Məhkəmə qərarları › İş №e-2(008)-1260/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1260/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1260/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində ailimentın və mediyasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından bir uşaqları doğulmuşdur - xx.xx.2011-ci il tarixdə X6. Sabunçu rayon Məhkəməsinin 2(008)-9263/2013 №-li xx.xx.2013-cü il tarixli qətnaməsilə cavabdehin qazancının 1/4 hissəsi miqdarda aliment tutulmuşdur. Halhazırda uşaq 12 yaşına çatmışdır, orta məktəbdə təhsil alır. Uşaqların bütün qayğısını, eyhtiyacını demək olar ki, iddiaçı çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdeh aliment təyin olunandan sonra cəmi bir il aliment ödəyib, 2016-cı ilə onun 2000 mantdan çox aliment borcu yığılmışdır. 2016-cı ildə iddiaçı həmin borcu tələb etməməyinə dair notarial qaydada ərizə vermiş və yığılmış borcu tələb etməmiş, lakin indi həmin ərizəsini ləğv etdirmişdir və alimentin artırılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, o, halhazırda səhhəti ilə əlaqədar işləmir, aliment ödəyə bilməyəcək, iddiaçı uşağının soyadının dəyişdirilməsinə onun razılığını istəmiş, o, da aliment tələb etmədiyi təqdirdə həmin razılığı vermiş, uşağın soyadı dəyişdirilmişdir, buna baxmayaraq iddiaçı alimentin artırılmasını tələb edir. Cavabdeh aliment təyin olunandan sonra cəmi bir il aliment ödədiyini, 2016-cı ilə onun 2000 mantdan çox aliment borcunun olduğunu, iddiaçının həmin borcu tələb etmədiyini təsdiq etdi, 150-170 manat məbləğində aliment ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin uşaqları X6 xx.xx.2011-ci il tarixdə doğulmuşdur (AZ-İİ seriyalı 731217 №-li doğum haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin 2(008)-9263/2013 №-li xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin aralarındakı nikah pozulmuş, X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər qazancının 1/4 hissəsi miqdarında aliment tutulmuşdur (hər iki tərəfin bildirdiyinə görə 100 manat məbləğində). Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 385 №-li sərəncamı əsasında X2 adının «Azad» adına, soyadının «Səlimov» soyadına dəyişdirilməsinə razılıq verilmişdir. Bundan sonra Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən «X7»nun adına AZ-İİİ seriyalı 829361 №-li yeni doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən də uşağın atasının Cavabdeh, anasının İddiaçı olduğu görünür. Elektron məhkəmə sistemində cavabdehin əmək müqaviləsi və əmlakı barədə məlumat aşkar edilmədi. Cavabdeh «sağ tərəfli qaşıq yırtığı» diaqnozu ilə xəstədir, barəsində «hernioplastika» əməliyyatı icra olunub (Azərbaycan Tibb universitetinin X4 tərfindən xx.xx.2023-cü il tarixdə verilmiş epikriz). Cavabdeh X3 ilə xx.xx.2019-cu il tarixdə nikahını bağlamışdır (AZ-İİ 316483 №-li nikah haqqında şəhadətnamə). Cavabdehin ikinci nikahından xx.xx.2019-cu il tarixində uşağı – X8 doğulmuşdur (AZ-İV 295696 №-li doğum haqqında şəhadətnamə). İddiaçı xx.xx.2013-cü il tarixdə imzasını notarial qaydada təsdiq etdirməklə cavabdehin ona qarşı iddiası olmadığı təqdirdə onun da ona qarşı heç bir iddiasının olmayacağını (aliment) bəyan etmiş, xx.xx.2023-cü il tarixdə yenə eyni qaydada həmin ərizəsindən imtina etmişdir. Hazırda iddiaçı alimentin 250 manat sabit pul məbləğində tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçının xeyrinə birinci dəfə cavabdehin əmək haqqının 1/4 hissəsi məbləğində aliment tutulmuş, hazırda iddiaçı sabit pul məbləğində alimentin tutulmasını istəyir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-9263/2013 №-li xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutulmuş 100 manat məbləğində alimenti (qazancın 1/4 hissəsi) cavabdeh yalnız bir il ərzində ödəmiş, yəni 9 ildir cavabdeh alient ödəmir. Aliment təyin olunan zaman iki yaşında olan uşaq artıq on iki yaşındadır, onun tələbatlarının artmasının sübuta yetirilməsinə zərurət yoxdur, çünki on iki yaşlı uşağın iki yaşlı uşağa nisbətdə tələbatlarının artası qeyd-şərtsizdir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. Cavabdeh bir uşağını o birindən ayırmamalı və hər ikisinə eyni qaydada maddi və mənəvi baxmalıdır. Cavabdeh xəstəliyini əsas gətirsə də, əmək qabilliyətinin olmaması barədə hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və onun günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. İddiaçı tərəfindən 2016-cı ildə notarial qaydada təsdiq edilmiş ərizənin verilməsini məhkəmə tərəflərin arasında aliment barədə saziş kimi qəbul etmir. Belə ki, iddiaçı həmin ərizədə gələcəkdə alimentin növünün dəyişdirilməsini tələb etməyəcəyini bəyan etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin ərizə imzalanan zaman cavabdehin iki min manatdan çox aliment borcu yığılmış və iddiaçı həmin borcu bu günədək tələb etməmişdir. Həmin ərizə əslində birtərəfli əqddir və həmin əqdin tək iştirakçısı olan iddiaçı əqdi ləğv etmişdir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Lakin, qeyd edildiyi kimi, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, iddiaçı isə 250 manat məbləğində alimentin tutulmasını istəyir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən uşağının saxlanılması üçün hər ay hər 235 manat məbləğində aliment müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Hazırki iddia birbaşa alimentin məbləğinin artırılması barədə olmasa da, mahiyyət etibarı ilə tələb etdiyi alimentin məbləği təyin edilmiş alimentin məbləğindən artıqdır. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı eyni zamanda mediyasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1008 manat təşkil edir (235 manat x 12 ay = 2820, 100 manat x 12 ay = 1200 manat, 2820 manat - 1200 manat = 1620 manat ), buna görə də nəzərdə tutulmuş dövlət rüsumu 36,2 manat təşkil edir. İddiaçı 50 manat mediyasiya xidməti haqqını ödədiyinə və həmin məbləğ 36,2 manatdan çox olduğuna görə cavabdehdən dövlət nəfinə rüsum tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində ailiment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq və mediyasiya xidməti haqqı kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar