Məhkəmə qərarları › İş №e-2(008)-116/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-116/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-116/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İsmayılova (Məmmədova) Samirə Fərhad qızı və X13 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər İsmayılova (Məmmədova) Samirə Fərhad qızı və X10 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 76983,25 (yetmiş altı min doqquz yüz səksən üç manat iyirmi beş qəpik) manat borc olmaqla – bundan 47957,26 (qırx yeddi min doqquz yüz əlli yeddi manat iyirmi altı qəpik) manat əsas, 25802,55 (iyirmi beş min səkkiz yüz iki manat əlli beş qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 3223,44 (üç min iki yüz iyirmi üç manat qırx dörd qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat rüsumun cavabdehlər Cavabdeh və X4 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,35 kv.m olan yaşayış sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh və X4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli 04/3489/DİK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,35 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 01 may 2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Borcalan CavabdehFərhad qızına kredit verilərkən X13 ilə Bank arasında 01 may 2019-cu il tarixli üç tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********145 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 76983,25 (yetmiş altı min doqquz yüz səksən üç manat iyirmi beş qəpik) AZN təşkil edir. Bundan 47957,26 (qırx yeddi min doqquz yüz əlli yeddi manat iyirmi altı qəpik) AZN əsas, 25802,55 (iyirmi beş min səkkiz yüz iki manat əlli beş qəpik) AZN faiz və və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 3223,44 (üç min iki yüz iyirmi üç manat qırx dörd qəpik) AZN borcu təşkil edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmahətlərin Sığortalanması Fondu tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tələb edilən məbləğ hesab edir ki, süni şəkildə şişirdilərək yüksək məbləğdə borc yaradılmışdır. Belə ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə ümumi məbləği 50000 manat təşkil edən kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı isə xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən anası X10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,35 kv.m olan yaşayış sahəsi olmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən yaşayış sahəsinin dəyəri 74000 manat müəyyən edilmişdir. Bildirir ki, kreditin təminatı kimi yaşayış sahəsi qəbul edilən zaman evə hər hansı bir baxış keçirilməmiş, hər hansı bir mütəxəssis tərəfindən isə qiymətləndirmə aparılmamışdır. Həmçinin onun tərəfindən aparılmış ödənişlərə diqqət yetirilsə görünür ki, ümumilikdə 12 670,42 manat ödəniş etmişdir. Ödənişlər bu qaydada edilmişdir: xx.xx.2019-cu il tarixdə 1950 manat, xx.xx.2019-cu il tarixdə 1936 manat, xx.xx.2019-cu il tarixdə 1939,20 manat, xx.xx.2019-cu il tarixdə 940 manat, xx.xx.2019- cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 450 manat, xx.xx.2019-cu il tarixdə 805,22 manat, xx.xx.2020-ci il tarixdə 1200 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla ümumilikdə 12 670,42 manat ödəniş etdiyi halda əsas borc 47957,26 manat qalmışdır. Sənədlərdən göründüyü kimi evin qiymətləndirilməsi aparılsa müəyyən olunacaq ki, yaşayış sahəsinə dəyərindən qat-qat artıq qiymət qoyulmuşdur. O cümlədən mühasibatlıq ekspertizası aparılmalı olduğu halda isə silinmələrin bank tərəfindən düzgün aparılmadığı müəyyən olunacaqdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, X7 cavabdehlər siyahısından çıxarılması, cəmi 76983,25 (yetmiş altı min doqquz yüz səksən üç manat iyirmi beş qəpik) manat borc olmaqla – bundan 47957,26 (qırx yeddi min doqquz yüz əlli yeddi manat iyirmi altı qəpik) manat əsas, 25802,55 (iyirmi beş min səkkiz yüz iki manat əlli beş qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 3223,44 (üç min iki yüz iyirmi üç manat qırx dörd qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat rüsumunun cavabdeh X2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,35 kv.m olan yaşayış sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X2 tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X12 və X10 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cəmi 76983,25 (yetmiş altı min doqquz yüz səksən üç manat iyirmi beş qəpik) manat borc olmaqla – bundan 47957,26 (qırx yeddi min doqquz yüz əlli yeddi manat iyirmi altı qəpik) manat əsas, 25802,55 (iyirmi beş min səkkiz yüz iki manat əlli beş qəpik) manat faiz, AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 3223,44 (üç min iki yüz iyirmi üç manat qırx dörd qəpik) manat faiz borcunun, iş üzrə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat rüsumun cavabdehlər X12 və X4 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,35 kv.m olan yaşayış sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X12 və X4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirilir ki, iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Belə ki, bundan əvvəl xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iş üzrə cavabdeh – ipoteka qoyan X7 xx.xx.2022-ci il tarixdə vəfat etdiyi aşkar olunmuşdur. Eyni zamanda Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalından əldə olunmuş məlumata əsasən X7 adına vərəsəlik işi açılmamışdır. Bu səbəbdən də İrana Məmmədovanın hazırki iş üzrə cavabdehlər siyahısından çıxarılmasına zərurət yaranmışdır. X13 cavabdehlər siyahısından çıxarılmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi, cavabdehə 50000 manat məbləğində kredit verilib. Qiymətləndirmə və kreditin verilmə tarixinə baxanda müəyyən olunru ki, həmin dövrdə 2019-cu ildə yüklü olunmuş əmlakın dəyəri 70000 manat məbləğində qiymətləndirilib. Borc məbləği lə razı olmadı və hesab edir ki, faiz məbləği hədindən artıq hesablanıb. Cavabdeh özü də bildirmişdir ki, ödəmələrini etmişdir. Buna baxmayaraq bank ancaq faiz məbləğdən silinmələr aparıb. Ekspert rəyini də cavabdehə təqdim etmiş və o, bununla razı olmamışdır. Əsas borcdan da xeyli ödəmə aparılsa belə, cüzi silinmə aparılıb. Ödənilən məbləğlərin demək olar ki, 80 faizi ancaq faiz borcundan silinmişdir. Həmçinin evin qiymətləndirilməsində şişirdilmiş məbləğ qeyd olunub. İrana xanım ev sahibi olsa da, o, öləndən sonra qızları vərəsəsidir. Əvvəlki iclasda qeyd etdiyim kimi mərhumun qızı Ədilə xanım və əri qeydiyyatda olmasına baxmayaraq, ancaq ərinin razılığı alınmadan əmlak ipotekaya qoyulmuşdur. Bu özü müqavilənin etibarsızlığına gətirib çıxarır. Həm məbləğ, həm müqavilənin bağlanma məsələsini qəbul etmir. Amma ipoteka müqaviləsinin etibarsızlığı məhkəmə qaydasında mabhisələndirlməmiş və barədə qətnamə yoxdur. Məbləğdən ödəniş etməmişdirlər, məhkəmənin yekun qərarını gözləyirlər. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə 321 manat dövlət rüsumu ödənilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - "xxxx" ASC ilə X12 arasında bağlanmış 04/3489/DİK nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 23%lə, 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. - ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan 3 otaqdan ibarət olan mənzil tam pay şəklində X7 mülkiyyətində olmuş və xx.xx.2019-cu il tarixli, 04/3489/DİK nömrəli kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" ASC, X12 və X13 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/3489/DİK nömrəli ipoteka müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixli, 04/3489/DİK nömrəli kredit müqaviləsinin təminatı olaraq X7 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan, 3 otaqdan ibarət olan mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 74000 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC, X12 və X13 arasında bağlanmış 04/3489/DİK nömrəli xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, 04/3489/DİK saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borclan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. - ödəniş cədvəlindən görünür ki, X12 36 ay müddətinə hər ay banka 1935.49 (sonuncu ay 1935.29) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 47957.26 manat əsas borc, 25802.55 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 3223.44 manat faiz borcu olmaqla, cəmi 76983.25 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışlar. - Ləğv prosesində olan "xxxx" ASC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-nə 15 manat və 72 manat xidmət haqqı ödənilmişdir. - xx.xx.2019-cu il tarixli, 8İ-4342 nörməli reyestrlə Bakı şəhəri 5 saylı notariat ofisində qeydə alınmış X8 ərizəsindən görünür ki, o X7 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin ipoteka qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz oranı tərk edəcəyini öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X12 və X7 banka olan borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X12 50000 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. - "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən verilmiş 0176/1-01/05/19 nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 1, mərtəbə 3-də yerləşən, ümumi faydalı sahəsi 59.35 kv.m olan, 99a nömrəli mənzilin hazırkı dövrə bazar dəyəri 78000 manat, likvid dəyəri 74000 manat müəyyən edilmişdir. - AZ-İ seriyalı 324478 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X13 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən verilmiş 35 nömrəli xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan, 3 otaqdan ibarət olan mənzilin ilkin satış qiyməti 128.100 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3888 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3489/DİK saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh İsmayılova (Məmmədova) Samirə Fərhad qızının iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: Müqavilənin müddətinin bitdiyi tarixə yəni xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 47859.98 manat faiz borcu üzrə 22562.16 manat Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə 47859.98 manat faiz borcu üzrə 25682.88 manat faiz (illlik 5%-lə) 3120.72 manat Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayılova (Məmmədova) Samirə Fərhad qızı "xxxx" ASC ilə aralarında bağlanmış 04/3489/DİK nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında kredit alaraq həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun banka 47957.26 manat əsas borc, 25802.55 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 3223,44 manat faiz borcu olmaqla, cəmi 76983.25 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh İsmayılova (Məmmədova) Samirə Fərhad qızı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, X13 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh "xxxx" ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşin müəyyən edilən hallarına görə X1 və X13 arasında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan, 3 otaqdan ibarət olan mənzlin 04/3489/DİK nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı məhkəməyə hazırkı iddianı verəndə ilkin olaraq X11 da cavabdeh qismində qoymuş, lakin Məmmədova İrana xx.xx.2022-ci il tarixdə öldüyündən, iddiaçı sonradan ərizə verərək X7 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Cavabdeh olan borclu Cavabdeh ipoteka predmetinin mülkiyyətçisi olan İrana Məmmədovanın qızıdır, anasının ölümündən sonra onun və bacısının vərəsə olmasını, mirasın qəbul edilməsini rəsmiləşdirmək üçün vərəsəlik şəhadətnaməsinin almadığı, həmçinin cavabdehin mirasdan imtina etməsi halı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə isə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Başqa sözlə, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il qərarında hüquqi mövqe belə olmuşdur ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Mülki Məcəllənin 274.1-ci maddəsinə görə ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. Göründüyü kimi, istər mülki qanunvericiliyin normaları, istərsə də həmin normaların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hazırkı işdə cavabdeh olan Borclu anasından miras qalan ipoteka predmetinin vərəsəsi olduğu üçün onun tələbin ipoteka predmetinə yönəlməsi barədə iddia üzrə də cavabdehliyi nəinki istisna edilmir, bu cavabdehlik artıq özü-özlüyündə mövcuddur. Nəzərə alınmalıdır ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Yuxarıda şərh edilənlərə əsasən isə belə nəticəyə gəlinir ki, kredit müqaviləsi üzrə borclu olan şəxs Cavabdeh, ipoteka predmetinin mülkiyyətçisi İrana Məmmədova olduğu və belə olan halda, Cavabdeh artıq miras əmlakın kütləsinə daxil olan ipoteka predmetinin mülkiyyətçisinə çevrildiyi üçün istənilən halda həm də həmin əmlaka tutma yönəldilməsi barədə tələb üzrə də cavab verməli olan şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli qərardadının:

34. O da qeyd olunmalıdır ki, kreditorun tələbi üzrə borclunun ümumi mülkiyyətdəki payına tutmanın yönəldilməsi barədə tələblər də ümumi paylı mülkiyyətdən payın ayrılması və ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı bu qərardaddakı hüquqi mövqelər nəzərə alınmaqla Mülki Məcəllənin 224-cü maddəsində göstərilmiş dispozisiya şərtlərinə və ardıcıllığa müvafiq olaraq həll edilməlidir.

35. Həmin maddənin tələbinə görə, paylı və ya birgə mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borc üzrə tutmanın borclunun ümumi əşyadakı payına yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.

36. Nəzərə alınmalıdır ki, borclunun barəsində çıxarılmış qətnamənin icrası qaydasında tələbin onun ümumi mülkiyyətdəki payına yönəldilməsi fərdi mülkiyyətində olan əşyasına yönəldilməsindən fərqli olaraq, kreditorun tələbi üzrə iddia icraatı qaydasında həll edilməli məsələ olmaqla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 53-cü maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası çərçivəsində həyata keçirilə bilməz.

59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.

60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

67. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə, iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 47957.26 manat, faiz borcunun məbləği 25802.55 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun məbləği 3223.44 manat göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/3888 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən isə görünür ki, illik faiz dərəcəsi 5% ilə hesablanmaqla, İsmayılova (Məmmədova) Samirə Fərhad qızının xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 47859.98 manat əsas, 25682.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 3120.72 manat faiz borcu vardır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulmalı olan əsas borcun məbləği rəydə göstərildiyi kimi 47859.98 manat, faiz borcunun məbləği 25682.88 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun məbləği 3120.72 manat müəyyən edilməlidir. Məhkəmə, tutmanın ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan, 3 otaqdan ibarət olan mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 128100 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdeh İsmayılova (Məmmədova) Samirə Fərhad qızına qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləği cavabdeh İsmayılova (Məmmədova) Samirə Fərhad qızından tutulub "xxxx" ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İsmayılova (Məmmədova) Samirə Fərhad qızından 47859.98 manat əsas borc, 25682.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 3120.72 manat faiz borcu olmaqla, cəmi 76663.58 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 87 manat xidmət haqqı və 319.99 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan, 3 otaqdan ibarət olan mənzilə yönəldilməli, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalı, əmlak qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onun ilkin dəyəri kimi 128.100 manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləği Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 319.99 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 87 manat xərc Cavabdeh tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, həmçinin, mütəxəssis rəyinin verilməsi üçün 200 manat məbləğində pul tərəflərdən, yəni iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 47859.98 manat əsas borc, 25682.88 manat faiz borcu, 3120.72 manat illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 76663.58 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 87 manat xidmət haqqı və 319.99 manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan 3 otaqdan ibarət olan mənzilə yönəldilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.35 kv.m olan, 3 otaqdan ibarət olan mənzil üzrə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilsin. Mənzil həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılsın. Əmlakın ilkin satış qiyməti bazar dəyərinə uyğun olaraq 128.100 manat məbləğində müəyyən olunsun. Satışdan əldə olunan pul vəsaitinin hesabına "xxxx" ASC-yə olan borc ödənilsin, həmin vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın, satışdan əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borc məbləği Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat Cavabdeh və ləğv prosesində olan "xxxx" ASC-dən müştərək qaydada tutulsun və Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis rəyinin dəyəri olan 200 manat məbləğində pul Cavabdeh və ləğv prosesində olan "xxxx" ASC-dən müştərək qaydada tutulsun və VÖEN **********, hesablaşma hesabı AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı m/h AZ37NABZ013501**********1944, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar