Məhkəmə qərarları › İş №e-2(008)-1365/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1365/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1365/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçın Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsə dəymiş 6354 manat məbləğində maddi ziyanın, 83 manat 54 qəpik məbləğində dövlət rüsumu, 40 qəpik xidmət haqqı, ümumilikdə 6437,94 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçın hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci ildə 16:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən "Bakı Nəqliyyat Agentliyi"nə məxsus avtoparkına qanunsuz daxil olaraq oradan 3 ədəd A tipli işıqfor dirəklərini gizli olaraq talayıb, "Bakı Nəqliyyat Agentliyi"nə ümumilikdə 6354 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci ildə 14:00 radələridə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən "Bakı Nəqliyyat Agentliyi"nə məxsus avtoparkına qanunsuz daxil olaraq oradan 3 ədəd ümumi dəyəri 6354 manat təşkil edən A tipli işıqfor dirəklərini gizli olaraq talamaq istəsə də, öz iradəsindən asılı olmayan səbəblərə görə həmin yerdə ərazidə xidmət aparan mühafizəçi X1 tərəfindən saxlanıldığından, cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. İbtidai istintaq zamanı Cavabdeh digər zərərçəkmiş şəxslərə münasibətdə də oğurluq cinayətlərini etməsi sübuta yetirilmişdir. Hadisə nəticəsində "Bakı Nəqliyyat Agentliyi"nə A tipli işıqfor dirəyinin hər birinin qiyməti 2118 manat olmaqla ümumilikdə 6354 manat maddi zərər dəymişdir. Məhkəmə prosesi zamanı cavabdeh etdiyi cinayət əməllərini etiraf edərək vurduğu maddi ziyanı ödəmədiyini bildirmişdir. Cavabdeh törətdiyi həmin cinayət əməlləri ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.2, 177.2.3, 29, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, o qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Xəzər Rayon Məhkəməsinin 1(003)-586/2022 nömrəli xx.xx.2022-cü il tarixli hökmü ilə həmin maddələr üzrə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət hadisəsi nəticəsində Agentliyə dəymiş 6354 manat maddi ziyan barədə fakt Xəzər Rayon Məhkəməsinin 1(003)-586/2022 nömrəli xx.xx.2022-cü il tarixli hökmündə öz əksini tapmışdır və Agentlik zərər çəkmiş şəxs qismində tanınmışdır. Agentliyə dəymiş maddi ziyan ödənilməmişdir. "Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanına əsasən "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs İddiaçınə qoşulmaqla Agentlik yenidən təşkil edilmişdir. Qeyd edilən Fərmana əsasən Agentlik halhazırda fəaliyyətini dayandırmış BNA-nin hüquqi varisidir. Həmin Fərmanın 3-cü hissəsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin balansındakı əmlak AYNA-nın balansına verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıdan 3 işıqfor oğurlamışdır, növbəti dəfə də 3 işıqfor oğurlayarkən polis tərəfindən tuutlmuşdur. İddiaçıya 6354 manat məbləğində ziyan vurmuşdur. Dəyən ziyan məhkəmənin hökmü ilə təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə nəqliyyat idarəsinin hüquq və vəzifələri onlara keçmişdir, ona görə də tələbetmə hüquqları vardır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-586/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, iş üzrə maddi sübut olan 03 (üç) ədəd A tipli işıqforun zərər çəkmiş hüquqi şəxs "Bakı Nəqliyyat Agentliyi"nə qaytarılması nəzərə alınmış, mülki iddiaçı öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən,iş üzrə mülki iddia baxılmamış saxlanılmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh xx.xx.2022-ci ildə 16:00 radələridə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən "Bakı Nəqliyyat Agentliyi"nə məxsus avtoparkına qanunsuz daxil olaraq oradan 3 ədəd ümumi dəyəri 6354 manat təşkil edən A tipli svetofor dirəklərini, gizli olaraq talayıb zərərçəkmiş şəxs hüquqi şəxs "Bakı Nəqliyyat Agentliyi"nə ümumilikdə 6354 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin təqsirli olaraq qanunazidd hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurması, vurulmuş maddi ziyanın məbləği iş üzrə təqdim edilmiş hökmlə təsdiq olunur. Həmçinin iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, Cavabdeh 6354 manat məbləğində maddi ziyan, 83 manat 54 qəpik məbləğində dövlət rüsumu, 40 qəpik xidmət haqqı, ümumilikdə 6437,94 manat məbləğində pul tutularaq "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş 6354 (altı min üç yüz əlli dörd) manat məbləğində maddi ziyanın, 83 (səksən üç) manat 54 (əlli dörd) qəpik məbləğində dövlət rüsumu, 40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə 6437 (altı min dörd yüz otuz yeddi) manat 94 (doxsan dörd) qəpik məbləğində pul tutularaq İddiaçın hesabına ("xxxx" MMC PF1, kodu 691011, VÖEN **********, M/H AZ76NABZ********************, SWİFT AZPOAZ22, alan müştəri: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs, hesab nömrəsi AZ28AZPO******************** VÖEN **********) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar