Məhkəmə qərarları › İş №e-2(008)-15/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-15/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-15/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1 002 211.46 USD (bir milyon iki min iki yüz on bir ABŞ dolları qırx altı sent) əsas, 96 077.20 USD (doxsan altı min yetmiş yeddi ABŞ dolları iyirmi sent) faiz, 165 431.95 USD (bir yüz altmış beş min dörd yüz otuz bir ABŞ dolları 95 sent) cərimə borcu olmaqla, cəmi borcu 1 263 720.61 USD (bir milyon iki yüz altmış üç min yeddi yüz iyirmi ABŞ dolları 61 sent) məbləğində borcun, ödənilmiş 202 manat mediasiya xidmət haqqının və 1 662.16 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə sonuncuya illik faiz dərəcəsi 8% olmaqla, 12 ay müddətinə 1 150 000 USD (bir milyon bir yüz əli min ABŞ dolları) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 1 002 211.46 USD (bir milyon iki min iki yüz on bir ABŞ dolları 46 sent) əsas, 96 077.20 USD (doxsan altı min yetmiş yeddi ABŞ dolları 20 sent) faiz, 165 431.95 AZN (bir yüz altmış beş min dörd yüz otuz bir ABŞ dolları 95 sent) cərimə borcu olmaqla, cəmi borcu 1 263 720.61 USD (bir milyon iki yüz altmış üç min yeddi yüz iyirmi ABŞ dolları 61 sent) təşkil edir. Bununla əlaqədar, cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq, bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 16 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalandan digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ondan tələb olunan kredit borcu onun adına rəsmiləşdirilmiş və müqavilələrə şəxsən özü imza etmişdir. Buna baxmayaraq, faktiki olaraq həmin pul vəsaiti özü tərəfindən deyil, başqa şəxs tərəfindən götürülmüşdür. Banka təqdim etdiyi sənəddə aylıq əmək haqqını 350 manat göstərmişdir. Bank tərəfindən qeyd olunan əmək haqqı ilə 12 aya ödənilməsi şərti ilə iki dəfə 1.200.000 ABŞ dolları istehlak kreditinin ayrıldığını və sonradan yenə də külli miqdarda digər kreditlərin ayrıldığını mübahisələndirsə də, nəticəsi olmamışdır. Bankın vəzifəli şəxslərinin qanunsuz fəaliyyətləri barədə müvafiq dövlət orqanlarına dəfələrlə məlumat vermişdir. Tərəfindən banka heç bir kredit ödənişi həyata keçirilməmişdir. O, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, bank tərəfindən mübahisənin məhkəmədənkənar həll edilməsinə heç bir cəhd olunmamış, mediasiya prosesindən məlum olmayan səbəblərdən bank tərəfindən imtina olunmuş, kredit müqaviləsi ilə bağlı problemin həll olunmasına heç bir cəhd olunmamışdır. Heç bir pretenziya məktubu göndərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş kredit müqaviləsi əvvəllər bağlanmış və biri bank tərəfindən gizlədilən 4 müqavilədən biridir. Cavabdeh tərəfindən 1 ildən artıq müddətdir ki, bank tərəfindən törədilmiş qanunsuz hərəkətlər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər olunaraq araşdırma aparılması xahiş olunmuşdur. Belə ki, X1 ilə Cavabdeh uzun müddət bir şirkətdə işləmiş, cavabdeh qeyri-rəsmi olaraq Elşən Rəhimova məxsus "xxxx" MMC-nin direktoru olmuşdur. Mətbuatda olan məlumatlara əsasən Elşən Rəhimov xx.xx.2021-ci ildə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində özünü asaraq intihar etmişdir. 2015-ci ildə Cavabdeh Türkiyədə olduğu zaman Elşən Rəhimov onu Bakıya çağıraraq, təcili pul lazım olduğunu, lakin öz adına və ya sürücüsünün adına kredit müqaviləsi ilə bankdan pul götürmək istəsə də, alınmadığını bildirmişdir. Həmçinin onun adına “TuranBank"dan kredit götürəcəyini və özü də həm krediti bağlayacağını bildirmişdir. Cavabdeh Nicat X2 müdiri və yaxın dostu olduğu üçün etiraz etməyərək razılıq vermişdir. Elşən Cavabdeh bildirmişdir ki, pul onun özünə deyil, borclu olduğu şəxslərə çatacaqdır. Elşən Rəhimov həmin pulun yüksək vəzifəli şəxsin tapşırığı ilə İddiaçı tərəfindən ayrıldığını da bildirmişdir. Həmçinin özünün evini girov qoyularaq pulu götürüləcəyini demişdir. Bundan sonra Cavabdeh xx.xx.2015-ci ildə “TuranBankın" ASC-nin mərkəzi ofisinə gedərək bankın həyətində hazır müqaviləni imzalamışdır. Müqaviləyə əsasən onunla İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə X1 tərəfindən banka ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi təminat kimi-dəyəri 425.000 manat rəsmi, digər iki ev isə qeyri-rəsmi girov qoyularaq 1.200.000 ABŞ dolları götürüləcəyi göstərilmişdir. Cavabdeh müqaviləni imzalayıb bankdan çıxanda artıq əvvəllər tanıdığı, həmin dövrdə yüksək vəzifə sahibi olmuş Rüfət Aslanlının işçisi Fuad Sadıqovun banka daxil olaraq kassaya yaxınlaşdığını görəndə əmin olmuşdur ki, həmin pul Fuad Sadıqov tərəfindən götürülmüşdür. Sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı bu fakt təsdiqini tapmışdır. X13 Aslanlının yaxın qohumu olmaqla, onun yanında müxtəlif vəzifələrdə çalışımışdır. Cavabdeh həmin müqaviləni imzaladıqdan bir müddət sonra Elşən Rəhimovun tapşırığı və iştirakı ilə banka və notariusa gedərək müqavilənin yenilənmiş formalarını imzalamışdır. Bundan başqa, nə kredit, nə də onun bağlanması barədə heç bir məlumatı olmamışdır. Elşən Rəhimovun intiharından sonra 2021-ci ildə "xxxx" ASC-nin məsul işçiləri Röyal, adını unutduğu İdarə Heyətinin üzvü onunla görüşərək, 6 il əvvəl bağlanmış həmin kredit müqaviləsinə görə ona hədə-qorxu gələrək tez bir vaxtda krediti bağlamağı tələb etmişlər və əks təqdirdə, onun üçün pis olacağını bildirmişlər. Qeyd edilən kreditlə bağlı Cavabdeh şəxsən Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi cənab Natiq Əmirov qəbul etmiş və kreditin kimin üçün alınması ilə maraqlanmışdır. Cavabdeh heç bir müqavilə və ya digər bir sənəd verilmədiyi üçün apardıqları araşdırmalar və sorğular vasitəsilə məlum olmuşdur ki, guya onunla İddiaçı ASC arasında məntiqəsığmayan qeyd edilən müqavilələr bağlanmaqla pullar götürülmüşdür. Azərbaycan Kredit Bürosunun Cavabdeh hesabından çıxarışda olan məlumatlara əsasən xx.xx.2015-ci ci il tarixdə 1.200.000 USD (h/n 112105) götürülmüş və guya xx.xx.2016-cı ildə tam ödənilmiş, xx.xx.2015-ci il tarixdə 1.200.000 USD (h/n 122008) yenidən götürülmüş və guya xx.xx.2016-cı ildə tam ödənilmiş, xx.xx.2016-cı il tarixdə artıq 1.149.000 USD (h/n 127393) götürülmüş və tam ödənilməsi qeyd olunmasına baxmayaraq, tarix göstərilməmişdir. Həmçinin xx.xx.2016-cı il tarixdə yenidən 1.095.099,68 USD (h/n 124532) götürülmüş və hazırkı vaxta kimi heç bir ödəniş olunmamışdır. Həmin çıxarışla təsdiq edilir ki, Cavabdeh aktiv öhdəliyi kimi 1.104.520,48 ABŞ dolları məbləğində İddiaçı ASC-də kredit öhdəliyi mövcuddur. Kreditin verilmə tarixi xx.xx.2016-cı il, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il, kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2017-ci il, əsas borcun gecikdirildiyi günlərin sayı 1004 gün, faiz borcun gecikdirildiyi günlərin sayı 1004 gün, kreditin təminatı X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryol küçəsində yerləşən 6a saylı fərdi yaşayış evi, dəyəri 425.000 manat qeyd edilmişdir. İddiaçı ASC-yə dəfələrlə etdikləri sorğulara baxmayaraq, cavab verilməmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankına edilən müraciətdən sonra İddiaçı ASC Müştəri Xidmətləri Departamenti tərəfindən cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, №183 saylı məktubla 3 müqavilə göndərilsə də, xx.xx.2016-cı il tarixdə 1.149.000 USD (h/n 127393) tam ödənilməsi qeyd olunmasına baxmayaraq, tarix göstərilməmiş, müqavilə məlum olmayan səbəbdən göndərilməmişdir. Lakin sonradan həmin müqavilə barədə Mərkəzi Bank vasitəsilə məlumat alınmışdır ki, guya belə bir müqavilə ümumiyyətlə olmamışdır. Ancaq həmin müqavilənin də mövcud olması barədə kifayət qədər sübutlar vardır. Araşdırmalar zamanı məlum olmuşdur ki, X1 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini rəsmi girovda, bir neçə mənzilin isə qeyrirəsmi olaraq girovda olmasına baxmayaraq, evlər İddiaçı ASC-nin işçisi X3 adına qeydiyyatdan keçmiş və hazırda həmin şəxsin mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin nəzərinə çatdırmışdır ki, Cavabdeh tərəfindən banka təqdim edilmiş sənəddə onun aylıq əmək haqqının 350 (üç yüz əlli) manat olduğu göstərilmişdir və bank qeyd olunan əmək haqqı ilə 12 aya ödənilməsi şərti ilə 1.095.000 ABŞ dolları istehlak krediti ayırmışdır. İddia ərizəsində hətta kreditin məbləği də səhv göstərilmişdir. İddia ərizəsində müqavilə üzrə “zamin” olduğu qeyd olunsa da, həmin müqavilələr üzrə heç bir zamin olmamışdır. Həmçinin iddia ərizəsində “cavabdehlər” qeyd olunsa da, “cavabdehlər” qismində kimlərin nəzərdə tutulduğu aydın olmamışdır. X1 tərəfindən qeyd olunan kreditin ayrılması üçün kifayət qədər əmlak girov qoyulmuş və həmin əmlak bank tərəfindən hazırda ələ keçirilmişdir. Tərəflərindən edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma materialları onlara təqdim edilməmişdir. Lakin məlum olmuşdur ki, həmin pulu Fuad Sadıqov qəbul edərək, bank sənədləri ilə “X14” MMC-nin sabiq prezidenti, hazırda həbsdə olan Rasim Məmmədova təhvil verdiyi araşdırma ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil tələbin heç bir qanuni əsası olmadığı üçün iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında oaln və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, №181/F-16 saylı kredit müqaviləsinə əsasən, illik faiz dərəcəsi 8% olmaqla, 12 ay müddətinə 1 150 000 USD (bir milyon bir yüz əlli min ABŞ dolları) məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi ipoteka və zaminlik, kreditin təyinatı istehlak krediti kimi göstərilmişdir. Müqavilənin 3.1.1-ci bəndinə görə, bankın borcalanın ödəniş qabiliyyətini və maliyyə vəziyyətini, kreditin təyinatına uyğun istifadəsini yerində yoxlamaq məqsədilə monitorinq aparmaq və ödəniş qrafikinə ciddi əməl etməyi tələb etmək hüququ var. Müqavilənin 3.1.2-ci bəndinə görə, bankın borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında və sair) hüququ var. - ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan X7 və borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, №181/F-16-01 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə görə ünvan 3 ünvanında istifadədə olan 0,01526 ha torpaq sahəsində yerləşən 243.1 kv.m ümumi, 111.1 kv.m yaşayış, 132.0 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Müqavilənin 2.9-cu bəndinə görə 2.1-ci bənddə qeyd edilən ipoteka predmeti İddiaçı ASC ilə xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2015-ci il tarixli, № 44/F-15-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan Cavabdeh illik faiz dərəcəsi 14% olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) və xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2015-ci il tarixli, № 510/F-15-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan Cavabdeh illik faiz dərəcəsi 14 % olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) olmaqla ipoteka qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Müqaviləyə görə öhdəliyin mahiyyəti xx.xx.2016-ci il tarixli 181/F-16 saylı kredit müqaviləsi, öhdəliyin ölçüsü illik 8% olmaqla 1 150 000 ABŞ dolları, öhdəliyin icra müddəti isə kredit müqaviləsi üzrə vəsaitin borc alana (ipoteka qoyana) verildiyi tarixdən xx.xx.2017-ci il tarixinədək olmuşdur. - Cavabdeh bank hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə 1 104 520.48 USD kredit verilmişdir. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Sabunçu Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-nin vəzifəli şəxsləri tərəfindən onun adına qanunsuz kredit rəsmiləşdirilməsi və həmin pul vəsaitlərinin digər şəxslərə verilməsi barədə xx.xx.2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma nəticəsində hər hansı şəxs tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktı təsdiqini tapmamış, eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərlə bağlı münasibətlər mülki hüquqi xarakterli olduğundan sonuncuya qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən, isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Mülki Məcəllənin 739.2-ci maddəsində bəhs edilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi bağlanaraq, illik faiz dərəcəsi 8 % olmaqla, 12 ay müddətinə 1 150 000 USD (bir milyon bir yüz əlli min ABŞ dolları) məbləğində kredit verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur, nəticədə, cavabdehin xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 1 002 211.46 USD (bir milyon iki min iki yüz on bir ABŞ dolları 46 sent) əsas, 96 077.20 USD (doxsan altı min yetmiş yeddi ABŞ dolları 20 sent) faiz, 165 431.95 AZN (bir yüz altmış beş min dörd yüz otuz bir ABŞ dolları 95 sent) cərimə borcu olmaqla, cəmi borcu 1 263 720.61 USD (bir milyon iki yüz altmış üç min yeddi yüz iyirmi ABŞ dolları 61 sent) təşkil edir. Cavabdeh tərəf Azərbaycan Kredit Bürosunun Cavabdeh hesabından çıxarışda olan məlumatlarına istinad edərək izahatında qeyd edir ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsi bağlanaraq, illik faiz dərəcəsi 14 % olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kredit verilmişdir. Müqavilədə kreditin təminatı kimi ipoteka, kreditin təyinatı istehlak krediti kimi göstərilmişdir. Həmçinin İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsi bağlanaraq, illik faiz dərəcəsi 14 % olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi ipoteka, kreditin təyinatı istehlak krediti kimi göstərilmişdir. Həmin çıxarışla təsdiq edilir ki, Cavabdeh aktiv öhdəliyi kimi 1.104.520.48 ABŞ dolları məbləğində İddiaçı ASC-də kredit öhdəliyi mövcuddur. Kreditin verilmə tarixi xx.xx.2016-cı il, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il, kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2017-ci il, əsas borcun gecikdirildiyi günlərin sayı 1004 gün, faiz borcun gecikdirildiyi günlərin sayı 1004 gün, kreditin təminatı X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryol küçəsində yerləşən 6a saylı fərdi yaşayış evi, dəyəri 425.000 manat qeyd edilmişdir. Cavabdeh banka təqdim etdiyi sənəddə onun aylıq əmək haqqının 350 manat (üçyüz əlli) olduğunu göstərdiyini bildirmiş və bank tərəfindən qeyd olunan əmək haqqı ilə 12 aya ödənilməsi şərti ilə iki dəfə 1.200.000 ABŞ dolları istehlak kreditinin ayrıldığını və sonradan yenə də külli miqdarda digər kreditlərin ayrıldığını mübahisələndirmiş, onun tərəfindən banka heç bir kredit ödənişinin həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilənin bağlandığını sübut etsə də, müqavilədə nəzərdə tutulan pul vəsaitlərinin məhz cavabdeh tərəfindən götürüldüyünü və ödənişlərin onun tərəfindən həyata keçirildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin müqavilələrdə kreditin təminatı kimi ipoteka və zaminlik nəzərdə tutulsa da, iddiaçı tərəfindən məhkəməyə ipoteka müqaviləsi və zaminlik müqaviləsi də təqdim edilməmiş, cavabdehə yüksək məbləğdə xarici valyutada istehlak kreditinin verilməsi müqabilində öhdəliyin təminatı kimi bank tərəfindən qəbul edilmiş təminat vasitələri barədə hər hansı sübut təqdim edilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə görə, banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların, habelə bu Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər. 31.2-ci maddəsinə görə, banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat uçotu sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər. 32.1.2-ci maddəsinə görə, banklar kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növlərini müəyyən etməklə öz fəaliyyətlərini qura bilərlər. Habelə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019cu il 30 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1.4-cü bəndinə görə, istehlak krediti sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. İstehlak kreditləri üzrə münasibətlər kreditorla borcalan arasında bağlanan müqavilə əsasında yaranmaqla kredit müqaviləsinə dair ümumi qaydalara əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında kredit müqaviləsinin, bir qayda olaraq, konsessual müqavilələrə aid edildiyini, müqavilə üzrə hüquq və öhdəliklərin isə müqavilənin qüvvəyə mindiyi (imzalandığı) andan əmələ gəldiyini göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici borc verənin əmlak mənafeyinin pozulmasının qarşısını almaq, mülkiyyət hüququnun müdafiəsini təmin etmək məqsədilə kreditora kredit risklərinin monitorinqini həyata keçirmək, borclunun maliyyə vəziyyətinə nəzarət etmək səlahiyyəti vermişdir. Qaydaların 2.1.1-ci bəndinə görə, kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə ilə müəyyən olunmuş şərtlərdə icra edə bilməməsi nəticəsində itkinin yaranması riskidir. Qaydaların 10-cu bəndinə görə, bank tərəfindən kredit risklərinin monitorinqi məqsədilə aşağıdakılar həyata keçirilir: - borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyi təhlil edilir; - borcalanın və emitentin öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışı izlənilir; - iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülür; - mövcud olduqda borcalanın, kontragentin və emitentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiyməti izlənilir; - kredit tələbinin təyinatı üzrə istifadə edilməsi yoxlanılır. Həyata keçirilən monitorinq tədbirləri nəticəsində borclunun əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olması müəyyən edilərsə, bank Mülki Məcəllənin 746-cı maddəsinə uyğun olaraq borc verməkdən imtina edə bilər. Borclunun əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olması isə onun ödəmə qabiliyyətinin aşağı düşməsidir və bu, iş yerinin itirilməsi, əmək haqqının azaldılması, borclunun əmlakı üzərinə həbs qoyulması, başqa kreditlərin götürülməsi nəticəsində borc yükünün artması,kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallarda, habelə qanunvericiliyə uyğun olaraq müqavilədə nəzərdə tutulmuş digər hallarda baş verə bilər. X4 Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlmişdir: mülki Məcəllənin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, hər kəsə bəllidir ki, Azərbaycan Respublikasında devalvasiya xx.xx.2015-ci ildə baş vermidir. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 manat təyin etmişdir. Devalvasiya 33.8% olmuşdur. xx.xx.2015-ci ildə isə 2-ci devalvasiya baş vermiş və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 3.1.1-ci maddəsinə görə. Bankın borcalanın ödəniş qabiliyyətini və maliyyə vəziyyətini, kreditin təyinatına uyğun istifadəsini yerində yoxlamaq məqsədilə monitorinq aparmaq və ödəniş qrafikinə ciddi əməl etməyi tələb etmək hüququ var. Müqavilənin 3.1.1.-ci maddəsinə görə Bankın borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında və sair) hüququ var. Cavabdeh tərəfin izahatından görünür ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kreditin verildiyini təsdiq edən xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsi 6 ay müddətinə bağlansa da, həmin kredit xx.xx.2016-cı il tarixdə, yəni 1 il 4 aya tam ödənilmişdir. Həmin müqavilə üzrə borcalanın müqavilə öhdəliyi pozulsa da, kreditin ödənilməsi gecikdirilsə də, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında yenidən 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kreditin verildiyini təsdiq edən xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsi 6 ay müddətinə bağlansa da, həmin kredit xx.xx.2016-cı il tarixdə, yəni 8 aya tam ödənilmişdir. Yenə də həmin müqavilə üzrə borcalanın müqavilə öhdəliyi pozulsa da, kreditin ödənilməsi gecikdirilsə də, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında yenidən xx.xx.2016-cı il tarixdə 1.095.099.68 USD məbləğində kreditin verildiyini təsdiq edən növbəti müqavilə bağlanmışdır. Mülki işdə olan cavabdehə Cavabdeh bank hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə 1.104.520,48 USD kredit hesaba köçürülmüş, həmin hesab üzrə borcdan ödəmə ilk dəfə xx.xx.2019-cu il tarixdə, yəni 2 il 5 aydan sonra hesaba daxil edilmişdir. Buna baxmayaraq, bank borcun dərhal qaytarılması ilə bağlı hər hansı tədbir gördüyünə dair məhkəməyə sübut təqdim etməmiş, hazırkı iddia ilə məhkəməyə 2022-ci ilin oktyabr ayında müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli 07/SKMF nömrəli kredit müqaviləsinə əsaslanaraq iddia qaldırsa da, həmin müqavilə üzrə yüksək məbləğdə kreditin cavabdehə verildiyini və cavabdeh tərəfindən həmin borcun hesabına ödənişlərin banka edildiyini, hazırda da borcun mövcudluğunu sübuta yetirə bilməmişdir. Belə ki, bank haqqında qanunvericiliyin imperativ tələblərinə görə iddiaçı kredit risklərini düzgün qiymətləndirmək vəzifəsini daşıdığı halda, həmin dövrdə 350 manat əmək haqqı olan cavabdehə 12 aya ödənilməsi şərti ilə 1.095.000 ABŞ dolları istehlak kreditini ayırarkən kredit risklərinin hansı meyarlar üzrə qiymətləndirilməsi və öhdəliyin təminatı kimi qəbul etdiyi üsullar (ipoteka, zaminlik) barədə məhkəməyə məlumat verməyərək, məhkəməni həmin kreditin heç bir təminat olmadan verildiyini inandırmağa çalışmış, kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş, eyni şəxsə təkrarən yüksək məbləğdə xarici valyutada kredit vəsaitlərinin ayrılması səbəblərini açıqlamamışdır. Bunun əksi olaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizələrindən və izahatlardan müəyyən olunmuşdur ki, cavabdeh ondan tələb olunan kredit borcunun onun adına rəsmiləşdirildiyini etiraf etsə də, faktiki olaraq pul vəsaiti başqa şəxs tərəfindən götürülmüş, bankın vəzifəli şəxslərinin qanunsuz fəaliyyətləri barədə müvafiq dövlət orqanlarına dəfələrlə məlumat vermişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iddia tələbi yuxarıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu və mediasiya xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 1662,16 manat dövlət rüsumu və 202 manat mediasiya xidmət haqqı İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar