Məhkəmə qərarları › İş №e-2(008)-1499/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-1499/2023

13.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1499/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 yaşayış evi üzrə istifadə hüququnun tanınması, həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 21D saylı fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. X4 ölümündən sonra, həmin yaşayış evi üzrə miras açılmışdır. Həmin mirasa pay hüququ olan X4 arvadı İddiaçı və digər vərəsələr, Cavabdeh xeyrinə mirasdan imtina etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********45 saylı sorğuya cavab məktubuna əsasən Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 21D saylı yaşayış evi Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İddiaçı halhazırda qeydiyyatda olduğu həmin yaşayış evinə oğlu Cavabdeh tərəfindən buraxılmadığı üçün tək yaşayır. Nəticə etibarı ilə, Cavabdeh oğl ailə üzvlərini saxlamaq vəzifəsini yerinə yetirməyərək anası İddiaçı həmin yaşayış evinə buraxmır. Həmin yaşayış evi hal-hazırda boşdur və orada heç kim yaşamır. Bu səbəbdən, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və İddiaçı həmin yaşayış evi üzrə istifadə hüququ tanınmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) X1 ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəl keçirilən məhkəmə hazırlıq iclasında izahat verən İddiaçı izahat verərək qeyd etmişdir ki, o, mübahisəli evdə oğlu və onun iləsi ilə birlikdə yaşayırdı. Oğlu ilə gəlini onu yola verməmiş və evdən çıxartmışdılar. O, məcburən qızının yanına getmişdir. Qızının əri və uşaqlar var, orada yaşaya bilmir, bişqa evi yoxdur, öz evinə köçməke istəyir. O, vərəsəlik hüququndan imtina etmiş, istifadə və yaşamaq hüququndan deyil. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Əzimova (Şirəliyeva) Zöhrə Feyruz qızı xx.xx.1982-ci il tarixdə X7 ilə nikahlarını bağlamışdılar (Bakı Səadət Sarayı tərəfindən verilmiş İİİ-JQ seriyalı 273059 №li nmikah haqqında şəhadətnamə). xx.xx.1983-cü il tarixdə doğulmuş Cavabdeh onların oğludur (Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 065183 №-li doğum haqqında şəhadətnamə). Bakı şəhəri, Bakıxanov qəsəbəsi, yeni yaşayış massivində 2 №-li fərdi yaşayış evi (sonradan – mübahisəli ev) iddiaçının əri, cavabdehin atası X4 mülkiyyətində olmuşdur (Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qediyyat İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş MH seriyalı ******* №-li Qeydiyyat vəsiqəsi, qeydəalma 06 №-li reyestr kitabında 880-ci səhifədə ). X7 xx.xx.2005-ci il tarixdə ölmüşdür (Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 311874 №-li ölüm haqqında şəhadətnamə). xx.xx.2018-ci il tarixdə Cavabdeh atasından qalmış əmlakın qəbulu barədə ərizə ilə Bakı şəhəri 30 saylı dövlət notariat kontoruna müraciət etmişdir. Həmin ərizəyə cavabdeh digər sənədlərlə yanaşı yaşayış yeri üzrə qeydiyyatda olanlar barədə 84 saylı MİS tərəfindən verilmiş 938 №-li xx.xx.2018-ci il tarixli arayış əlavə etmişdir. Həmin arayışdan görünür ki, mərhum X7 öldüyü günə kimi arvadı İddiaçı, oğlu Cavabdeh və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçivnski küçəsi, 73 №-li evin 43 №-li mənzilində qeydiyyatda olmuş və yaşamışdır. Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16/3 №-li xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, mərhum X7 mübahisəli evə qeydtyyata düşməyib, onun öldüyü gündən hal-hazıra kimi həmin evdə heç kim qeydiyyatda olmayıb, kommunal xərcləri 2005-ci ildən Cavabdeh ödəyir. İddiaçı notariat kontoruna xx.xx.2018-ci il tarixdə ərizə verərək, ərindən qalmış miras əmlakdan ona çatası vərəsəlik payından imtina etmişdir. xx.xx.2018-ci il tarixdə notarius tərəfindən verilmiş və 2V-42 № ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən mübahisəli evdən ibarət olan miras əmlakdan cavabdeh 1/1 payını almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********45 №li məktuba əsasən: həmin Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən mübahisəli ev artıq yeni ünvanla - ünvan 1 yaşayış evi - Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nizami rayonu, Naxçivnski küçəsi, 73 №-li evin 43 №-li mənzili (iddiaçının, cavabdehin qeydiyyatda olduqları mənzil) xx.xx.2022-ci il tarixdə ilkin olaraq Cavabdeh adına qeydtyyatdan keçmiş, xx.xx.2020-ci il tarixdə onun tərəfindən bacısı X2 bağışlanmışdır. Hazırda iddiaçı mübahisəli mənzil üzərində istifadə hüququnun tanınmasını və oraya köçürülməsini istəyir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsason əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, qanunvericilkdə hazırki mübahisənin müsbət həll edilməsi üçün mülkiyyətçinin ailə üzvünün onunla birlikdə mənzildə yaşamasıdır. Mənzilə köçürülməsi üçün üç əsas mövcud olmalıdır: şəxsin həmin mənzildə yaşaması, onun mənzildən zorla çıxarılması və son olaraq mənzilə qayıtmaq istəməsi faktı. İddiaçının dediyinə görə o, həmin evdə yaşamış, oradan zorla çıxarılmış və hazırda ora köçmək istəyir. Cavabdeh bu halları təkzib edən etiraz məhkəməyə ətəqdim etməmişdir. Məhkəmə cavabdehin adına olan bütün mobil nömrələrə sms-bildiriş göndərmiş, lakin cavabdehin iştirakını təmin edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 yaşayış evi üzrə istifadə hüququ tanınsın və o, həmin yaşayış evinə köçürülsün. Cavabdeh qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar