Məhkəmə qərarları › İş №e-2(008)-146/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-146/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-146/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc kimi verdiyim 150.000 (yüz əlli min) manat pulun və dövlət rüsumu kimi ödədiyim 440 (dörd yüz qırx) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında “İnstaqram” sosial şəbəkəsində tanış olduğu və sonradan onunla dostluq etməyə başlayan Cavabdeh 2021-ci ilin oktyabr ayında atasının ağır xəstə olduğunu, onun müalicəsi üçün tələb olunan 2000 manat puldan 1500 manatını tapıb düzəltdiyini, qalan 500 (beş yüz) manatı qısa müddətdə tapa bilməsə atasının səhhətinin daha da ağırlaşağacını, ölə biləcəyini ona dediyi üçün ona yazığı gəlib və 500 manat pulu “Milli Ön” ödəmə terminalı vasitəsilə Məhərrəmin ona göndərdiyi öz adına olan bank kartına göndərmişdir. Daha sonra söhbət əsnasında Məhərrəm ona polis olmasına baxmayaraq bir dostu ilə şərikli biznesi olduğunu, “Binə Ticarət Mərkəzi”ndə şərikli ticarətlə məşğul olduğu şəxsin nisyə mallar alıb satdığını və pulu da götürüb ölkədən qaçdığına görə bir neçə şəxsə borcu olduğunu, bankdan kreditin götürülməsi ilə bağlı məsələnin uzandığını, ona faizə pul tapmaqda köməklik etməyini xahiş etmişdi. O, Məhərrəmlə söhbət əsnasında valideynlərinin onunla birlikdə yaşadığını, özlərinə məxsus Şamaxı rayonu, Çuxuryurd qəsəbəsindəki fərdi yaşayış evini və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindəki mənzili satdıqlarını, pulların çox hissəsinin onda olduğunu ona bildirmişdir. Məhərrəm ona köməklik etmək üçün qısa müddətə qaytarmaq adı ilə borc verməyini xahiş etdi. Artıq Məhərrəmlə o, demək olar ki, hər gün saatlarla yazışmış, telefonla danışmış, ara-sıra imkan olan kimi görüşürmüşlər. Onun özü və ailəsi barədə də, bütün məlumatları ona danışdığı üçün və polisdə işlədiyinə görə etibar edib Məhərrəmə ümumilikdə 150.000 (yüz əlli min) manat pulu borc kimi qısa müddətə qaytarmaq şərtilə hissə-hissə vermişdir. Amma Məhərrəm ondan aldığı borc pulları vədinə əməl edib qaytarmadığı üçün pulları geri qaytarmasını ondan tələb edəndə, o, hər dəfə ona bankdan krediti götürmək üçün müraciət etdiyini, amma kreditin verilməsində bir qədər gecikmə olduğunu, qısa müddət ərzində Beynəlxalq Bank ASC-nin Xətai filialından 60.000 manat krediti götürə biləcəyini, bundan əlavə özünə məxsus olan evi, atasının adına olan mağazanı və Ramana qəsəbəsində yerləşən torpaq sahəsini, Bilgə qəsəbəsində yerləşən baba yurdundan onlara düşən payı satıb, ona olan borclarının hamısını qaytaracağını deyirdi. Cavabdeh ondan aldığı 150.000 (yüz əlli min) manat pulu qısa müddətə qaytarmağa vədinə əməl etmədiyi üçün ona dəymiş olan maddi zərərin ödənilməsinə köməklik göstərməsi üçün Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Onun müraciət əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparıldı və şikayətinin mülki xarakterli olduğu bildirildi. Cavabdeh ona verdiyi 150.000 (yüz əlli min) manatı bu günə kimi müxtəlif bəhanələr gətirməklə ona qaytarmamışdır. Cavabdeh ona 150.000 (yüz əlli min) manat borcunun olması ilə bağlı əlində kifayət qədər sübutları - səs yazıları, özünün əlyazma şəklində yazdığı qəbz, polis şöbəsində yazdığı izahatının surəti və şahidi var. Məhkəməyə bütün sübutlarını təqdim edəcəkdir. Cavabdeh ona olan pul borcunu xeyli vaxtdır ki, ödəmədiyi üçün mülki qaydada pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini, əlyazmada qeyd edilmiş yazının və imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh əlyazmasından məlum olur ki, o, Cavabdeh İddiaçı 150.000 manat borc aldığını, xx.xx.2022-ci il tarixdə aldığı pulun hamısını qaytracağını, əmlakını, torpağını satacağını və bankdan kredit götürəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-də izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2021ci il tarixdə “İnstagram” sosial şəbəkəsində İddiaçı ilə tanış olmuş, ondan hissə-hissə olmaqla 150000 manat pul almışdır. Qeyd olunan məbləği evini sataraq ona qaytaracağını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 07 mart 2025-ci il tarixli, 3-16-16/2-4/227/2025 nömrəli rəyindən görünür ki ,xx.xx.2022-ci il tarixli öhdəlikdəki əlyazma və imza Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 138 manat meəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh hissə hissə olmaqla 150.000 manat pul borc verdiyini bildirdirmişdir. Cavabdeh bu təkzib edərək cavabdehdən pul almadığını, əlyazmanın ona məxsus olmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 07 mart 2025-ci il tarixli, 3-16-16/2-4/227/2025 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli əlyazma və imza Cavabdeh tərəfindən icra edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 150 000 (bir yüz əlli min) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 150000 (bir yüz əlli min) manat məbləğində əsas borc və 440 (dörd yüz qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar