Məhkəmə qərarları › İş №e-2(008)-1493/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1493/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1493/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 021A********** saylı kredit müqaviləsi əsasında 617.66 manat məbləğində kredit borcu, 23.63 manat məbləğində faiz borcu və 613.25 manat məbləğində cərimə, cəmi 1254.54 manat; 021A********** saylı kredit müqaviləsi əsasında isə 812.04 manat məbləğində kredit borcu, 31.12 manat məbləğində faiz borcu və 808.25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1651.41 manat; ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 2920.98 (iki min iki yüz iyirmi) manat 98 (doxsan sekkiz) qəpik məbləğində borcun və tərəfindən ödənilmiş 49.21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 617.66 (altı yüz on yeddi) manat məbləğində, xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 812.04 (səkkiz yüz on iki manat dört qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqavilələrinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borclarını və faiz borclarından ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya ayrı-ayrılıqda 812.04 manat və 617.66 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 021A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1479 gün üçün hesablanmış faiz borcu 25.81 manat təşkil edir, həmçinin 021A********** saylı kredit müqaviləsi əsasında kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü ii tarixə 1479 gün üçün hesablanmış faiz borcu 31.96 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 021A********** saylı kredit müqaviləsinə əsasən 1479 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 618.44 manat, 021A********** saylı kredit müqaviləsi əsasında isə 815.07 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə muraciət edərək, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilməsini, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli krediti müqaviləsinə əsasən 021A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 617.66 manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli krediti müqaviləsinə əsasən 021A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 812.04 manat məbləğində kredit götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 021A********** saylı müqaviləsi üzrə 812.04 (səkkiz yüz on iki manat, dörd qəpik)manat məbləğində əsas borc, 31.12 (otuz bir manat, on iki qəpik) manat məbləğində faiz borcu, 808.25 (səkkiz yüz səkkiz manat, iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1651.41 (min altı yüz əlli bir manat, qırx bir qəpik) manat təşkil edir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 021A********** kredit müqaviləsi üzrə 617.66 (altı yüz on yeddi manat, altmış altı qəpik) manat məbləğində əsas borc, 23.63 (iyirmi üç manat, altmış üç qəpik) manat məbləğində faiz borcu, 613.25 (altı yüz on üç manat, iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1254.54 (min iki yüz əlli dörd manat, əlli dörd qəpik) manat təşkil edir. - xx.xx.2023-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, сavabdeh xx.xx.2019-cu il krediti müqavilələr üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyi habelə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 49.21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə iddia tələbi üzrə cərmə borcunun məbləğinə diqqət yetirərək qeyd edir ki, məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2019-cu il tarixli krediti müqaviləsinə əsasən 021A********** saylı kredit müqaviləsi əsasən 80 manat məbləğində, xx.xx.2019-cu il tarixli 021A********** kredit müqaviləsi əsasən 60 manat məbləğində dəbbə tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumuna aid hissəsidə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 021A********** saylı kredit müqaviləsi əsasında 617.66 manat məbləğində kredit borcu, 23.63 manat məbləğində faiz borcu və 60 manat məbləğində cərimə borcu; 021A********** saylı kredit müqaviləsi əsasında isə 812.04 manat məbləğində kredit borcu, 31.12 manat məbləğində faiz borcu və 80 manat məbləğində cərimə olmaqla, hər iki kredit müqaviləsi üzrə cəmi 1624.45 (bir min altı yüz iyirmi dört manat qırx beş qəpik) manat məbləğində borcun və 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “AccessBank" QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar