Məhkəmə qərarları › İş №e-2(008)-1478/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1478/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1478/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1» ASC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4452.62 (dörd min dörd yüz əlli iki manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 947.07 (doqquz yüz qırx yeddi manat, yeddi qəpik) manat faiz borcu, 239.87 (iki yüz otuz doqquz manat, səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5639.56 (beş min altı yüz otuz doqquz manat, əlli altı qəpik) manat borcun və 76.40 (yetmiş altı manat, qırx qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 3400 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Bu əsasla cavabdehin kredit limiti artırılaraq 4500 manat edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19 dekabr 2023, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 4452,62 manat əsas, 947,07 manat faiz, 239,87 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5639,56 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, X1» ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasını iddiaçının nümayəndəsinin iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ona qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verərək “Cavabdeh Hafiz oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyirinə 4452,62 manat əsas, 947,07 manat faiz, 239,87 manat cərimə, 0 komissiyon haqqı olmaqla cəmi 5639,56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,40 manat məbləğində vəsaitin tutulması ” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı iddiası qanunsuz və əsassız olduğu ücün rədd edilməlidir. Belə ki, bank tərəfindən əsas və faiz borcu əsassız və qanunsuz hesablanmışdır. İndiyənədək o banka pul ödəmişdir. Lakin buna baxmayaraq bank tərəfindən ona 4452,62 manat əsas, 947,07 manat faiz, 239,87 manat cərimə, 0 komissiyon haqqı olmaqla cəmi 5639,56 manat borcu yaranması yazılır, bu isə abssurddur. Onun ödədiyi pullar ortada yoxdur. Bank ondan borcu tələb etməkdə haqsızlıq edir əsas, faiz və cərimə borcu tələb edir. Beləliklə bank tərəfindən iddia tələbi tamamilə absurdur və şişirdilmişdir. Odur ki, iddiaçının iddia ərizəsində yazılanları təsdiq edən hər hansı bir sübut və fakt göstərilməmişdir. Həmçinin tərəflər arasında müqavilə xx.xx.2022-ci il tarixdə 60 ay müddətinə bağlanmışdır və müqavilə xx.xx.2027-ci tarixədək qüvvədədir. Belə olan halda ona qarşı hal-hazırda iddianın verilməsi yolverilməzdir və təmin edilə bilməz. Hal-hazırda məhkəmə - mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti vardır. Onun tərəfindən ödədiyi həmin pullar ortada yoxdur, əlavə olaraq əsassız pul yazılıb, nəticədə müqavilə üzrə düzgün hesablama aparılmamışdır. Belə ki, əsas və faiz borcu əsassız və qanunsuz hesablanmışdır. Beləliklə borc şişirdilmişdir. Cərimə borcu tamamailə silinməlidir. İddiaçı Unibank” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hafiz oğluna qarşı “iddiaçı "xxxx" KB ASC-nin xeyirinə 4452,62 manat əsas, 947,07 manat faiz, 239,87 manat cərimə, 0 komissiyon haqqı olmaqla cəmi 5639,56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,40 manat məbləğində vəsaitin tutulması” barədə iddia ərizəsinin tamamilə təmin edilməməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan Cavabdeh ilə «X1» ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2178/2024 nömrəli ekspertiza rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 213sNARb/22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC olan borc 5332.90 manat məbləğində müəyyən edilir. Əsas borc üzrə 4417.29 manat, faiz borcu üzrə 915.61 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 76.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Məhkəmə cavabdehdən tutlmalı olna əsas və faiz borcunun məbləğinə diqqət yetirərək qeyd edir ki, cavabdeh məhkəməyə ərizə yazaraq əsas və faiz borcun şişirdilmiş olduğunu, onun tərəfindən aparılmış ödənişlərin nəzərə alınmadığını bildirsədə, kredit müqaviləsi üzrə borcundan olan ödənişlər barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən cavabdehin iddiaçıya olan əsas və faiz borcun məbləğinin müəyyən edilməsi məqəsədi ilə ekspertiza təyin edilmiş, ekspert rəyində isə cavabdehin iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix üçün əsas borcunun 4417.29 manat, faiz borcunun məbləğinin isə 915.61 manat olması müəyyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsas və fazi borcun cavabdehdən tutulması hissəsi qismən, ekspert rəyinə uyğun olaraq təmin edilməlidr. Bundan başqa məhkəmə iddia tələbinin 239.87 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən cərimə məbləği hesablanarkən əsas və faiz borca münasibətdə tənasüblülük gözlənilmədiyindən, iddia tələbi bu hissədə də qismən 100 manat hissədə təmin edilməsi daha ədalətli hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 76.40 manat dövlət rüsumunun 74.33 manat hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən mülki iş üzrə aparılmış ekspertiza xərcləridə iddia tələbinin təmin edildiyi hissəsinə uyğun olaraq tərəflər arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4417.29 (dörd min dörd yüz on yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 915.61 (doqquz yüz on beş manat, altmış bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 5432.90 (beş min dört yüz otuz iki manat, doxsan qəpik) borc və 74.33 (yetmiş dört manat, otuz üç qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 100 manat ekspertiza xərcinin 90 (doxsan) manat olan hissəsi Cavabdehnndan, 10 (on) manat olan hissəsi isə iddiaçı “X1" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar