Məhkəmə qərarları › İş №e-2(008)-135/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-135/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-135/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 12658,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 5657,45 manat pulun və 145 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 18461,25 manat pulun cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X2 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı abonent bazasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh istehlakçı kimi qeydiyyata alınmış və həmin ünvan iddiaçı tərəfindən təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana **********20000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 mexanika **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında:

1. xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 147,60 manat;

2. xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 64,80 manat;

3. xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 165,60 manat;

4. xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat;

5. xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat;

6. xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat;

7. xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 98,40 manat;

8. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat;

9. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat;

10. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 725,76 manat;

11. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat;

12. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat;

13. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat;

14. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat;

15. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat olmaqla, ümumilikdə 12658,80 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Əlavə olaraq bildiririk ki, cavabdehin sayğac vasitəsilə istifadə edilmiş qaz sərfiyyatına görə 5657,45 manat debitor borcu yaranmışdır. Hazırda iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə və debitor borc) ümumi olaraq 18316,25 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, ilk akt xx.xx.2019-cu ildə tərtib edilmişdir. Ekspert rəyləri digər sübutlarla yanaşı qiymətləmdirilməldir. Aşkar edilən kimi kənar xətti ləğv edilmişdir. Debitor borc 2020- 2023-cü illəri əhatə edir. 3 il ərzində heç bir ödəniş edilməmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, 2019-cu ildən 2023-cü ilədək aktlar tərtib edilmiş, Sonuncu 8 akt tərtib edilərkən inzibati xəta haqqında protokol tərtib edilməlidir. Həmin evdə yaşayış var, lakin daimi deyildir. Qoşulma ümumiyyətlə yoxdur, ona görə iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********20000 abonent kodu üzrə istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - xx.xx.2020-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********20000 abonent kodu olan Cavabdeh adına 2019-cu ilin may ayı üzrə 147,60 manat, 2019-cu ilin iyul ayı üzrə 64,80 manat, 2019-cu ilin noyabr ayı üzrə 165,60 manat, 2019-cu ilin dekabr ayı üzrə 252 manat, 2020-ci ilin yanvar ayı üzrə 252 manat, 2020-ci ilin fevral ayı üzrə 252 manat, 2020-ci ilin mart ayı üzrə 98,40 manat, 2023-cü ilin fevral ayı üzrə 8812,80 manat, 2023-cü ilin mart ayı üzrə 734,40 manat, 2023-cü ilin may ayı üzrə 725,76 manat, 2023-cü ilin iyun ayı üzrə 362,88 manat, 2023-cü ilin iyul ayı üzrə 181,44 manat, 2023-cü ilin avqust ayı üzrə 181,44 manat, 2023-cü ilin sentyabr ayı üzrə 181,44 manat, 2023-cü ilin oktyabr ayı üzrə 246,24 manat qalıq və aktlara görə borcu mövcuddur. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-3/1407 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Məhkəmə ilk öncə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə borcu 5657,45 manat təşkil edir və həmin məbləği iddiaçıya ödəməlidir. Məhkəmə xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 147,60 manat, xx.xx.2019cu il tarixli ******* nömrəli akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 98,40 manat, cəmi 1232,40 manat məbləğində zərərin ödənilməsi hissəsinə dair münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən, dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd edir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, qanunsuz qoşulmanın aşkar olunma faktına görə ilk tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə borc istisna olmaqla qalan aktlar üzrə borc cavabdehdən tutulmamalıdır. Yəni aktlar üzrə hesablanmış cəmi 12658,80 manat borcdan yalnız birinci akt üzrə hesablanmış 147,60 manat borc "Azəriqaz" İB-nin xeyrinə Cavabdeh tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 725,76 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat, cəmi 11063,52 manat məbləğində zərərin ödənilməsi hissəsinə dair münasibət bildirərək aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 144,95 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 18316,25 manat məbləğində iddianın 5805,05 (5657,45 manat debitor borc + 147,60 ilk akt üzrə borc) manat hissəsi (31,69 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 31,69 faizi, yəni 45,93 manat iddiaçıya aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınmalı. Bundan başqa ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmətrasoloji ekspertiza nəticəsində aparılmış tədqiqatın qiyməti 110 manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "Azəriqaz" İB-yə vurulmuş 147,60 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə hesablanmış 5805,05 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 45,93 manat hissəsi, ümumilikdə 5850,98 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 110 manat "Azəriqaz" İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar