Məhkəmə qərarları › İş №e-2(008)-1402/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1402/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1402/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi (atası) X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12510,82 manat məbləğində əsas borcun, 1964,1 manat məbləğində faiz borcunun, 350,64 manat cərimə borcunun, cəmi 14825,56 manat borcun və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehin nümayəndəsi (atası) X4 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixədək 5034,91 manat, o cümlədən 2489,18 manat əsas borc, 2235,49 manat faiz borcu, 310,24 manat cərimə borcu ödəmişdir. Hazırda cavabdehin ailə və maddi vəziyyətinin şəraiti əhəmiyyətli dərəcədə dəyişmiş, belə ki onun üçüncü uşağı dünyaya gəlmiş, iki uşağının xəstəliyi ilə əlaqədar özü pensiyaya çıxmışdır, 509 manat məbləğində pensiya alır. Odur ki, tərəfindən ödənilmiş 2489,18 manat əsas borc, 2235,49 manat faiz borcu, 310,24 manat cərimə borcu əsas borcun ödənilməsinə sayılsın və qalıq borc 9065 manat sayılsın, cavabdehin icra qabiliyyətinə uyğun olaraq aylıq ödənişləri 150 manatdan çox olmamaq şərti ilə, bank yeni cədvəl təqdim etsin. İddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (atası) X4 etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bank ilə cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Bank tərəfindəən cavabdehə 36 ay müddətinə, illik 22% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka olan borcu 12510,82 manat məbləğində əsas borc, 1964,1 manat məbləğində faiz borcu, 350,64 manat cərimə borcu təşkil edir. Hesabdan Çıxarışdan görünür ki, cavabdeh tərəfindən göstərilən məbləğdən əlavə ödəniş edilməmişdir. Bank tərəfindən cavabdehə kredit müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alınmış və münasibət bildirilməmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas və yaiz borcunun tutulması hissəsində təmin edilməli, yəni 12510,82 manat məbləğində əsas borc və 1964,1 manat məbləğində faiz borcu tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia cərimə borcunun tutulması hissəsində qismən təmin edilməklə, 35 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı eyni zamanda kredit məqaviləsinin ləğv edilməsini də istəyir. Məhkəmə hesab edir ki, müqavilə ləğv edilməlidir. Belə ki, həmin Məcəllənin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edildiy kimi, Bank tərəfindən cavabdehə kredit müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alınmış və münasibət bildirilməmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə aşağıdakılara əsasən etirazın əsaslarını qanıni hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Cavabdeh müqaviləni bağlayan zaman iki uşağının xəstə olduğunu, dünyaya üçüncü uşağın gələ biləcəyinin ehtimalını bilirdi. Odur ki, cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 12510,82 manat məbləğində əsas borc, 1964,1 manat məbləğində faiz borcu, 35 manat cərimə borcu, cəmi 14509,92 manat borc və 135 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12510,82 manat məbləğində əsas borc, 1964,1 manat məbləğində faiz borcu, 35 manat cərimə borcu, cəmi 14509,92 manat borc və 135 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar