Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-133/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə cavabdehlər tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia verərək 87258,44 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62,6 kv.m.olan qeyri-yaşayış sahəsində xüsusi lisenziya əsasında aptek təsərrüfat subyekti kimi fəaliyyət göstərir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aptekə satıçı vəzifəsinə işə qəbul etmiş, xx.xx.2022ci il tarixdən isə Cavabdeh2 əmək müqaviləsinə dəyişikliklər edilmiş və o, xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini direktor kimi davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və mühasib İ.N.Şipilovanın iştirakı ilə akt tərtib və təsdiq edilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə aptekdə olan tibbi preparatların faktiki mövcudluğu yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində aptekə 76437,21 manat məbləğində mal daxil olmuş, 12845,38 manat geri qaytarılma olmuşdur. Həmin dövrdə aptekdə 63591,73 manat məbləğində mal qalığının olduğu müəyyən olunmuş və malların saxlanılması direktor Cavabdeh2 həvalə edilmişdir. 2023-cü ilin sentyabr ayında aparılmış daxili araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) olmuş Cavabdeh2 və xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də satıçı vəzifəsində işləmiş Cavabdeh1 qabaqçadan əlbir olaraq, onlara olan etibardan və vəzifə səlahiyyətlərindən suiistifadə edərək aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmişlər. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən aptekdə malların dövriyyəsi və satışın nəticələrinə dair xx.xx.2023-cü il tarixli auditor rəyi tərtib edilmiş və həmin rəyə əsasən ümumilikdə 87258,44 manat kənarlaşma müəyyən edilmişdir. Kənarlaşmanın və nöqsanların müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktor Cavabdeh2 üzərində olmuşdur. Aparılan araşdırmaya mane olmaq və birgə törətdikləri cinayət əməllərini ört-basdır etmək məqsədi Cavabdeh2 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus olan asan imzadan sui-istifadə edərək aparılan auditin nəticəsini gözləmədən və təsisçinin qərarı olmadan özünü və baçısı Cavabdeh1 101 və 102 nömrəli əmrlər əsasında əmək müqavilələrinə AR ƏM-nin 68.2 “a” bəndinə əsasən xitam vermişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı iddia ərizəsində iddiasının, yəni vurulmuş ziyanın hüquqi əsasının “işçinin işəgötürənə vurduğu hüquqazidd təqsirli əməli”, yəni delikt kimi əsaslandırmış, iddia ərizəsinin 2-ci səhifəsinin 2-ci, 3-cü, 4-cü abzasında cavabdehin hüquqa zidd təqsirli əməlini “mənimsəmə cinayəti ilə” əsaslandırmışdır. Qeyd edilən hüquqi əsasla bağlı maddi hüquq norması olaraq Mülki Məcəllənin 21-ci maddəsi və 1096, 1097-ci maddələrinə (deliktə) istinad etmişdir. İddiaçı tərəf iddialarının əsası kimi istinad etdiyi hal və sübut olaraq yalnız xx.xx.2023-cü il tarixli Auidit rəyi və xx.xx.2022-ci il tarixli AKTa istinad etmişlər. Mülki iş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2023; xx.xx.2024; xx.xx.2024-cü il tarixlərdə keçirilmişdir. Göründüyü kimi, sonuncu məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixdə keçirilmiş, həmin tarix də daxil olmaqla ona qədər iddianın əsasını təsdiq edən hər hansı digər sübutu məhkəməyə təqdim etməmişlər. Aşağıda qeyd edilənlərə əsasən, iddia əsassızdır və rədd edilməlidir. Əvvəla hazırki iddianın əsası kimi iddiaçı cavabdehi mənimsəmə cinayətində ittiham edərək, guya cavabdehin mənimsəmə cinayəti törətməsi nəticəsində 87258 manat məbləğində ziyan vurması ilə əsaslandırmışdır. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin tələb etmə hüququnun yaranması dedikdə, qanunvericilik bunun iki formasını müəyyən etmişdir: 1) zərər ya tərəflər arasındakı müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində yarana bilər; ya da 2) qanunda müəyyən edilən hüquqazidd təqsirli əməllərin nəticəsində yarana bilər. (MM-nin 21.1 maddəsi: zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.) İddia əzrizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, hazırki tərəflər arasında 87258 manat məbləğində ziyanla bağlı tərəflər arasında hər hansı müqavilə mövcud deyil, hələ işçi ilə işəgötürən olaraq, iddiaçı və cavabdeh arasında maddi məsuliyyət haqqında müqavilə mövcud olmamışdır. Buna görə də, hazırki iddia üzrə zərərin əvəzinin tələb edilməsi üçün müqavilə şərti mövcud deyil. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı, əsaslandırıcı hissə 14-18 abzaslar) Zərərin əvəzinin tələb etmə hüququnun yaranmasının digər şərti qanundan irəli gələn şərtdir. Yəni deliktlərdir. Deliktə görə mülki hüquqi məsuliyyətin anlayışı və şərtləri, əsasları Mülki Məcəllənin 1096-cı maddəsində qeyd edilmişdir. Belə ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Deliktə görə (mülki hüquq pozuntusuna görə) məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Qanunun tələbindən göründüyü kimi, mülki qanunvericiliyin normalarını pozan əməli yalnız və yalnız təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı tərəf isə cavabdehi vurulmuş ziyana görə mənimsəmə cinayəti üzrə təqsirləndirməsi ilə iddiasını əsaslandırmışdır. Lakin, bununla bağlı cavabdehin müvafiq cinyət məcəlləsində təsbit edilmiş, (CM 178 və ya 179 maddə) hər hansı mənimsəmə cinayəti üzrə təqsirli hesab edilib məsuliyyətə cəlb edilməsinə dair müvafiq məhkəmə qərarını təqdim etməmişdir. Belə ki, belə bir qərar ümumiyyətlə həm də mövcud deyildir. İddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halı, yəni cavabdehin 87258,44 manat məbləğində vurulan ziyanla bağlı təqsirli əmələ görə məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən biri xx.xx.2022-ci il tarixli AKTdır. Bu AKTa görə, guya Cavabdeh2 63591 manatlıq mal həvalə edilmişdir. Belə ki, həmi AKT-da Cavabdeh2 imzasının qarşısındakı imza ona məxsus olmamışdır, bu fakt məhkəmə hazırlıq iclasında məhkəməyə bildirilmiş, sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, bu səbəbdən də sənəd məhkəmə tədqiqində mötəbər sübut kimi istifadə edilə bilməz. Digər tərəfdən, iddiaçının təqdim etdiyi Audit Rəyi qanunvericiliyin tələbinə tam zidd və yarımçıqdır. Audit Rəyində qeyd edilir ki, həmin audit daxili auditin nəticəsidir. (Rəyin 1-ci səhifəsi, 6-cı abzası). Belə ki, audit rəyi gəldiyi nəticəni ümumiyyətlə təsviri hissədə konkret olaraq hər hansı sənədlərlə əsaslandırmamış və təftiş etdiyi sənədlərə, rəqəmlərə istinad etməmiş, gəlinən nəticə ümumi fikirlərlə, hətta faktlar belə təhrif edilmiş, həqiqətə uyğun olmayan faktlar qeyd edilmişdir. Əvvəla, auditor qeyd edir ki, guya yoxladığı sənədlərə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən MMC-nin direktoru işləmişdir. Halbuki, iddiaçı tərəfin özünün iddia ərizəsinə əlavə etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilə Çıxarışdan görünür ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi kimi xx.xx.2022-ci ildə deyil, xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Həmçinin elə iddiaçının təqdim etdiyi Əmək Müqaviləsindən və sonuncu xx.xx.2022-ci il tarixli Əmək müqaviləsi bildirişindən də görünür ki, Cavabdeh2 yalnız satıcı kimi əmək müqaviləsinin bağlanması haqqında bildiriş mövcuddur. Bundan başqa, auditor rəyində qeyd etmişdir ki, cavabdehin işlədiyi naxış farm aptekində guya satış üçün “Loqix” sistemindən istifadə edilir. Lakin bununla bağlı heç bir əlavə sənədlər və materiallar əlavə olumamışdır. Çünki aptekdə loqix sistemindən deyil “RAM” proqramından istifadə edilmişdir. Ümumiyyətlə, audit istinad etdiyi halları dəqiq və konkret göstərməmiş, ümumi sözlərlə əsaslandırmışdır. Həmçinin audit rəyinin nəticə hissəsində 87258,44 manat məbləğində kənarlaşma və mənimsəmənin məhz Cavabdeh2 tərəfindən törədildiyini də qeyd etməmişdir. Rəyin nəticə hissəsində 87258,44 manat kənarlaşmanın olduğu dövrdə guya maddi-məsul şəxs Cavabdeh2 olmasını qeyd etsə də, Cavabdeh2 maddi məsuliyyət öhdəliyini daşımasına dair hər hansı sənədə istinad etməmiş və bu faktı necə müəyyən etdiyini ümumiyyətlə əsaslandırmamışdır. Beləliklə, “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. Qeyd edilən Rəy, Auditorlar Palatası tərəfindən təsdiq edilən və Ədliyyə Nazirliyində qeydə alınan “Auditorun yekun sənədləri” haqqında qaydalara ziddir. Belə ki, audit rəyi auditin aparılmasının yekun sənədlərindən biridir. Və həmin qaydalara görə yekun sənədə, yəni rəyə əlavə edilməli sənədlər olmalıdır. Lakin, hazırki audit yoxlamasının yekun nıticəsi olan rəyin əlavə sənədləri, istinad edilən hallar və faktlar nəyinki mövcud deyil, hətta rəydə belə sənədlərə də istinad edilməmişdir. (Auditorun yekun sənədləri haqqında Qayda Çıxarış: ) Ümumi müddəalar 1. Bu standartın məqsədi - auditin rəsmiləşdirilməsi üçün lazım olan yekun sənədlərin mahiyyətini, məzmununu və formasını, onların tərtib və tətbiq olunması, saxlanılması qaydalarını müəyyən etməkdir. 2. Yekun sənədləri yoxlama nəticəsində auditorun hazırladığı, sifarişçiyə təqdim etdiyi və özündə saxladığı audit aktından, auditor rəyindən və yekun sənədlərə əlavələrdən ibarətdir. 3. Audit aktı və auditor rəyi yekun sənədlərini məcburi tərkib hissəsidir. Digər yekun sənədlərinin tərtib və tətbiq edilməsinin, onların saxlanılmasının ümumi qaydaları bu standartla müəyyən edilir. Yekun sənədlərinin mahiyyəti və məzmunu 4. Yekun sənədləri yoxlama nəticəsində auditorun müəyyən etdiyi əhəmiyyətli və lazımlı faktları, nöqsan, çatışmazlıq və pozuntuları, onların aradan qaldırılmasına dair təklifləri və gəldiyi nəticələri qeyd etdiyi sənədlərdir. 5. Yekun sənədləri auditorun əhəmiyyətli və lazımlı hesab etdiyi faktları və öz rəyində göstərdiyi son nəticələri əsaslandıran bütün məlumatları əks etdirməlidirlər. 6. Auditor yekun sənədləri sifarişçinin maliyyə sənədlərinin hər hissəsi və ya onun əvəzi kimi qəbul edilə bilməz. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materillarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" MMC xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə (VÖEN) dövlət qeydiyyatına alınmışdır, qeydiyyat alınan zaman qanuni təmsilçisi X8 olmuşdur. "xxxx" MMC İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İN/L- 422/2021 №-li xüsusi lisenziya əsasında dərman vasitələrinin pərakəndə satışı fəaliyyəti ilə məşğul olur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə satıcı vəzifəsinə işə qəbul olunmuşlar (əmək müqavilələri). Hər iki əmək müqaviləsi işəgötürən - müəssisənin direktoru X9 ilə işçilər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış və onlar tərəfindən imzalanmışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dair iki dəfə «Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi» qeydiyyata alınmışdır: xx.xx.2022-ci il tarixli Bildirişə əsasən Cavabdeh2 vəzifəsi «satıcı», əmək haqqı 300 manat, xx.xx.2022-ci il tarixli Bildirişə əsasən Cavabdeh2 vəzifəsi «satıcı», əmək haqqı 400 manat qeyd olunmuşdur. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 MMCnin direktoru vəzifəsinə təyin edilmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MMC-nin adıçəkilən xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MMC-nin direktoru olmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli əmək müqaviləsi təqdim olunmuşdur. Həmin müqavilə işəgötürən - direktor Cavabdeh2 ilə işçi Cavabdeh2 arasında bağlanmış, müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmasına baxmayaraq işçinin xx.xx.2022-ci il tarixdən işə başladığı müqavilənin 2.4-cü bəndində, işçinin iş ilinin xx.xx.2022 - xx.xx.2023 olduğu müqavilənin 4.26-cı bəndində qeyd edilmişdir. Qeyd olunduğu kimi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli «Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi»nə əsasən «satıcı» kimi göstərilmiş, lakin həmin tarixdən əvvəl adlıçəkilən xx.xx.2022-ci il tarixdə işəgötürən - direktor Cavabdeh2 ilə işçi Cavabdeh2 arasında əmək müqaviləsi imzalanmışdır. Cavabdeh2 direktor vəzifəsində işləməsinə dair elektron informasiya sistemində qeydiyyata alınmış «Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi» mövcud deyil. xx.xx.2022-ci il tarixdə direktor Cavabdeh2 və mühasib İ.N.Şipilovanın iştirakı ilə akt tərtib və təsdiq edilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə aptekdə olan tibbi preparatların faktiki mövcudluğu yoxlanılmış, yoxlama nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində aptekə 76437,21 manat məbləğində mal daxil olmuş, 12845,38 manat geri qaytarılma olmuşdur. Həmin dövrdə aptekdə 63591,73 manat məbləğində mal qalığının olduğu müəyyən olunmuş və malların saxlanılması direktor Cavabdeh2 həvalə edilmişdir. Həmin Aktda Cavabdeh2 və İ.N.Şipilovanın imzalarından sonra, «Aktı tərtib etdi: direktor Cavabdeh2» və Cavabdeh2 imzası əlavə edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən xx.xx.2023-cü il tarixli «Aptekdə malların dövriyyəsi və satışın nəticələrinə dair auditor rəyi» məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən aşağıdakılar müəyyən olunmuşdur. "xxxx" MMC-nin ümumi elektron qaimə ilə rəsmi firmalardan alınan mallar və satış üzrə kassa çeklərinin təhlili nəticəsində mal çatışmamazlığı 17122,20 manat, naqd pul çatışmamazlığı 10087,83 manat, təsisçi tərəfindən satılmış mala görə qarşı tərəfin ödənilməmiş kreditor borcu üzrə 24936 manat borcun ödənilməsi, qeyd olunan mallar arasında yararlıq müddəti başa çatmış 6177,57 manat, müddətin başa çatmasına az vaxt qalan geri qaytarılması mümkün olmayan 9027,77 manat mal qalığı, istifadəyə yararlı 20065,09 manat mal qalığı, 11674,71 manat kompyuter sistemi ilə faktiki təqdim olunan PDF siyahı üzrə çatışmayan mal qalığı və 8232,36 manat çatışmayan mallar nəzərə alınmaqla 87258,44 manat kənarlaşma müəyyən olunmuş, kənarlaşmanın və nöqsanlann müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktoru vəzifəsində çalışan Cavabdeh2 üzərində olmuş, vaxtı keçmiş malların vitrində satışda olması faktı və digər qeyri-qanuni naqd şəkildə malların alqı-satqı faktı müəyyən olunmuşdur. Audit rəyində eyni zamanda aparılmış auditin müsbət rəyin bildirilməsi üçün kifayət qədər əsas verməməsi qeyd edilmiş və müəyyən olunmuş 87258,44 manat kənarlaşmanın və digər faktların araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunması tövsiyyə edilmişdir. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 Naxış Farm MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir Cavabdeh2 tərəfindən direktor olaraq imzalanmış 20 sentyabr 2023-cü il tarixli 101 nömrəli əmrdən görünür ki, aptek bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh1 ilə Naxış Farm MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh2 tərəfindən direktor olaraq imzalanmış 20 sentyabr 2023-cü il tarixli 102 nömrəli əmrdən görünür ki, aptek bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh2 ilə Naxış Farm MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Məşğulluq altsistemində (ƏMAS) Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmrin və Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 986/2024 №-li qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmri və Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3753/2024 №-li qətnaməsi ilə dəyişdirilmədən saxlınılmış, sonuncu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 4037/2024 №-li qərarı ilə dəyişdirilmədən saxlınılmışdır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3753/2024 №-li qətnaməsində əks olunan aşağıdakı abzasları göstərməyi zəruri hesab edir: «"xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aptekdə satıcı vəzifəsinə işə qəbul etmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh2 əmək müqaviləsinə dəyişikliklər edilərək onun "xxxx" MMC-də əmək fəaliyyətinin direktor olması qeyd edilmişdir. Əmək müqaviləsinə dəyişikliklər edilməsi Əmək və Məşğulluq altsistemində (ƏMAS)da yerləşdirilməsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmişdir.»; «Cavabdeh2 apellyasiya şikayətinin məhkəmə tərəfindən mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmrin aid olduğu xxxxxxx000100 nömrəli əmək müqaviləsi üzrə Cavabdeh2 satıcı kimi qeydə alınmasını, direktor olmadığını araşdırmamasına dair dəlili ilə bağı qeyd edir ki, iddiaçı "xxxx" MMC 11,05.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla satıçı vəzifəsinə işə qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə dəyişikliklər edilməsi nəticəsində xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini "xxxx" MMC-nin direktoru kimi davam etdirdiyi üçün o, MMC-də artıq satıcı vəzifəsində işləmədiyinə görə həmin vəzifədən də işdən çıxarıla bilməzdi. Cavabdeh2 özünün satıcı kimi əmək müqaviləsinə xitam verilməsinə dair “102” saylı əmri verərək əmri "xxxx" MMC-nin direktoru kimi imzalaması, onun əmr verilən tarixdə hansı vəzifədə işləməsini təsdiq edir.» «İşin mübahisəsiz hallarından biri də, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi zamanı onun, “Naxış Farm" MMC-nin direktoru vəzifəsində işləsə də özünün əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmasıdır. Buna görə də məhkəmə kollegiyası, cavabdeh V.X6 qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından və direktor olduğu halda əmrdə özünü satıcı kimi işdən azad etməsinə dair xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin etibarsız hesab edilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır.». Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçının mövqeyi ondan ibarətdir ki, Cavabdeh2 direktor olmaqla maddi məsul şəxs olmuş, o, bacısı Cavabdeh1 ilə qabaqçadan əlbir olaraq, onlara olan etibardan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmişlər. Buna dair məhkəmə qeyd etmək istəyir ki, əvvəla Cavabdeh2 direktor vəzifəsinə təyin edlilməsi barədə əmək müqaviləsi qüvvəyə minməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan (münasibətlər yaranmış zaman) 49-cu maddəsinə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. 7-ci maddəsinin 2-1-ci hissəsiyz əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Beləliklə, Əmək Məcəlləsinə əsasən yalnız iki halda əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması tələb olunmur:
1. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi;
2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə bağlanmış əmək müqavilələri. Qeyd olunduğu kimi, iddiaçı MMC xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi kimi X8 qeyd olunmuş və həmin qeydiyyat zamanı X8 ilə bağlanmış əmək müqaviləsi MMC-nin dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minmişdir. Cavabdeh2 MMC-nin qərarı əsasında X1 təyin edilmiş, həmin zaman MMC artıq dövlət qeydiyyatında olmuş və onunla bağlanmış müqavilə bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması birbaşa qanunun tələbi olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki Cavabdeh2 direktor təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmamış, həmin müqavilə qüvvəyə minməmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3753/2024 №-li qətnaməsində əks olunan abzaslarla əlaqədar aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində miibahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsinin yolverilməzliyi qərara alınmışdır. Həmin Qərardan aşağıdakılar görünür. «…. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, işə baxan məhkəmələr tərəfindən Cavabdeh2 direktor vəzifəsində işləməyi işin faktiki halı kimi göstərilmiş, həmin halın hüquqi əsasları Əmək Məcəlləsinin 12, 49-cu maddələrinin prizmasından qiymətləndirilməmiş, Konstitusiya Məhkəməsinin mövqeyinə görə o hal preyudisial qüvvəyə malik deyil. Bununla yanaşı, məhkəmə qeyd etmək istəyir ki, hətta adıçəkilən müqavilə qüvvəyə minmiş olsaydı belə, tək o müqavilənin mövcudluğu Cavabdeh2 qarşı irəli sürülmüş iddia üçün yetərli və əsaslı ola bilməzdi. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin «a» və «c» bəndlərin əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda tam həcmdə maddi məsuliyyət daşıyır. 200-ci maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır, işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakı hüquqi mövqeyi ifadə edilmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. ……Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir).» Beləliklə, sadalanan qanun normalarından, Konstitusiya Məhkəməsinin mövqeyindən göründüyü kimi, ziyana görə maddi məsuliyyəti yaranması üçün üç hal mövcud olmalıdır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məhkəmə hesab edir ki, qeyd olunan halların yalnız biri mövcuddur - ziyanın həqiqətən vurulduğunun aşkar olunduğu (auditor rəyi). Lakin, məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən bu ziyanın yaranmasında təqsirkarların cavabdehlər olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hətta cavabdehlərlə tam maddi məsuliyyət barədə müqavilə bağlanılmamış olsaydı belə, həmin müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmazdır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin, cavabdehlərlə ümumiyyətlə tam maddi məsuliyyət barədə müqvilə bağlanılmamış, cavabdehlərin qabaqçadan əlbir olaraq, onlara olan etibardan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmələrinə, cavabdehlərə edilən etibarın və vəzifə səlahiyyətlərinin nədən ibarət olmasına dair sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı MMC aşkar edilmiş çatışmamazlıqlarala əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, cavabdehlər barədə şikayət ərizələri verməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Audit rəyində aparılmış auditin müsbət rəyin bildirilməsi üçün kifayət qədər əsas verməməsi qeyd edilmiş və müəyyən olunmuş 87258,44 manat kənarlaşmanın və digər faktların araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli Akta dair (ekspertiza tədqiqatının obyekti) məhkəmə aşağıdakıları qeyd etmək istəyir. Əvvəla, 63591,73 manat məbləğində mal qalığınııın Cavabdeh2 həvalə edilməsi və hazırda 87258,44 manat məbləğində çatışmamazlığın olması hələ Cavabdeh2 buna görə maddi məsuliyyətə cəlb edilməsi üçün tək əsas deyil (sadalanan qanun normaları, Konstitusiya Məhkəməsinin mövqeyi). Bundan başqa, ekspert rəyinə əsasən imzaların Cavabdeh2 tərəfindən birbaşa qələmlə icra edilməsi müəyyən edilsə də, həmin aktın üzərində olan “Akt” sözü ilə başlayıb “İ.N.Sipilova” sözü ilə bitən mətn vərəqin yuxarı hissəsinə əlavə edilməsi, yəni həmin mətn vərəqin aşağı hissəsindəki digər mətn ilə bir dəfəyə çap edilməməsi artıq həmin aktı şübhə altına alır. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdehlərdən bununla bağlı yazılı izahatlar tələb etməmiş və almamış, eləcə də dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni araşdırmamışdır. Bunda başqa iddiaçı iddiasında Cavabdeh1 cavabdeh qismində göstərməklə qeyd olunan pul məbləğini digər Cavabdeh2 ilə yanaşı ondan tələb etsə də, məhkəmə iclasında iddiaçı tərəf Cavabdeh1 tərəfindən qeyd olunan pul məbləğinin mənimsənilməsi barədə hər hansı bir fikir bildirməmiş və subut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı iddia da rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda ekspertizanın dəyəri 224 manatın yarısı iddiaçıdan, yarısı cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. Ekspertizanın dəyəri olan 224 manatın 112 manatı iddiaçıdan, 112 manatı isə cavabdehlərdən tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova