Məhkəmə qərarları › İş №e-2(008)-1630/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1630/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1630/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7 dekabr 2021-ci il tarixli, NZNPU-06437 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5528,23 manat, faiz borcıına görə 244,11 manat, dəbbə borcuna görə 308,24 manat, cəmi 6080,58 manat məbləğində pulun və 80.81 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Rabitəbank” ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 7 Dekabr 2021-ci il tarixli, NZNPU-06437 saylı kredit müqaviləsinə əsasən illik 15,44 % (on beş) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 7000 (yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir. 7 Dekabr 2021-ci il tarixli, NZNPU-06437 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 Dekabr 2021-ci il tarixli, NZNPU-06437 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 244,17 (iki yüz qırx dörd manat 17 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 7 Dekabr 2021-ci il tarixli, NZNPU-06437 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5528,23 manat, faiz borcuna görə 244,11 manat, dəbbə borcuna görə 308,24 (üç yüz səkkiz manat 24 qəpik) manat, borcun cəmi məbləği 6080,58 (manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasını iddiaçının nümayəndəsinin iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək kredit götürdüyünü bildirmiş, lakin maddi imkanı olmadığından ödənişləri edə bilmədiyini bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZNPU-06437 saylı krediti müqaviləsinə əsasən cavabdehə illik 15.44 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli, RB-02/PK nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, NZNPU-06437 saylı müqaviləyə əsasən borcu, 5528.23 (beş min beş yüz iyirmi səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 244.11 (iki yüz qırx dörd manat, on bir qəpik) manat məbləğində faiz, 308.24 (üç yüz səkkiz manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 6080.58 (altı min səksən manat, əlli səkkiz qəpik) manat təşkil edir. - xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, сavabdeh xx.xx.2021-ci il tarixli, NZNPU-06437 saylı krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 244.18 manat müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 80.81 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cərimə borcu azladılaraq 30 maant müəyyən edilməli, Cavabdeh 5528,23 (beş min beş yüz iyirmi səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 244.11 (iki yüz qırx dörd manat, on bir qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 5802.34 (beş min səkkiz yüz iki manat, otuz dörd qəpik) manat borcun və 70 (yetmiş) manat dövlət rüsumunun tutularaq iddiaçı “RabitəBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 80.81 (səksən manat, səksən bir qəpik) manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5528,23 (beş min beş yüz iyirmi səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 244.11 (iki yüz qırx dörd manat, on bir qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 5802.34 (beş min səkkiz yüz iki manat, otuz dörd qəpik) manat borcun və 70 (yetmiş) manat dövlət rüsumunun tutularaq iddiaçı “RabitəBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar