Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-164/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil qızının, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi ziyan" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi ziyan" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurlmuş ziyanın əvəzi olaraq ondan 30000 manat, məhkəməyə müraciət üçün ödənilmiş 180 manat, cəmi 30180 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyanın əvəzi olaraq ondan 90000 manat, məhkəməyə müraciət üçün əvvəlcədən ödənilmiş 360 manat, cəmi 90360 məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş. Ona 1986-ci ildə iş yerindən ünvan 1 ünvanında yerləşən evi vermişlər. Ailə üzvləri ilə birlikdə 1986-ci ildən order əsasında ona məxsus olan həmin evə köçmüşlər. 2007-ci ildə isə ona daimi yaşama üçün ünvan 1 ünvanında yerləşən evə order verilmişdir. Cavabdeh şirkət isə onların yaşadığı ərazidə bəzi sakinlərlə razılığa gələrək yeni bina tikintisi üçün işlərə başlamışdır. Amma həmin şirkət və onlar arasında heç bir razılıq olmamışdır. Lakin onlarla razılıq olmadığı təqdirdə artıq cavabdeh şirkət orada söküntü və tikinti işlərinə başlamışlar. "xxxx" MMC artıq bir neçə müddətdir ki, həmin ərazidə söküntü işləri aparır. Bu söküntü işləri ilkin olaraq onları narahat etmirdi. Lakin son söküntü işləri artıq onları da narahat edir. Çünki artıq onların yaşadığı evə qazın, işığın verilməsi dayandırılıb. Orada yaşayış artıq qeyrimümkündür. Qış fəslində həmin evdə hal-hazırda yaşamaq çox çətindir. Bunun əsas səbəbkarı isə "xxxx" MMC-dir. Həmçinin söküntü zamanı cavabdeh şirkət onların mülkiyyətinə də zərər yetirmişdir. Bunlar barədə cavabdehə etirazlar etsələr də, bütün bu etirazlar nəzərə alınmadı və edilən işlərə cavabdeh tərəfindən davam edildi. Bütün bunlara görə də artıq həmin evdə yaşamaq mümkünsüzləşdi. Həmin evdə yaşaya bilmədiklərinə görə ailə üzvləri ilə birlikdə artıq kirayə mənzildə yaşayırlar. Bu isə onlara əlavə olaraq ziyan vurur. Artıq bu gün məlum olmuşdur ki, cavabdeh şirkətin əməkdaşları onlara məxsus olan evin ciddi şəkildə söküntüsünə başlamışlar. Artıq evin bir çox hissələri sökülmüşdür. Bu isə onlara ciddi şəkildə maddi ziyan dəyməsi ilə nəticələnmişdir. Bu açıq-aşkar mülkiyyət hüququnun pozulmasıdır. Cavabdeh tərəfindən rəsmi olaraq ona məxsus olan ev heç bir razılaşma və ya icazə olmadan sökülür. Mülkiyyət hüquqlarına ciddi şəkildə müdaxilələr artıq uzun zamandır ki, davam edir. Bu isə onun konstitision hüququ olan mülkiyyət hüququna müdaxilədir. Cavabdeh etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassızdır və bu səbəbdən də onun iddiası təmin edilməməlidir. İddiaçı özünü 97 kv.m sahəsi olan mənzilin mülkiyyətçisi kimi qələmə versə də, həmin mənzilin mövcudluğunu və onun mülkiyyətçi olmasını təsdiq edən hər hansı bir mötəbər sübut (çıxarış, sahəni təsdiq edən texpasport və ya tikinti-texniki ekspertizanın rəyi) mülki işə əlavə edilməmişdir. Mülki işə əlavə edilmiş orderdən göründüyü kimi, İddiaçı Oktyabr Rayon İcra Hakimiyyətinin qərarı ilə 13,5 kv.m sahəsi olan mənzil ayrılmışdır. Bundan başqa, tərəfindən ümümiyyətlə iddiaçıya məxsus heç bir mənzil sökülməmiş nə də ki, mənzilə heç bir zərər vurulmamışdır. Belə ki, tərəfindən iddiaçının evinə zərər vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin yaranmasının əsalarından biri kimi delikt çıxış edir. Qeyd olunan halda deliktin olmasını təsdiq edən hər hansı bir sübut (təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərar və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı iddia tələbində ona guya ki vurulmuş zərərə görə 90000 manat ziyanın dəyməsini qeyd etsə də, bunla bağlı da hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan rəqəmi nəyə istinadən hesablanması hansı məyyarlar ilə aparılmasına dair də hər hansı bir qeyd iddia sənədində yoxdur. İş materiallarında tələb olunan məbləğ barədə hər hansı sənəd (qiymətləndirmə rəyi məlumat və s.) mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil qızı iddianı müdafiə edərək bildirir ki, tərəflər arasında əvəzləşmə müqaviləsi imzalanmayıb, yalnız tanışlıq üçün təqdim edilib, qüvvəsi yoxdur. Əvvəl əmlakın bir qismi məhv edilmiş, sonradan isə böyük hissəyə ziyan dəymişdir. Ev yaşayışa yararsızdır, yarısı yoxdur. Cavabdeh barəsinə inzibati protokol tərtib edilmişdir. Dəqiqləşdirilmə barədə ərizə inzibati protokola əsasən yazılmışdır. Bəzi sübutlar texniki səbəblərdən təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, evin 97 kv.m olması öz təsdiqini tapmamışdır. Söküntü ilə bağlı müraciət etməmişlər. Onlar tərəfindən heç bir söküntü olmayıb. Razılaşmadan əvvəl tərəflərə müqavilə nümunəsi təqdim edilir. İş materiallarında olan xx.xx.1990-cı il tarixli Oktyabr rayon soveti icraiyyə komitəsinin 22/3 nömrəli H.Cavid küçəsi 19 nömrəli evin sakini İddiaçı yoldaşa yardımçı otaq verilməsi haqqında qərarından görünür ki, H.Cavid küçəsi 19 nömrəli evin həyətində boşalmış yaşayış üçün yararsız olan mənzili həmin evin sakini İddiaçı yoldaşa yardımçı otaq kimi istifadəyə verilmişdir. - 16.06.2023-cü il tarixli K/126 nömrəli iddiaçı və cavabdeh arasında əvəzləşmə müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni imzalamamışlar. Məhkəmə iddia tələbi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, təqsirli olaraq törədilmiş hüquqa zidd hərəkət nəticəsində əmlaka vurulan zərər ödənilməlidir. Cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində ziyanın vurulmasını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki işdə İddiaçı tərəfindən yaşadığı evə dəymiş ziyanın məhz cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində dəyməsini təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. Başqa sözlə, iddiaçı ona məxsus evin cavabdeh şirkət tərəfindən sökülməsi faktını təsdiq edən hər hansı sübut, məsələn fotoşəkil, videogörüntü və s. təqdim etməmişdir. Dolaysıyla da, məhz cavabdeh tərəfindən edilmiş söküntü nəticəsində maddi ziyanın vurulmasıda iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçı dəymiş ziyanın sırf 9000 manat məbləğində qiymətləndirilməsini də sübut etməmişdir, halbuki Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, ona görə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü idə ********** nömrəli mədaxil qəbzi ilə 180 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1 qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-164/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-164/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver