə dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün sonuncuya qarşı heç bir iddia və tələbim yoxdur. Gələcəkdə bu hadisə ilə bağlı heç bir məhkəmə və digər orqanlara müraciət etməyəcəyəm”. Qeyd olunan ərizə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2017-ci il tarixdə 7E-23749 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül dərəcədə zərər vurulmuş iddiaçıya cavabdeh tərəfindən 6500 (altı min beş yüz) manat və 5600 (beş min altı yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi, sonuncunun iddiaçıya dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödədiyi, iddiaçının cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığı iddiaçının ərizələri ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərə görə (ömürlük şikəst qalmış İİ qrup əlil) dəymiş ziyan və zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərə görə dəymiş ziyan və zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1031/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1031/2023
16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver