Məhkəmə qərarları › İş №e-2(008)-1399/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1399/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1399/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rüstəmli (Bayramlı) Coşqun Etibar oğlundan 5000 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsi ərazisində yol ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh Rüstəmli (Bayramlı) Coşqun Etibar oğlunun idarə etdiyi “Mercedes Benz E270 CDİ” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil, Osmanlı Elnur Vəkil oğlunun idarə etdiyi “Toyota Land-Cruiser Prado” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Nizami rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Rüstəmli (Bayramlı) X1 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Qüsur aktında göstərilmişdir ki, “Toyota Land-Cruiser Prado” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8025 manat zərər dəymişdir. xx.xx.2020-ci il tarixli, ödəniş sənədinə əsasən, 5000 manat iddiaçı tərəfindən Osmanlı Elnur Vəkil oğlunun bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən iş üzrə PXA65861 nömrəli sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə üzrə cavabdehə nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə subroqasiya hüquqlarının yaranması barədə ilkin bildiriş göndərilmiş lakin borclu tələb olunan məbləği ödəməkdən yayınmışdır. "xxxx" ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də, məhkəmə iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6ci maddələrinin tələblərinə əsasən, işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Bayramlı (Rüstəmli) Coşqun Etibar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə olunan Qüsur aktından görünür ki, “Toyota Land-Cruiser Prado”markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 8025 (səkkiz min iyirmi beş) manat təşkil edir. İş materiallarına əsasən "xxxx" ASC tərəfindən iş üzrə PXA65861 nömrəli sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Rüstəmli (Bayramlı) Coşqun Etibar oğlunun idarə etdiyi “Mercedes Benz E270 CDİ” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil, Osmanlı Elnur Vəkil oğlunun idarə etdiyi “Toyota Land-Cruiser Prado” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi ziyan dəydiyini, “Mercedes Benz E270 CDİ” markalı avtomobilin PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən icbari sığorta növündə "xxxx" ASC-də sığortalandığını və “Toyota Land-Cruiser Prado” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyan məbləği olan 5000 manat pulun PXA65861 nömrəli sığorta aktına əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Osmanlı Elnur Vəkil oğluna ödənildiyidən həmin məbləğin “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Ödənilmiş 5000 manat pulun subroqasiya qaydasında nəqliyyat vasitəsini idarə etməyə hüququ olmaması əsası ilə Cavabdeh tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman DYP-nin əməkdaşları tərəfindən TP3890151 nömrəli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilərək, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli protokoldan və Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatlar barədə Arayışdan görünür ki, Coşqun Bayramlı nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Məhkəmə hesab edir ki, “Xalq Sığorta “ASC nəqliyyat vasitəsini hüququ olmayan şəxs tərəfindən idarə olunması əsası ilə, ödənilmiş 5000 manat sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh tutularaq, ona ödənilməsi barədə tələbi qanuni və əsaslı deyildir. Belə ki, "xxxx" ASC qanuni əsas kimi “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir. Həmin maddədə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə olunması nəticəsində yol nəqliyyat hadisəsi törədildiyini və "xxxx" ASC-nin subroqasiya hüququnun yaranmasına istinad etməsi əsasını məhkəmə qanuni hesab etmir. Belə ki, nəqliyyat vasitəsini hüququ olmayan şəxs tərəfindən idarə edilməsi dedikdə, nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxs tərəfindən idarə edilməsi başa düşülür. Məhkəmə təcrübəsinin vahidliyinin formalaşdırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən, “Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı ilə idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. “İcbari sığorta haqqında” Qanunun: 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. 63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. 63.4. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Qanunun 32.1.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ yaranmır. 63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Rüstəmli (Bayramlı) Coşqun Etibar oğlu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir, həmçinin subroqasiya qaydasında hüququn yaranması üçün “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinə əsasən "xxxx" ASC-nin ona qarşı subroqasiya hüququ yaranmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Rüstəmli (Bayramlı) Coşqun Etibar oğluna qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar