Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1682/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "dəymiş zərərin və debitor borcun tutulması" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin və debitor borcun tutulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş 1620 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 478,63 manat və 40,99 manat ödənilmiş dövlət rüsumu əvəzinin, cəmi 2139,62 manat borcun tutularaq iddiaçıya dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə Sab-708 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə"si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********30001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X2nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1620 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildiririk ki, cavabdehin ödənilməmiş 2021-ci ilin noyabr-dekabr ayları üzrə 81,96 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 993,43 manat sərfiyyat borcu və limitdən əlavə 65,07 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 400,44 manat sərfiyyat borcu və limitdən əlavə 8,81 manat sərfiyyat borcu, cəmi 1549,68 manat sərfiyyat borcu qalmışdır. 2021-cü ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər cavabdeh 1071,05 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 478,63 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin "Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda "Abonentin saldo"su üzrə ümumi 2098,63 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 4 göz qaz 24 saat hesablanmışdır, dəmir soba 2 ədəd göstərilmişdir. 478 manat debitor borcdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında cavabdeh bildirmişdir ki, qanunsuz qoşalmanın ona aid olmadığı təqdim etdiyi fotoşəkillərdən görünür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "Abonent saldosu"ndan görünür ki, **********30001 abonent kodu olan Cavabdeh 04.2022-ci il tarixə 1620 manat məbləğində borcu mövcuddur. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, cavabdehə məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 13500 m³ hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsi əsası ilə akt tərtib edilmişdir. Tərtib edilmiş akt üzrə 1620 manat ziyan hesablanmışdır. Cavabdeh kənar xətdən istifadə etdiyinə görə ona akt tərtib olunması ilə razı deyil, kənar xətdən istifadə etdiyini inkar edir. Cavabdehdən həmçinin 478,63 manat məbləğində debitor borcun tutulması tələb edilir. Məhkəmə hesab edir ki, iddianın vurulmuş ziyana dair hissəsinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X2"nın 6.5-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə cavadehin qazdan qanunsuz kənar xətt vasitəsilə istifadə etməsi faktını və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən tərtib olunan akt üzrə cavabdehdən pul tutulmalıdır. Digər tərəfdən isə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də: - 4 gözlü qaz plitəsinin (PQ4-4) maksimat saatlıq qaz sərfi 1,2 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə; - samovarın (PQ4-4) maksimat saatlıq qaz sərfi 2,25 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə; - 2 ədəd dəmir sobanın maksimat saatlıq qaz sərfi 1,4 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir Cavabdeh tərəfindən mütəmadi və fasiləsiz olaraq qaz plitəsinin, kombinin və digər qızdırıcılarının evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən məhkəmə yay aylarında ümumiyyətlə qızdırıcılardan istifadə olunmamasını və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğunu nəzərə alaraq 3 saat orta günlük iş rejiminin götürülməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, samovarında 24 saat ərzində işlək vəziyyətdə olması inandırıcı deyil, ona görə 12 saat orta günlük iş rejimi ilə hesablamalar aparılmalıdır. Bundan başqa bir fərdi yaşayış evində 2 dəmir sobanın olması rəal olmadığından, sadəcə 1 ədədi üzrə hesablamaların aparılması məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, qaz sərfinin aşağıdakı qaydada hesablanması daha məqsədəmüvafiqdir:
1. 4 gözlü qaz plitəsinin qaz sərfi 1,2 m³ x 3 saat x 90 x 0,12=38,88 manat;
2. samovarın qaz sərfi 2,25 m³ x 12 saat x 90 x 0,12=291,60 manat;
3. 1ədəd dəmir sobanın qaz sərfi 1,4 m³ x 24 saat x 90 x 0,12=362,88 manat. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya cəmi olaraq 693,36 manat məbləğində ziyan vurulmuşdur. Ona görə məhkəmə hesab edir ki, "Azəriqaz" İB-nin vurulmuş zərərə görə tələbi etdiyi 1620 manatdan 693,36 manat məbləğində hissəsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin 478,63 manat məbləğində debitor borca, yəni sayğacdan faktiki istifadə üzrə yaranmış borca dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı 478,63 manat məbləğində debitor borcunu tələb etməkdə haqlıdır, iddia bu hissədə tam təmin edilməlidir. Bundan başqa, "Azəriqaz" İB məhkəməyə müraciət etmək üçün 40,99 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən tutulmasını tələb edir. İddia bu hissədə də əsaslıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə 40,99 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 2098,63 manat məbləğində iddianın 1171,99 manat hissəsi (55,84 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 55,84 faizi, yəni 22,88 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 18,11 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu **********30001) İddiaçı xeyrinə vurulmuş zərərə görə 478 (dörd yüz yetmiş səkkiz) manat 63 (altmış üç) qəpik, debitor borca görə 693 (altı yüz doxsan üç) manat 36 (otuz altı) qəpik, 22 (iyirmi iki) manat 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1194 (min yüz doxsan dörd) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat 11 (on bir) qəpik hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Adilə Paşayeva.