Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1502/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi (təsisçi) X1, cavabdeh Mamedov Mətı̇ n Nofəl oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Mamedov Mətı̇ n Nofəl oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mamedov Mətı̇ n Nofəl oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8980 (səkkiz min doqquz yüz səksən) manat əsas məbləğ və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 391 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalanmışdır. Müqavilənin təminatı kimi Kia Cerato markalı, 77-XB342 nömrə nişanlı nəqliyyat vasitəsi günlük 70 (yetmiş ) manat ödəmək şərtiylə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində, Bakı şəhəri Zabrat qəsəbəsi ətrafında yol nəqliyyat hadisəsi baş vermiş və avtomobilə külli miqdarda zərər dəymişdir. Cavabdeh hadisədə təqsirli bilinərək barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh növü tətbiq edilmişdir. Əlavə olaraq Cavabdeh tərəfindən hadisə barədə ətraflı iltizam yazılmışdır. Mütəxəssislər tərəfindən dəymiş zərər 8980 (səkkiz min doqquz yüz səksən) manat məbləğində hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Mamedov Mətı̇ n Nofəl oğlu izahatında bildirdi ki, Fariz onun məktəb dostudur, xahiş etdi ki, gedib maşın götürsünlər. Öz adına götürüb idarə etmək üçün maşını Farizə verdi. Qəza zamanı orda olmamışdır. Polis isə onun barəsində protokol tərtib edib. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı MMC, mülkiyyətində olan Hyundai Elantra minik markalı **-XB-*** dövlət qeydiyyat nişanı olan avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil vermişdir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Hyundai Elantra” markalı, **-XB-*** qeydiyyat nişanlı avtomоbil xx.xx.2024-cü il saat 14:30-dan xx.xx.2024-cü il saat 15:00dək Cavabdeh etibarnaməli idarəçiliyinə verilmişdir; - xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.2.2-ci bəndindən görünür ki, avtonəqliyyat vasitəsinin icarədarın istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. - DİN BDYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun və qərarın surətindən görünür ki, Cavabdeh Bakı, Babək (Zabrat), 53, GPS:40.4794335, 49.9504902 ərazidə xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq 40 manat cərimə edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan müəyyən edilir ki, cavabdeh, 3 iş günü ərzində yaranmış borcun və onun üçün çəkilən xərclərin qaytarılmasını təmin etməyi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki “Hyundai Elantra” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri 8980 manat təşkil edir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomоbili xx.xx.2024-cü il saat 14:30-dan xx.xx.2024-cü il saat 15:00-dək cavabdehə icarəyə vermişdir. Cavabdeh iddiaçıya hər bir gün üçün 70 manat icarə haqqı vermək, təqsirindən baş verən nasazlıqlara görə tam maddi məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixdə baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomоbilin zədələnməsi ilə bağlı iddiaçıya 8980 maddi zərər dəymişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh icarəyə götürdüyü maşını dostu Farizə verdiyi və qəzanı Farizin törətdiyi üçün ona qarşı iddia tələbinin əsassız olduğunu bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə icarə müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.1.-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə hesab edir ki, baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomоbilin xx.xx.2024-cü il tarixdə zədələnməsi ilə bağlı iddiaçıya 8980 manat maddi zərər dəyməsi müstəqil ekspert rəyinə əsasən müəyyən оlunur. İddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik оlduğundan və cavabdeh avtomobilin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığından 8980 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Cavabdehin avtomobili əslində dostunun idarə etməsi və ümumiyyətlə ziyanı onun vurmadığına dair dəlilinə isə məhkəmə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, Cavabdeh müqavilə bağlayaraq üzərinə öhdəlik götürüb, bu o deməkdir ki, həmin maşına dəyən zərərə görə hər bir halda o, özü məsuliyyət daşıyır. Əgər adını qeyd etdiyi dostunun avtomobilə ziyan vurduğuna iddia edirsə, ona qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin, hazırki məhkəmə prosesində bu halı sübuta yetirə bilmədi. Məhkəmə həmçinin iddianın 110 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 8980 (səkkiz min doqquz yüz səksən) manat maddi zərər, 110 (yüz on) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9090 (doqquz min doxsan) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1502/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1502/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver