Məhkəmə qərarları › İş №e-2(008)-1121/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1121/2023

05.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1121/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarə müqaviləsinin qüvvədə olduğu müddətdə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası, Cavabdeh1 nümayəndəsi və vəkili Məmmədli Ənnağı oğlunun qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı oğlundan tutulub Cavabdeh1 ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı icarə müqaviləsinin qüvvədə olduğu müddətdə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən icarədara məxsus ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ndə 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçının fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin Cavabdeh1 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Məmmədli Ənnağı qarşılıqlı iddia ərizəsini təqdim edərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri yaşayış binasından çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı oğlundan tutulub Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, 21 dekabr 2019-cu il tarixdə Cavabdeh1 ilə aralarında icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsi qüvvədə olmaqla müqavilənin ləğvi və etibarsızlığı ilə bağlı mülkiyyətçi tərəfindən mübahisələndirilməmişdir. Bu günə kimi aylıq ödənişi ödəmiş və icarə müqaviləsi üzrə borcu yoxdur. Lakin icarədar üzərinə düşən öhdəliyi yerinə yetirmir. Belə ki, qanuni fəaliyyət göstərməyə imkan vermir. Kommunal xidmətlər göstərən müəssisələrə müraciət edərək icarədə olan qeyri-yaşayış sahəsinə qazın verilməsini dayandırmışdır. Bu günü qanunla üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, icarəçi onun ümumiyyətlə fəaliyyət göstərməyinə mane yaradır. Bu maneənin aradan qaldırılması üçün hazırki iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ən əsas fəaliyyət göstərməyinə maneə olur və fəaliyyət göstərə, icarə sahəsindən istifadə edə, gəlir götürə bilmir. Halbuki, icarə haqqını vaxtlı-vaxtında ödəyir. Qanunvericilikdə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etmir və qanuni fəaliyyətinə mane olur. Nəzərə almaq lazımdır ki, icarə müqaviləsi qüvvədədir və qüvvədə olduğu müddətdə qanuni fəaliyyət göstərməlidir. Qeyd edir ki, bundan əlavə icarə götürdüyü əmlakı təmir edərək yararlı vəziyyətə gətirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 700.1-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə verdiyi ərizəsinə əsasən Cavabdeh2 da iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının ərizədə göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, cavabdeh Əliyev X3 İlkin Səyyub oğlu arasında ünvan 3 ünvanda yerləşən 623.2 kv.metr olan qeyri-yaşayış binasının, 446.6 kv.metr hissəsinə dair xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 37 saylı notariat ofisində icarə müqaviləsi bağlansa da, icarə müqaviləsinin şərtləri ilə bağlı bütün müzakirələr Elnar adlı şəxslə aparılmışdır və obyekt hazırda da onun tərəfindən istifadə olunur. İddiaçılə xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmasına baxmayaraq onun tərəfindən hər hansı məbləğdə icarə haqqı ödənilməmişdir. Elnarın təşəbbüsü ilə ilkin olaraq icarə müqaviləsi xx.xx.2019-cu il tarixdə İddiaçılə bağlanmış, sonradan Elnar icarə müqaviləsini Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan X4 ilə bağlanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsii 623.2 kv.metr olan qeyri-yaşayış binasının 212 kv.metr hissəsinə dair icarə müqaviləsi bağlanmışdır. Aylıq icarə haqqının müqavilədə 900 manat olaraq göstərilməsini Elnar istəmişdir. Əslində isə şifahi razılaşmaya görə aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur. Elnar məbləğin az göstərilməsini ödəyəcəyi vergi məbləğinin az olması ilə əlaqələndirmişdir. Bundan başqa, iddiaçı nəzərdə tutulmuş öhdəliyi vaxtı-vaxtında yerinə yetirdiyini qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyri-yaşayış sahəsindən istifadəyə görə sonuncu icarədar X4 tərəfindən icarə haqqı ödənilmədiyi üçün 18 may 2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə ünvan 5 ünvanında yerləşən, 212 kv.m sahəni 1 ay müddətinə boşaldaraq təhvil verilməsi xahiş olunmuşdur. İcarə sahəsi X4 tərəfindən boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (hakim N.Cəfərli) iddia ərizəsi ilə müraciət edilərək cavabdeh X4 ona məxsus əşyaları ilə birlikdə, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Beləliklə, hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli və qarşılıqlı iddia tələbi əsaslı olduğundan tam təmin edilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1, 152.1, 152.5, 421.2, 424.5-ci maddələrinə əsasən İddiaçı əşyaları ilə birlikdə 623.2 kv.m olan qeyri-yaşayış binasından çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddianı isə qəbul etməyərək rədd olunmasını, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh özünə məxsus ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ni (223.3 kv.m anbar, 223.3, kv.m ticarət sahəsi) iddiaçıya icarəyə verilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2049-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti 1 il müddətinə uzadılmış hesab olunur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən İcarəyə götürən İddiaçı icarəyə verən Cavabdeh1 aylıq 900 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən İcarəyə verən - Cavabdeh1 öhdəsinə götürür ki, icarə müqaviləsi tərəfindən pozularsa qiymətləndirmə aktında göstərilən xərclərlə birlikdə büün maddi və dəymiş ziyanı (vergi və kommunal xərcləri daxil olmaqla) tam olaraq İddiaçı qaytaracaq. - Cavabdeh1 ilə X4 arasında 37 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri- yaşayış binasının 300 kv.m hissəsini X2 xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. - 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri- yaşayış binasının 212 kv.m hissəsini X2 xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. - Cavabdeh1 X2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında bağlanan 21 dekabr 2020-ci il tarixli İcarə müqaviləsinə əsasən, mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsi onun istifadəsinə verilib. Müqavilənin 5-ci bəndinə əsasən aylıq 900 manat icarə haqqı ödənməlidir. Bildirmək istəyir ki, heç bir əsaslı səbəb olmadan icarə haqqını ödənilmir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə əsasən həyata keçirilir. Bundan başqa, icarəyə verilmiş sahədən xeyli artıq sahəni də qanunsuz olaraq istifadə edirsiniz. Yuxarıda, göstərilənlərə əsasən xahiş edir ki, icarə haqqını ödəməklə, mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, 212 kv.m sahəni 1 ay müddətinə boşaldaraq ona təhvil verilməsini təmin edilsin. Əks təqdirdə ərizə ilə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmə məcburiyyətində qalacaq. İş materiallarında olan poçt qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə Nuriyev İlkin tərəfindən cavabdehə 2700, xx.xx.2022-ci il tarixdə 1800 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılması və cavabdehdən 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilərək Cavabdeh1 ilə X4 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, X4, ona məxsus əşyaları ilə birlikdə, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, X1 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı məbləği tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən iş üzrə Cavabdeh1 ilə X4 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə istinad etmişdir. İlk iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun atasıdır və mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə edirlər. İlkin olaraq cavabdehin atası Səyyub, yəni icarə obyektini faktiki sahiblik edən şəxsə 2 illiiyin pulunu, yəni, 60000 manatı o vermiş, mart ayına kimi bütün ödənişləri etmişlər. İcarəyə götürəndə icarəçi 3 ay möhlət də verdi təmir üçün, lakin təmir 1 il çəkdi. Faktiki icra haqqı atası ilə bağlanan müqavilədə qeyd edilməyib. Sonradan iki dəfə atasının işçisi olan Nuriyev İlkin ilə formal olaraq iki müqavilə də bağlanmışdır. Bunda məqsəd atasının yaşlı olması və sənədləşmə dalınca çox gedib-gələ bilməməsi olmuşdur. Cavabdehlə aralarında narazılıq icarə haqqının 3500 manata qaldırması ilə bağlı olmuşdur. Məhkəmə iclasında ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, cavabdehin atası Səyyubu və iddiaçının oğlu Elnarı tanıyır. İcarə obyektini icarəyə verilməsi üçün tərəfləri o tanış edib. Bildirir ki, müqavilə bağlanan gün cavabdehin atası Səyyuba 60000 manat verilmiş, aylığı isə 2500 manata razılaşdırıldı. O İlkin Nuriyevi tanımır və ikinci müqavilədən xəbəri yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş və tədqiq edilmiş səs yazısından görünür ki, danışıq iddiaçının oğlu ilə cavabdehin atası arasında gedir və sonuncu onlara icarə pullarının əlbəəl olaraq 60000 manat məbləğində verilməsini etiraf edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanda ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binası Cavabdeh1 məxsusdur. O, özünə məxsus sözügedən qeyriyaşayış binasının 446.6 kv.m hissəsi ilə bağlı 21 dekabr 2019-cu il tarixldə 37 saylı notariat ofisində ilk iddiaçı ilə 30 illik icarə müqaviləsi bağlamış və icarə haqqı aralarında razılaşdırılsa da, müqavilədə formal olaraq 900 manat göstərilmişdir. Tərəflər arasında münasibətlər bu müqavilə üzrə qurularaq davam etmiş, icarə bağlanan gün 2 illik müddət üçün 60000 manat icarə haqqı icarəçinin atasına icarədarın oğlu tərəfindən ödənilmiş, həmçinin icarəçi tərəfindən təmir üçün 3 ay müddət də güzəşt edilmişdir. Qeyd edilən müqavilə qüvvədə olduğu müddətdə icarəçi ilə icarədarın işçisi kimi göstərilən İlkin Nuriyev arasında 37 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqavilənin şərtinə görə sonuncuya ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri- yaşayış binasının 300 kv.m hissəsi aylıq 900 manat icarə haqqı ilə 30 il müddətinə icarəyə verilmişdir. Bundan sonra, yənə də sözügedən qeyri-yaşayış binasının 446.6 kv.m hissəsi ilə bağlı 21 dekabr 2019-cu il tarixldə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi qüvvədə olduğu dövrdə 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində icarədarın işçisi kimi göstərilən İlkin Nuriyev ilə icarəçi arasında yeni, bu dəfə isə ümumi sahəsi 623.2 kv.m olan qeyriyaşayış binasının 212 kv.m hissəsinə, yenə də aylıq 900 manat icarə haqqı ilə 30 il müddətinə yeni icarə müqaviləsi bağlanmışdır. İlk iddiaçı tərəf sonradan X4 ilə bağlanmış 16 və 21 dekabr 2020-ci il tarixli müqavilələrin sırf formal xarakterli olmaqla, əsas icarədar İddiaçı yaşlı olması ilə bağlı icarəyə götürdüyü obyektin sənədləşmə işləri üçün gedib-gələ bilməməsi, bunun üçün işçisinin adına icarəyə götürdüyü sahəyə dair bu müqavilələrin bağlanmasını icarəçi ilə razılaşdırılmasını göstərir. İlk iddia üzrə cavabdeh tərəf isə əksinə, Nuriyev İlkin ilə yeni müqavilə bağlandığından İddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini bildirərək əlavə olaraq göstərmişdir ki, 2-ci müqavilə bağlanmamışdan əvvəl İddiaçı onunla bağlanmış müqavilənin şərtlərinin pozulması barədə şifahi xəbərdarlıq edilməsini, bunu razılaşdırmalarını, lakin onun buna məhəl qoymayaraq həmin müqaviləyə istinad edərək ilk iddia ilə müraciət etdiyinə görə, hazırki qarşılıqlı iddia ilə bu müqavilənin məhkəmə qaydasında ləğv edilməsini tələb etməli olduqdarı göstərmişdir. Belə ki, hesab edirlər ki, 2-ci müqavilə bağlandığına görə İddiaçı ilə bağlanmış müqavilə ləğv edilmiş sayılır. İşin materiallarından görünür ki, Cavabdeh1 X2 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və onun ona məxsus əşyaları ilə birlikdə, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edildiyi kimi iddisının təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Lakin qətnamənin qəbul tarixindən də aydın olur ki, qətnamə qanuni qüvvəsin almamışdır. Məhkəmə sözügedən qətnamənin qəbul edilməsinə baxmayaraq (qanuni qüvvəyə minməməsini də nəzərə alaraq) hesab edir ki, Cavabdeh1 ilə X4 arasında 37 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində bağlanmış növbəti icarə müqavilələri hüquqi nəticəyələr yaratmaq niyyəti ilə bağlanmadığından, əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik deyildir. Belə ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, icarə münasibətləri Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinə əsasən yaranmış və davam etməkdədir. Müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 ilə X4 arasında 37 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində bağlanmış icarə müqavilələri ən azından ona görə əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik deyillər ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi hazırki vaxta kimi qüvvədə olmaqla ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Sonuncu iki müqavilənin predmetini də 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin predmeti təşkil edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2020-ci il və 21 dekabr 2020-ci il tarixlərində özünə məxsus sahəyə dair icarə müqavilələri bağlayarkən onunla İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi qüvvədə olmasını bilirdi və qanunvericilikdə müqavilə tərəfinin digər tərəfə yeni müqavilənin bağlanması ilə əvvəlkinin qüvvədən düşməsi barədə şifahi qaydada razılaşdırılması ilə müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Belə ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin 10-cu bəndinə əsaən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müəyyən edilmişdir ki, İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair yazılı ərizəsi olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür Həmçinin, məhkəmə qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 X2 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi iddianı irəli sürərkən onun ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, Cavabdeh1 X2 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin predmeti də 623.2 kv.m olan qeyri-yaşayış sahəsi də tam deyil, onun 212 kv.m hissəsi olmuşdur. Məhkəmə bu qənaəti ilə heç də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə qiymət vermək fikrində deyildir. Lakin qeyd edilməlidir ki, Cavabdeh1 hazırki qarşılıqlı iddiası ilə faktiki olaraq onunla İddiaçı arasında bağlanmış 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin hazırki vaxta kimi mövcudluğunu tanıyır. Tələbində qətnamə icra olunan günə kimi hər ay icarə haqqının ödənilməsi irəli surməsi də məhz İddiaçı ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli müqavilənin şərtləri əsasındadır. Görünən odur ki, Cavabdeh1 hər iki iddiası ilə öz mülkiyyətində olan sahənin icarəsinə görə iki icarədarın ayrılıqda ona icarə haqqlarının ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 icarə münasibətlərini məhz X4 ilə qurmuşdursa və sonuncunun da onun qarşısında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi əsasında məsuliyyət daşıyıcısı hesab edirdisə, İddiaçı ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli müqaviləsini hazırki qarşılıqlı iddiası ilə qanuniliyini mubahisələndirməsi onun X4 ilə bağladığı icarə müqavilələrinin formal və hüquqi qüvvəyə malik olmamasını təsdiq etməsinə bir növ dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. Yəni, qanunvericiliyə əsasən əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyri-mümkündür. Beləliklə də, müəyyən edilmşidir ki, tərəflər arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi qanunun tələblərinə uyğun aparılmış və qüvvədədir. Məhkəmə verilən tələblərin qanuniliyinə məhz bu konteskdən yanaşaraq qeyd edir ki, müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Eyni Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat orqanında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirlmiş icarə haqqa ödəməyə borcludur. Müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi üzrə ilk iddiaçının fəaliyyət göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılmış və o, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehin hazırki iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır. Məhkəmə ilk iddia tələblərinə qiymət verərək hesab edir ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin Cavabdeh1 qadağan edilməsi barədə ilk iddia tələbləri əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, işin araşdırılmış hallarından, eləcə də ilk iddia tələblərinə verilən hüquqi qiymətdən də görünür ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir. Bu isə bağlanmış müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas vermir. Məhkəmə qarşılıqlı iddianın ilk iddia veriləndən sonra verilməsi halının mühüm və diqqətəlayiq məqam olmasını qeyd etməklə yanaşı qarşılıqlı iddia tələbində göstərilənlərin qarşılıqlı iddiaçının subyektiv mülahizələri kimi qiymətləndirir və qeyd edir ki, o müqavilə tərəfi olaraq qanuni əsaslarla bağlanmış icarə müqaviləsi üzrə icarədarın fəaliyyət göstərməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətin irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və bu müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə qarşılıqlı iddia tələbərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, tələbin xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi hissələri əsassız olduğundan tələbin digər hissələri də əsassız sayılmalı, ümumilikdə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh1 tərəfindən ona məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ndə 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı fəaliyyət göstərməyinə yaranmış maneələr aradan qaldırılsın və Cavabdeh1 və Cavabdeh2 gələcəkdə maneələr yaradılması qadağan edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar