Məhkəmə qərarları › İş №e-2(008)-104/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-104/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-104/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 ilə 19.04.2016-cı il tarixdə bağlanmış VİP 16213 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə 19.04.2016-cı il tarixdə bağlanmış VİP 16213 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 1412 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 1412 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi əmr edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 19.04.2016-cı il tarixdə bağlanmış VİP 16213 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 2202 ABŞ dolları olan «LG soyuducu GRM-650gpd» markalı 1 ədəd soyuducu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 207 ABŞ dolları, 21.05.2016-cı il tarixdə 110 ABŞ dolları, 21.06.2016-cı il tarixdə 105 ABŞ dolları, 10.07.2016-cı il tarixdə 5 ABŞ dolları, 22.07.2016-cı il tarixdə 101 ABŞ dolları, 30.08.2016-cı il tarixdə 80 ABŞ dolları, 03.10.2016-cı il tarixdə 69 ABŞ dolları, 28.10.2016-cı il tarixdə 66 ABŞ dolları, 26.11.2016cı il tarixdə 47 ABŞ dolları ödəmiş, sonradan müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.Cavabdeh2 19.04.2016-cı il tarixdə bağlanmış VİP 16213 saylı nisyə alqısatqı müqaviləsinə həmin tarixdə zamin durmuşdur. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi məcmu borcu 1% -i həcmində satıcının xeyrinə faiz ödəyir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, Cavabdeh2 isə teleqramma göndərərək məhkəmə iclasında səhətindəki narahatlıqla bağlı iştirak edə bilməyəcəyini və növbəti məhkəmə iclasında qarşılıqlı iddia verəcəyini nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində hüququ verilir. Cavabdeh2 səhətindəki narahatlıqla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, bu əsasdan da məhkəmə onun gəlməməyinin səbəblərini üzürsüz hesab etmişdir. Odur ki, məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN № **********) verilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 19.04.2016-cı il tarixdə VİP 16213 saylı saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə satış qiyməti 2202 ABŞ dolları olan «LG soyuducu GRM- 650gpd» markalı 1 ədəd soyuducu satmış və ödəniş cədvəli tərtib olunmuşdur. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcının ödəniş gecikdirdiyi məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə faiz ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 ilə 19.04.2016-cı il tarixdə VİP 16213 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin 2.4.3-cü bəndinə əsasən zamin borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində satıcıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla saytıcı qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə 19.04.2016-cı il tarixdə bağlanmış VİP 16213 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə 19.04.2016-cı il tarixdə bağlanmış VİP 16213 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 1361 ABŞ dolları borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15.10.2018-ci il tarixli preteziya məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış qeyd olunan müqavilədən irəli gələn öhdəlik üçün sonuncu ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Yuxarıda qeyd olunan maliyyə arayışında cavabdehin iddiaçıya 1361 ABŞ dolları məbləğində borclu olması qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərdən 1361 ABŞ dolları məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1361 ABŞ dolları və 20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1361 ABŞ dolları və 20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd olunsun. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar