Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1465/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 46 saylı Notariat Ofisinin notariusu Tamilla Kərimova üçüncü şəxs qismində qeyd edilməklə müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 46 saylı Notariat Ofisinin notariusu Tamilla Kərimova üçüncü şəxs qismində qeyd edilməklə məhkəməyə iddia ərizəsi verərək, 1-ci Cavabdeh1 ilə 2-ci Cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qənbərov küçəsi, 3 saylı evin 1 №-li mənzilinə dair Bakı şəhəri 46 saylı Notariat Ofisində 4Ə-92 reyestr nömrəsi ilə xx.xx.2024 tarixində qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən 2-ci Cavabdeh3 adına xx.xx.2024 tarixində ********** qeydiyyat nömrəsi ilə verilmiş daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi, həmin mənzilin Cavabdeh1 ilə iddiaçının birgə əmlakı kimi tanınması və bu əmlakdan ərarvadın paylarının müəyyən olunaraq onun mülkiyyət, sahiblik, istifadə və sərəncam hüquqlarımın 1/2 hissədə təmin edilməsi və təsbit edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1-ci cavabdeh X3 ilə nikahda olduğu müddətdə əldə edilmiş və iddiaçı tərəfindən əsaslı şəkildə yaxşılaşdırılmış əmlakı, onun razılığım olmadan, qanunsuz olaraq, 1-ci nikahdan olan oğlu 2-ci Cavabdeh3 bağışlamışdır. 1-ci cavabdeh ilə xx.xx.1997-ci il tarixində nikaha daxil olmuş, həmin tarixdən ünvan 1 ünvanında yaşayaraq ümumi təsərrüfatı birgə idarə etmiş, 1-ci cavabdeh soyadını dəyişmək məqsədilə nikahın pozulmasına qərar vermiş və bu səbəbdən nikah xx.xx.2004-cü il tarixində ləğv edilmiş, lakin, bir həftə sonra xx.xx.2004-cü ildə yenidən nikaha daxil olmuş, beləliklə, 1997-ci ildən etibarən faktiki olaraq birlikdə yaşamış və ümumi təsərrüfatı davamlı olaraq birgə idarə etmişlər. Həmin yaşayış sahəsi ilkin olaraq sənədlərə əsasən 1 otaqlı, 16.8 kv.m-lik dağınıq və təmirsiz mənzil olmuşdur və həmin mənzilin 1-ci cavabdehə qohumu tərəfindən bağışlanması formal xarakter daşıyırdı, çünki bağışlanma olduğu vaxtdan daha əvvəl də onlar birlikdə orada yaşayırdılar. Birlikdə yaşadıqları müddətdə iddiaçının şəxsi vəsaiti hesabına mənzil yüksək səviyyədə təmir edilmiş, otaqların sayı artırılmış və əlavə iki otaq tikilərək ümumi yaşayış sahəsi 75.0 kv.m-ə çatdırılmışdır. Bu müddətdə mənzildə geniş yenidənqurma işləri aparmış, bütün avadanlıqları yeniləyərək istifadəyə yararlı vəziyyətə gətirmişdir. Həyata keçirilmiş bu işlərə 30000 manatdan artıq şəxsi vəsait xərclənmişdir. Bundan başqa, həmin mənzil yerləşən binanın həyətində faktiki olaraq bağ kimi istifadə etdikləri torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsində iddiaçının şəxsi vəsaiti hesabına 3 mərtəbəli, 6 otaqdan ibarət həyət evi inşa edilmişdir. Belə bir vəziyyətdə göstərilən əmlakın birgə mülkiyyət kimi tanınması zəruridir. İddiaçının tərəfindən həyat yoldaşı, 1-ci cavabdehə qarşı münasibəti həmişə yaxşı olmuş və hazırda da yaxşıdır. Onlar birlikdə yaşayırlar. Ailə başçısı olaraq ailənin bütün xərclərini, o cümlədən kommunal və digər xidmətləri o, ödəyir. Bundan başqa, 2-ci cavabdehin ailə xərcləri də iddiaçı tərəfindən qarşılanır.1-ci cavabdehin bu cür hərəkətlər etməsi onun başqaları tərəfindən əsassız olaraq öyrədilməsinin nəticəsidir. Hesab edir ki, onlar nikaha girdikləri xx.xx.1997 tarixindən hazırkı vaxta qədər birgə yaşayaraq ailə təsərrüfatı idarə etdiklərinə görə onun həmin mənzilə mülkiyyət hüququ tanınmalıdır. Həmin mənzildən başqa, iddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 №-li evin 79 №-li mənzili satdıqdan sonra həyat yoldaş ilə aralarında saziş bağlanmışdır. Bu sazişə əsasən, satılan mənzilin dəyəri olan 118000 manatın 1/2 hissəsini, yəni 59000 manatını həyat yoldaşına bağışlamış və o həmin məbləği öz hesabına köçürərək bankda depozit kimi saxlamışdır. Bu faktlar iddiaçının hərəkətlərinin tamamilə ədalətli olduğunu və 1-ci cavabdeh Esmira Əhəd qızının ona qarşı ədalətsiz mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir. Bundan başqa, xx.xx.2023 tarixində iddiaçı həmin yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, çünki cavabdehlər onu həmin mənzilə qeydiyyata almaqdan imtina edirdilər. Həmin məhkəmənin icraatında olan 2(008)-1000/2024 №-li mülki iş üzrə məhkəmə prosesləri dövründə 1-ci cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə tez-tələsik müraciət edərək, xx.xx.2024 tarixli, 4Ə-92 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin əmlakı oğlu, 2-ci cavabdehin adına özgəninkiləşdirmişdir. Bununla yanaşı, xx.xx.2024 tarixində həmin əmlaka dair ********** qeydiyyat nömrəli daşınmaz əmlaka çıxarış qeyri-qanuni əsaslarla verilmişdir. Bu vəziyyətdən sonra, iddia ərizəsinə əlavə olaraq, o, məhkəməyə müraciət edərək həmin mənzilə mülkiyyət hüquqlarımın tanınmasını və bağışlama müqaviləsinin ləğv edilməsini tələb etdi. Lakin, cavabdehlər onu mənzilə qeydiyyata almağa razılıq verdikdən sonra, o, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi, çünki bu problemlərin ailə daxilində razılaşma yolu ilə həll olunacağına inanırdı. xx.xx.2024 tarixində məhkəmə qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.sın, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı və cavabdehlər faktiki olaraq eyni mənzildə yaşayır və bu mübahisə artıq aylardır davam edir. İddiaçının mülkiyyət hüququnun tanınması təmin olunmayıb, o, bütün hüquqi vasitələrdən istifadə etdiyini nümayiş etdirir, lakin cavabdehlər əsassız şəkildə ona qarşı çıxaraq hüquqlarının tanınmasına mane olmağa çalışırlar. Cavabdeh1 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçının iddiası tamamilə əsassızdır ona görə də rədd edilməlidir. Belə ki, həmin mənzil ona qardaşı tərəfindən bağışlanılmışdır. Bağışlanmış (hədiyyə edilmiş) əmlak qanunun tələbinə görə ər və arvadın hər birinin ayrıca mülkiyyətidir. İddiaçı X4 ümumiyyətlə heç vaxt sözügedən mənzildə qeydiyyatda olmamışdır. Sözügedən mənzil cavabdehlərin vəsaiti hesabına artırılmış və yaxşılaşdırılmışdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının mübahisələndirdiyi mənzilə mülkiyyət, sahiblik, istifadə və sərəncam hüquqlarının tanınmasını tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Üçüncü şəxslər nümayəndələrinin iştirakını məhkəmədə təmin etməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Cavabdeh1 ilə xx.xx.2004-cü tarixdə nikahlarını bağlamışlar (işin mübahisəsiz halı). Cavabdeh3 onların oğludur. xx.xx.2003-cü il tarixdə Əli-zadə Rasimə Əliəşrəf qızı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Kalinin küçəsi, ev 3, mənzil 1-i Cavabdeh1 bağışlamış, həmin bağışlanma müqaviləsi 46 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və reyestrə 4ə- 5/807 № ilə qeyd edilmişdir. Həmin mənzilə dair Cavabdeh1 Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqqlarının Qeydiyyat İdarəçsi tərəfindən xx.xx.2003-cü il tarixdə ÖM seriyalı 176981 №-li Qeydiyyat Vəsiqəsi verilmişdir. Cavabdeh1 həmin mənzili (yeni ünvanla - ünvan 1) xx.xx.2024-cü il tarixdə oğlu Cavabdeh3 bağışlamış, müqavilə Bakı şəhəri 46 saylı Notariat Ofisində 4Ə-92 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Bundan sonra həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********24-05101-093005, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024). Adıçəkilən mənzilin ümumi sahəsi xx.xx.2003-cü il tarixdən son qeydiyyata qədər 48,78 kv metr olmuşdur. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi, həmin mənzilə onun 1/2 payının tanınmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 №-li Qərarında aşağıdakılar qeyd olunmuşdur. 3.3. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 6.11. Ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Birincisi, ümumi əmlaka daxil olan predmetlərin bəziləri ərarvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. 6.13. İkincisi, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. 6.14. Təcrübədən görünür ki, ər-arvadın ümumi əmlakının bölgüsünə dair iddia tələbləri bir qayda olaraq, konkret predmet(lər) üzərində iddiaçının (və ya tərəflərin) müvafiq pay(lar)ının tanınması formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox halda tərəflərin həqiqi arzusunu əks etdirmir. Boşanmış (ailə ittifaqı pozulmuş) şəxs bir qayda olaraq, əmlak münasibətlərində də ortaqlıqdan ayrılmaq və payına düşən predmetlərin fərdi mülkiyyətçi si olmaq istəyir, məhkəməyə də bu səbəbdən müraciət edir. 6.15. Belə olan halda, mübahisə predmetləri üzərində yalnız payların tanınması tərəflərin çatmaq istədikləri hüquqi mənafeləri təmin etmir. Bu səbəbdən eyni şəxslər sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar. 6.16. Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1 -ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mübahisəli mənzil dövlət qeydiyyatına alınarkən onun ümumi sahəsinin dəyişmədiyi müşahidə olunduğundan məhkəmə mənzilə dair edilmiş artırmaların, digər yaxşılaşdırmaların mövcudluğu, dəyəri, kimin tərəfindən edilməsinə dair araşdırma aparmağı zəruri hesab etməmişdir. Məhkəmə hesab edir ki, belə bir artırmalar, digər yaxşılaşdırmalar ilə əlaqədar iddiaçı pul tələbi irəli sürə bilər. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli mənzilə iddiaçının hüququ çatmadığından, həmin mənzil Cavabdeh1 öz şəxsi əmlakı olduğundan, o, istədiyi kimi mənzili barədə sərəncam verə bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur, 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin hallarına məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1465/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1465/2025
06.03.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver