Məhkəmə qərarları › İş №e-2(008)-1047/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1047/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1047/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5594.59 manat məbləğində əsas bоrc və 818.38 manat faiz borcu оlmaqla, cəmi 6412.97 (altı min dörd yüz on iki manat doxsan yeddi qəpik) manat borcun və 84.53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 fevral 2023-cü il tariхli, 101804-280307/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 37 ay müddətinə, illik 20% dərəcəsi ilə 8305.00 (səkkiz min üç yüz beş) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 06 noyabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5594.59 manat məbləğində əsas bоrc və 818.38 manat faiz borcu оlmaqla, cəmi 6412.97 (altı min dörd yüz on iki manat doxsan yeddi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işlərin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ASC ilə, Cavabdeh arasında bağlanmış 08 fevral 2023-cü il tariхli, 101804- 280307/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 37 ay müddətinə, illik 20% dərəcəsi ilə 8305.00 (səkkiz min üç yüz beş) manat məbləğində krеdit vеrilmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 5594.59 manat məbləğində əsas bоrc, 818.38 manat faiz borcu оlmaqla, cəmi 6412.97 (altı min dörd yüz on iki manat doxsan yeddi qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışlar. İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 84,13 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3257 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 08 fevral 2023-cü il tarixli, 101804-280307/3 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixinə (maliyyə arayışının tarixinə) “Experssbank" ASC-nə əsas və faiz borcu aşağıdakı məbləğdə müəyyən edilir: əsas borc üzrə -- 5.522,07 manat, faiz borcu üzrə -- 374,54 manat. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı tərəf bildiriş göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, borcu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. 08 fevral 2023-cü il tarixli, 101804-280307/3 nömrəli nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin 5594.59 əsas borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, əsas borcu ekspert rəyinə əsasən (5522,07 manat) hesablanmış əsas borcu həcmində təmin edilməlidir. 08 fevral 2023-cü il tarixli, 101804-280307/3 nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin 818.38 faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, faiz borcu ekspert rəyinə əsasən (374,54 manat) hesablanmış faiz borcu həcmində təmin edilməlidir. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5522,07 manat məbləğində əsas, 374,54 manat məbləğində faiz borcu olmaqla, cəmi 5896,61 manat borc pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 78,96 manat hissəsi cavabdehdən tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5522,07 (beş min beş yüz iyirmi iki manat yeddi qəpik) manat məbləğində əsas, 374,54 (üç yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5896,61 (beş min səkkiz yüz doxsan altı manat altmış bir qəpik) manat borc pul və 78,96 (yetmiş səkkiz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq,İddiaçı ASC-nin xeyrinə ödənilsin. 100 (bir yüz) manat ekspertiza xərcindən 50 manat iddiaçıdan, 50 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar