Məhkəmə qərarları › İş №e-2(008)-1609/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1609/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1609/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "40 ədəd qaimədə qeyd olunan malların natura şəklində ona qaytarılması və ya həmin malların dəyərini təşkil edən 9634 manat məbləğində pulun ona ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "40 ədəd qaimədə qeyd olunan malların natura şəklində ona qaytarılması və ya həmin malların dəyərini təşkil edən 9634 manat məbləğində pulun ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə yazdığı xx.xx.2025-ci il tarixli ərizədə iddianın rədd olunmasını xahiş etmişdir. O, həmin ərizədə bunu da bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər əmək münasibəti xarakterli olsa da, iddiaçı Mediasiya Şurasına müraciət etməmişdir. Məhkəmənin hazırlıq iclası zamanı cavabdehin nümayəndəsinin qeyd olunan ərizəsi müzakirə edilərkən iddiaçının nümayəndəsi Vəkil1 tərəflər arasında olan hazırkı mübahisənin əmək münasibətlərindən irəli gəlmədiyini, bu səbəbdən mediasiyaya zərurət olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsində deyilir ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.9 və 21.9.1-ci maddələrində deyilir ki, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarın 13-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin. Sadalanan normalardan görünür ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Əks təqdirdə, qeyd olunan mübahisəyə dair iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Hazırkı mübahisənin əmək münasibətindən irəli gəlib-gəlməməsi məsələsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. İş materiallarından, o cümlədən iddia ərizəsindən görünür ki, İddiaçı 2015ci ildən 2019-cu ilədək Cavabdehndə əmək müqaviləsi əsasında işləmişdir. İddiaçı öz tələbini bununla əsaslandırır ki, 40 ədəd qaimədə göstərilən mallar qeyd olunan müddətdə onun tərəfindən cavabdeh "xxxx" MMC-nin anbarına geri qaytarılaraq imza edilməklə təhvil verilmişdir. Göründüyü kimi, hazırkı mübahisə tərəflər arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlməklə işçinin işəgötürənə qarşı əmlak tələbi barədə iddiasıdır. Belə olan halda, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməli idi. Lakin o, məhkəməyə bununla bağlı sübut təqdim etməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi iddiaçının ilkin mediasiya sessiyasında iştirak etmədiyini və buna zərurət olmadığını bildirmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 117 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "40 ədəd qaimədə qeyd olunan malların natura şəklində ona qaytarılması və ya həmin malların dəyərini təşkil edən 9634 manat məbləğində pulun ona ödənilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 117 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar