Məhkəmə qərarları › İş №e-2(008)-1404/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1404/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1404/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı iddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 22022017/103353 nömrəli kredit müqaviləsi üzrə cəmi 2149,30 ABŞ dolları məbləğində kredit borcun, bundan 1701,23 ABŞ dolları əsas, 361,19 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 86,88 ABŞ dolları faiz borcunun və ödənilmiş 56,54 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə (ləğv prosesindədir) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22022017/103353 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 10% dərəcəsi ilə 4486 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli 22022017/103353 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdehin xx.xx.2017-ci il tarixli 22022017/103353 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü ilə banka ödənilməmiş cəmi 2149,30 ABŞ dolları məbləğində borcu vardır. Bundan 1701,23 ABŞ dolları əsas, 361,19 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 86,88 ABŞ dolları faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi və xx.xx.2023-cü il tarixli **********680 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci ildə banka 300 manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" ASC (ləğv prosesindədir) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 60 müddətinə illik 10% dərəcəsi ilə 4486 ABŞ dolları məbləğində kredit verilmişdir. - "xxxx" ASC (ləğv prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22022017/103353 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - "xxxx" ASC (ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22022017/103353 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 1701,23 ABŞ dolları əsas, 361,19 ABŞ dolları faiz əsas borca illik 5%-lə hesablanmış 86,88 ABŞ dolları faiz olmaqla, ümumilikdə 2149,30 ABŞ dolları məbləğində borcu mövcuddur. - "xxxx" ASC (ləğv prosesindədir) tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023cü il tarixli **********680 nömrəli "Bildiriş"dən görünür ki, cavabdehlərə borcunu tam ödəməyi barədə təklif olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh3 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz borcu məbləği hissəsində əsaslıdır. Həmçinin, iddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 361,19 ABŞ dolları məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2022-ci ildə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 361,19 ABŞ dolları məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının digər cavabdehlərə qarşı olan tələbinə dair münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalı ona aid hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrində göstərilmişdir ki, zaminlik müqaviləsi borcalan tərəfindən kredit müqaviləsinin bütün şərtləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. "Zaminlik müqaviləsi kredit müqaviləsinin bütün şərtləri tam yerinə yetirilənədək qüvvədədir" ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Buna görə də tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla kredit götürən arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 60 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinə qədər qaytarmalıdır. Buna görə də iddiaçı zaminə qarşı xx.xx.2023cü ilədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqavilələrinə xitam verilmiş hesab edilir və buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.1-ci maddəsinə görə, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; - 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; - 284-5.3-cü maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə 56,54 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 1701 (min yeddi yüz bir) ABŞ dolları 23 (iyirmi üç) sent əsas, 361 (üç yüz altmış bir) ABŞ dolları 19 (on doqquz) sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 86 (səksən altı) ABŞ dolları 88 (səksən səkkiz) sent faiz, cəmi 2149 (iki min yüz qırx doqquz) ABŞ dolları 30 (otuz) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə) və 56 (əlli altı) manat 54 (əlli dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə (ləğv prosesindədir) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar