Məhkəmə qərarları › İş №e-2(008)-1166/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1166/2021

18.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1166/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 İldız oğluna, Cavabdeh3 qarşı yaradılan maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İldız oğluna, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 (sonradan – mübahisəli ev) ünvanında 2002-ci ildən atası Cavabdeh1 istifadəsində olan 6 sot torpaq sahəsində yerləşən evdə qeydiyyatdadır. 2005-ci ildə atası həyətindən 0,03 ha torpaq sahəsinin ayrılmasına icazə vermişdir. İddiaçının əri X5 həmin torpaq sahəsində 4 otaqdan ibarət birmərtəbəli ev tikmiş, 55 000 manat pul xərcləmişdir. Cavabdeh olan valideynləri və qardaşları onları həmin evdən çıxartmaq istəyirlər, onların 15 ildir orada yaşamaqlarına və kommunal xərcləri ödəmələrinə baxmayaraq, istifadə hüquqlarının həyata keçirmələrinə maneələr yaradırlar. Evlər ayrı olsa da ümumi giriş-çıxışdan istifadə edirlər. Cavabdehlərlə münasibətləri tamamilə pozulduğundan onların həyətə daxil olmalarına icazə vermirlər, ayrıca giriş-çıxış qapısının açalması ilə bağllı hər hansı razılığa gəlmirlər. Bu səbəbdən kirayədə yaşamaq məcburiyyətində qalıblar. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 eyni cavabdehlərə qarşı eyni tələblə, eyni zamanda evə köçürülməsi və həyətdən istifadələrinə, evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 18.05.2021-ci il tarixli qərardadla onun ərizəsini baxılmamış saxlamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər Cavabdeh4, Cavabdeh2 İldız oğlu, Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1, onun vəkili və nümayəndəsi X2 iddianı qəbul etməyərk qeyd etdilər ki, torpaq sahəsi və üzərində yerləşən hər iki ev Cavabdeh1 məxsusdur, o, qızını və ailəsini evlərin birinə yerləşdirmiş, lakin qızı və onun əri həmin evi satmaq niyyəitndə olduqalrından ayrıca giriş-çıxış istəyrlər. Bu mümkün ola bilməz. İddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehlər Cavabdeh1 qızı və digərlərinin bacısıdır. Mübahisəli ev özbaşına tikilidir. İddiaçı və cavabdehlər 11.06.2002-ci il tarixdən həmin evdə qeydiyyatdadılar (Sabunçu rayon İcra Hakimyyəti Başçısının A.Bakıxanov Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 №-li, 17.03.2006-cı il tarixli arayış və tərəflərin şəxsiyyət vəsiqələri). Mübahisəli evin yerləşdiyi torpağın vergi ödəyicisi kimi Bakıxanov Bələdiyyəsində şəxsi hesab vərəqəsi Cavabdeh1 adına açılmış, onun həmin torpaq sahəsi üzrə 01.01.2021-ci il tarixədək torpaq vergisi borcunun olmaması barədə həmin bələdiyyə tərəfindən 15.09.2020-ci il tarixli 114/A №-li arayış verilmişdir. Bakı Elektrikşəbəkə tərəfindən texniki şərt 05.04.2012-ci il tarixdə Cavabdeh1 adına verilmişdir. Məhkəmə mübahisəli evə tərəflərin iştirakı ilə baxış keçirtmiş və aşağıdakıları müəyyən etmişdir. Darvazadan həyətə daxil olunur, həyətin içində bir birindən təcrid olunmuş yanaşı iki ev mövcuddur – cavabdehlərin yaşadığı ev və iddiaçının ailəsi ilə yaşadığı ev. İddiaçı faktiki həyətin iki yerə bölünməsini, aradan hasarın çəkilməsini və özünə yeni darvazının quraşdırılmasını istəyir, cavabdehlər isə bunun qətiyyən əleyhinədilər. İddiaçı əvvələr də qardaşlarına və anasına qarşı məhkəmədə iddia qaldıraraq «evdən istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması» barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə qarşılıqlı iddia verərək Yeganənin evi boşaldaraq qaytarması, özünün tikdiyi evin onun tərəfindən sökülməsini istəmişlər. Sabunçu rayon məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, Bakı Apellyasiya məhkəməsi tərəfindən 19.02.2021-ci il tarixdə dəyişdirilmədən saxlanılmışdır. İlk iddianın rədd ediləməsi iddiaçının torpağa və evə mülkiyyət hüququnun olmaması ilə əsaslandırılmışdır. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evilərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianın əsassız və qanunsuz olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, mübahisəli ev və torpaq iddiaçının adına dövlət qeydiyyatından keçməmişdir. Belə bir iddianın qaldırılması üçün iddiaçının mülkiyyətçi və ya qanuni sahib olması vacibdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar