Məhkəmə qərarları › İş №e-2(008)-1044/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1044/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1044/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********22 saylı tam kart çərçivə müqaviləsinə əsasən 105,44 manat məbləğində əsas, 2,83 manat faiz borcu olmaqla, ümumilikdə 108,27 manat və 30 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********22 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində nağd kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə BPM**********22 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə banka borcu – 105,44 manat məbləğində əsas, 2,83 manat faiz borcu olmaqla, cəmi 108,27 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23- 1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********22 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay olmaqla, illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verimişdir. -Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə Banka 105,44 manat məbləğində əsas, 2,83 manat faiz borcu olmaqla, ümumilikdə 108,27 məbləğində borcu mövcuddur. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehə borcunu tam ödəməyi barədə təklif olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir. Həmçinin, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Hüququ münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********22 saylı tam kart çərçivə müqaviləsinə əsasən 105 (yüz beş) manat, 44 (qırx dörd) qəpik əsas borc, 2 (iki) manat, 83 (səksən üç) qəpik faiz borcu olmaqla, cəmi 108 (yüz səkkiz) manat, 27 (iyirmi yeddi) qəpik borc pul və 30 (otuz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar