Məhkəmə qərarları › İş №e-2(008)-1233/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1233/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1233/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 005A********** saylı kredit razılaşması üzrə 14379.71 manat əsas borc, 1953.11 manat faiz borcu, 657.92 manat cərimə olmaqla, cəmi 16990.74 manat, xx.xx.2022-ci il tarixli 005KK**********401 saylı kredit razılaşması üzrə 500 manat əsas borc, 72.82 manat faiz borcu, 30.04 manat cərimə olmaqla, cəmi 602.86 manat, 2 kredit razılaşması üzrə ümumilikdə, cəmi 17593.60 manat məbləğində borcun və tərəfindən ödənilmiş 142.80 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 620.29 manat ödəniş etmiş və onun iddiaçıya 14379.71 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 229 gün üçün hesablanmış faiz borcu 1953.11 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 229 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 657.92 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bundan başqa Cavabdeh AccessBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005KK**********401 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. X1 əsas borcu üzrə 500 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixə 255 gün üçün hesablanmış faiz borcu 72.82 manat təşkil edir. Kart kredit müqaviləsinin 3.7-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixə 255 gün üçün hesablanmış cərimə 30.04 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, eyni zamanda həm kredit müqaviləsinə, həm də kart vasitəsilə kredit götürdüyünü, əvvəllər gəliri yaxşı olduğu üçün ödəniş edə bildiyini, sonradan maddi vəziyyəti çətinləşdiyi üçün ödənişləri gecikdirdiyini, eyni zmanada 450 manat aliment ödədyini bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edillməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AccessBank» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli krediti müqaviləsinə əsasən 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. 005KK**********401 nömrəli, xx.xx.2022-ci il tarixli Kart Kredit Müqaviləsində görünür ki, Kredit Alan aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 005A********** nömrəli müqaviləyə əsasən 14379.71 (on dörd min üç yüz yetmiş doqquz manat, yetmiş bir qəpik) manat məbləğində əsas borc, 1953.11 (min doqquz yüz əlli üç manat, on bir qəpik) manat məbləğində faiz borcu, 657.92 (altı yüz əlli yeddi manat, doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 16990.74 (on altı min doqquz yüz doxsan manat, yetmiş dörd qəpik) manat təşkil edir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 005KK**********401 nömrəli müqaviləyə əsasən 500 (beş yüz) manat məbləğində əsas borc, 72.82 (yetmiş iki manat, səksən iki qəpik) manat məbləğində faiz borcu, 30.04 (otuz manat, dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 602.86 (altı yüz iki manat, səksən altı qəpik) manat təşkil edir. - xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, сavabdeh xx.xx.2022-ci il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyi habelə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 142.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit müqavilələri üzrə cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, məhkəmə işin hallarını nəzərə alaraq, 005A********** saylı müqaviləyə əsasən 100 manat məbləğində dəbbə, 005KK**********401 saylı müqaviləyə əsasən 10 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 005A********** saylı kredit müqaviləsi üzrə 14379.71 manat məbləğində kredit borcu, 1953.11 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16432.82 manat məbləğində borcun, 005KK**********401 saylı kart kredit müqaviləsi üzrə 500 manat kredit borcu, 72.82 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, cəmi 582.82 manat məbləğində borcun və tərəfindən ödənilmiş 141.05 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “AccessBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 005A********** saylı kredit müqaviləsi üzrə 14379.71 manat məbləğində əsas borc, 1953.11 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, 005KK**********401 saylı kredit müqaviləsi üzrə 500 manat əsas borcu, 72.82 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 17015.64 (on yeddi min on beş manat altmış dört qəpik) manat məbləğində borcun və 141.05 ( bir yüz qırx bir manat, beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “AccessBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar