Məhkəmə qərarları › İş №e-2(008)-1068/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1068/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1068/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “kredit üzrə yaranmış borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “kredit üzrə yaranmış borcun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən bankın xeyrinə birgə qaydada xx.xx.2019-cu il tarixli 08/3012/DİK nömrəli müqavilə üzrə 5886,61 manat əsas, 3227,96 manat faiz, əsas borca illik 5 faiz hesablanmış 98,40 manat borcu, xx.xx.2019-cu il tarixli 08/0367/MAX nömrəli müqavilə üzrə 498,62 manat əsas borc və 118 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, 08/3012/DİK saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC Cavabdeh1 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0367/MAX nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 41 ay müddətinə 500 manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X3 və Cavabdeh2 ilə həmin tarixdə 08/0367/MAX və 08/3012/DİK saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin X3 və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə eyni məsuliyyəti daşıyır. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08/3012/DİK saylı Kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 25 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 8000 Manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08/0367/MAX saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh1 41 ay müddətinə 500 Manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. - "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən, zəmanət verən bank qarşısında borcalan Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zəmanət verən bank qarşısında borcalan Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. - 30.08.2022-ci il tarixli, **********050 saylı maliyyə arayışından görünür ki, borclu ilə Cavabdeh1 banka əsas borcu 5886,61 manat, faiz borcu 3227,96 manat, illik 5% olmaqla 98,40 manat olmaqla, cəmi 9212,97 manat borcu mövcuddur. - 30.08.2022-ci il tarixli, **********052 saylı maliyyə arayışından görünür ki, borclu ilə Cavabdeh1 banka əsas borcu 498,62 manat borcu mövcuddur. - xx.xx.2020-ci il tarixli **********194 nömrəli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehlər X2 və Cavabdeh2 qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər ilə iddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmış və cavabdehlərin bağlanmış kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 98,40 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2022-ci ildə bitmişdir. Buna görə də, cavabdehlərdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 98,40 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 118 (yüz on səkkiz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 08/3012/DİK nömrəli müqavilə üzrə 5886 (beş min səkkiz yüz səksən altı) manat, 61 (altmış bir) qəpik əsas, 3227 (üç min iki yüz iyirmi yeddi) manat, 96 (doxsan altı) qəpik faiz, əsas borca illik 5 faiz hesablanmış 98 (doxsan səkkiz) manat, 40 (qırx) qəpik borcu; xx.xx.2019-cu il tarixli 08/0367/MAX nömrəli müqavilə üzrə 498 (dörd yüz doxsan səkkiz) manat, 62 (altmış iki) qəpik əsas borc və 118 (yüz on səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar