Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1673/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İByə vurulmuş 227 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3879,90 manat pulun və 61,07 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4167,97 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X3 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci ildə 4/6607 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 324 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 216 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh həmin zərərdən 313 manat ödəniş etmişdir. Həmçinin, cavabdehin ödənilməmiş 2020-ci ilin noyabr-dekabr ayları üzrə 213,60 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 1644,70 manat sərfiyyat borcu və limitdən əlavə 92,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1429,02 manat sərfiyyat borcu və limitdən əlavə 49,23 manat sərfiyyat borcu, 2023-cü ilin fevral-oktyabr ayları üzrə 1108,56 manat sərfiyyat borcu və limitdən əlavə 108,19 manat sərfiyyat borcu, cəmi 4645,40 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 765,50 manat məbləğində ödəniş etmişdir. Beləliklə, Cavabdeh "Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda "Abonentin saldo" üzrə ümumi 4106,90 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 2020-ci ildən ödəniş etmir. Borc sayğaca müdaxiləyə görə tərtib olunmuş 2 akt əsasında yazılıb. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 4/6607 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkarlanmışdır. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus sayğacın hesablama mexanizminin keçən qazın hecmini qeyd etmədiyi aşkarlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Lakin, cavabdehin təbii qazdan istifadə nəticəsində 3879,90 manat borcu yaranmışdır. Eyni zamanda sayğaca müdaxilə etməsinə görə iki akt tərtib olunaraq, ona 3879.90 manat borc hesablanmşdır. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdeh təbii qazdan istifadəyə görə ödəmədiyi 3879.90 manat pulu iddiaçıya ödəməlidir. Bundan başqa, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında sayğacda çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsinə görə istehlakçıya 324 manat borc, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında sayğacın hesablama mexanizminin keçən qazın hecmini qeyd etmədiyinə görə istehlakçıya 216 manat borc hesablanmışdır. Cavabdeh həmin borcdan 313 manat ödədiyindən 227 manat məbləğində borcu qalmışdır. Bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X2"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********5 nömrəli qəbzlə 61,07 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 4106,90 manat məbləğində iddianın 3879,90 manat hissəsi (94,47 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 94,47 faizi, yəni 57,69 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 3,38 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 3879,90 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 57,69 manat hissəsi, ümumilikdə 3937 (üç min doqquz yüz otuz yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3 (üç) manat 38 (otuz səkkiz) qəpik məbləğində hissəsi iddiaçıya aid edilsin. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1673/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1673/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver