Məhkəmə qərarları › İş №e-2(008)-1045/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1045/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1045/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacı-Quliyev İsrafil Mollağa oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4550 manat əsas, 44.06 faiz borcu olmaqla, cəmi 4594.06 manat borcun, ödənilmiş 65.95 manat dövlət rüsumunun və 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Hacı-Quliyev İsrafil Mollağa oğlu arasında xx.xx.2023-ci il tarixli BPM**********2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hacı-Quliyev İsrafil Mollağa oğluna illik 17 %-lə 33 ay müddətinə 4550 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 346020 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Hacı-Quliyev İsrafil Mollağa oğlu xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 notariat ofisinə müraciət etmiş, miras qalmış əmlakın qəbulu barədə ərizə yazmışlar. Təqdim edilmiş maliyyə arayışına əsasən Hacı-Quliyev İsrafil Mollağa oğlunun xx.xx.2024cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 4550 manat əsas, 44.06 faiz borcu olmaqla, cəmi 4594.06 manat borcu qalmışdır. Cavabdehlər mərhum Hacı-Quliyev İsrafil Mollağa oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixdə 6-2- 22/2-31695/2024 nömrəli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarında bildirmişlər ki, mirası qəbul etsələr də, ev əmisinin adındadır. Həmin evlə bağlı vərəsəlik şəhadətnaməsini və evə çıxarışı almaq əlavə xərcdir. Ona görə də öz miras paylarını indiyədək gedib tələb etməmişlər. Onlar həmin evi istəmirlər. Hazırda maddi imkanları yoxdur. Borcu hissə-hissə ödəyə bilərlər. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Hacı-Quliyev İsrafil Mollağa oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM2**********2 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Hacı- Quliyev İsrafil Mollağa oğluna 33 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 4550 manat məbləğində kredit verilmişdir. Hacı-Quliyev İsrafil Mollağa oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlu 4504 manat məbləğində pulu "xxxx" ASC-dən təhvil almışdır. - ödəniş cədvəlidən görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlu xx.xx.2023-cü il tarixdən 33 ay müddətində hər ay banka 173.57 manat (sonuncu ay 173.39 manat) ödəməli idi. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə banka 4550 manat əsas, 44.06 manat faiz borcu olmaqla, cəmi 4594.06 manat borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlunun banka olan borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 45.18 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 20.77 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 346020 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2024-cü il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş Hacı Quliyev X12 vərəsələri X6, X8 və X4 və onların hər biri miras əmlakdan 1/12 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X14 küçəsi ev 52 ünvanında yerləşən, ümumi sahəsi 164.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - xx.xx.2024-cü il tarixli 2V-13 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş Hacı Quliyev X12 vərəsəsi X2r və o, miras əmlakdan 3/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X14 küçəsi ev 52 ünvanında yerləşən, ümumi sahəsi 164.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - ünvan 2 ünvanlanmış 321 nömrəli xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Hacı-Quliyev İsrafil Mollağa oğlu ünvan 7 müraciət edərək, xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası Hacı Quliyev X11 qalmış miras əmlaka (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1169/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Hacı-Quliyev İsrafil Mollağa oğluna ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 164.4 kv.m olan 52 nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum Hacıquliyev Mollağa İsrafil oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X14 küçəsi ev 52 (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X14 küçəsi giriş 96B) ünvanında yerləşən fərdi yaşayış evinin 3/4 hissəsi X1, 1/12 hissəsi X3, 1/12 hissəsi X7, 1/12 hissəsi X5 mülkiyyətindədir. - Cavabdeh2 tərəfindən ünvan 7 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş atası Hacı-Quliyev İsrafil Mollağa oğlundan qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etdiyini, həmin əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Cavabdeh1 tərəfindən ünvan 7 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş atası Hacı-Quliyev İsrafil Mollağa oğlundan qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etdiyini, həmin əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Cavabdeh3 tərəfindən ünvan 7 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş əri Hacı-Quliyev İsrafil Mollağa oğlundan qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etdiyini, həmin əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Hacı-Quliyev İsrafil Mollağa oğlu arasında xx.xx.2023-cü il tarixli BPM2**********2 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Hacı-Quliyev İsrafil Mollağa oğluna 33 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 4550 manat məbləğində kredit verilmişdir. Hacı-Quliyev İsrafil Mollağa oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Hacı-Quliyev İsrafil Mollağa oğlu xx.xx.2023-cü il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu Hacı- Quliyev İsrafil Mollağa oğlunun vərəsələri – hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Hacı-Quliyev İsrafil Mollağa oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Hacı-Quliyev İsrafil Mollağa oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Hacı-Quliyev İsrafil Mollağa oğlunun kreditoru olan iddiaçı qarşısında onun vərəsələri-cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məsuliyyət daşıdıqlarından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 4550 manat əsas borc, 44.06 manat faiz borcu olmaqla, cəmi 4594.06 manat məbləğində borc, 65.95 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4550 manat əsas borc, 44.06 manat faiz borcu olmaqla, cəmi 4594.06 manat məbləğində borc, 65.95 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar