Məhkəmə qərarları › İş №e-2(008)-1581/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1581/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1581/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9388.06 (doqquz min üç yüz səksən səkkiz manat 06 qəpik) manat - bundan 4354.21 (dörd min üç yüz əlli dörd manat 21 qəpik) manat əsas, 2502.88 (iki min beş yüz iki manat 88 qəpik) manat faiz, 1930.97 (bir min doqquz yüz otuz manat 97 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 600 (altı yüz) manat faiz borcu və iş üzrə ödənilmiş 113.89 (bir yüz on üç manat 89 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 33 (otuz üç) faiz olmaqla 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 18 mart 2015-ci il tarixdə 03/15-ƏS saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6350 (altı min üç yüz əlli) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. 20 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 5211.29 (beş min iki yüz on bir ABŞ dolları 29 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır və illik 10 (on) faiz ödənilir. Daha sonra 20 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 03 nömrəli əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği bu sazişin qüvvəyə mindiyi tarixə bankın mövcud güzəştli məzənnəsinə uyğun olaraq 1 ABŞ dolları 1.55 AZN kursu konvertasiya edilməklə 5934.26 (beş min doqquz yüz otuz dörd manat 26 qəpik) manat təşkil edir. Kredit xx.xx.2020-ci il tarixədək verilir. Əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9388.06 (doqquz min üç yüz səksən səkkiz manat 06 qəpik) manat təşkil edir. Bundan 4354.21 (dörd min üç yüz əlli dörd manat 21 qəpik) manat əsas, 2502.88 (iki min beş yüz iki manat 88 qəpik) manat faiz, 1930.97 (bir min doqquz yüz otuz manat 97 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 600 (altı yüz) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 2222200S08651 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 113.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 6350 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 33% olmaqla, 24 ay müddətinə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən 24 ay müddətində hər ay 365.08 ABŞ dolları (sonuncu ay 365.02 ABŞ dolları) ödəməli idi. -xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 03/15-ƏS nömrəli əlavə sazişə əsasən kreditin qalıq məbləği 6350 ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilmişdir. -xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 02 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 5211.29 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. -xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 03 nömrəli əlavə sazişə əsasən kreditorun borcalana 6350 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği bu Sazişin qüvvəyə mindiyi tarixə bankın mövcud güzəştli məzənnəsinə uyğun olaraq 1 ABŞ dolları-1.55 AZN kursu konvertasiya edilməklə 5934.26 AZN təşkil edir. Kredit xx.xx.2020-ci il tarixədək verilir. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən 36 ay müddətində hər ay 205.71 manat (sonuncu ay 205.85 manat) ödəməli idi. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə banka 4354.21 ABŞ dolları əsas, 2502.88 ABŞ dolları faiz, 1930.97 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 600 manat, cəmi 9388.06 ABŞ dolları məbləğində borcu yaranmışdır. -xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2896 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 03 nömrəli əlavə sazişinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2020-ci il tarixə (kreditin bitmə tarixi) banka əsas borc üzrə 4354.08 manat, faiz borcu üzrə 1148.83 manat olmaqla, cəmi borcu 5502.91 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 03 nömrəli əlavə sazişinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarixə) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka əsas borc üzrə 4354.08 manat, faiz borcu üzrə 1148.83 manat, illik 5 faizlə faiz borcu üzrə 603.53 manat olmaqla, cəmi borcu 6106.44 manat müəyyən olunur. Qeyd edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 03 nömrəli əlavə saziş üzrə cərimə hesabı iş materiallarında mövcud olmadığından Cavabdeh cərimə hesablanmadı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC ilə arasında bağlanmış krediti müqaviləsi əsasında cavabdehə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kredit öhdəliyinin qalığı konvertasiya edilməklə, (1 ABŞ dolları=1.55 AZN) 5934.26 AZN təşkil etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 4354.21 manat, faiz borcunun məbləği 2502.88 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun məbləği 600 manat göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2896 saylı rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə, yəni xx.xx.2020-ci il və maliyyə arayışının verildiyi xx.xx.2022ci il tarixinə əsas borcu 4354.08 manat, faiz borcu 1148.83 manat təşkil edir. Həmçinin, rəydən görünür ki, müqavilə müddəti bitdikdən sonra maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 603.53 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas və faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2896 saylı rəyində göstərilmiş qaydada, əsas borc 4354.08 manat, faiz borcu 1148.83 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 603.53 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1930.97 manat məbləğində cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 96.54 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4354.08 manat məbləğində əsas borc, 1148.83 manat məbləğində faiz borcu, 96.54 manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 603.53 manat məbləğində faiz borcu olmaqla, cəmi 6202.98 manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, cavabdehdən 82.02 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, həmçinin, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4354.08 manat məbləğində əsas borc, 1148.83 manat məbləğində faiz borcu, 96.54 manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 603.53 manat məbləğində faiz borcu olmaqla, cəmi 6202.98 manat məbləğində pul vəsaiti və 82.02 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar