Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1767/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 1000 manat əsas və 50 manat faiz borcu olmaqla, cəmi 1050 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 500 manat olan “Radar” markalı avtomobil təkərini 7 ay müddətinə, ilk ay 80 manat, sonrakı aylar üzrə isə 60 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, nəticədə tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçı tərəfindən, hazırkı məhkəmə iclasında nümayəndənin üzrlü səbəbdən iştirak etməməsi və işə iştirakları olmadan baxılmasının xahiş edilməsi barədə elektron ərizə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavələrdən görünür ki, sonuncu, iddiaçıdan ümumi məbləği 500 manat təşkil edən “Radar 185 60 15” modelli təkəri hər ay 60 manat ödəmək şərti ilə 7 ay müddətinə almışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə öhdəliklər vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 1000 manat məbləğində qalıq borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı cavabdehi sözügedən müqavilə üzrə öhdəliyini ödəniş cədvəli ilə şərtləşdirilmiş müddətdə və qaydada icra etməməyə davam edəcəyi təqdirdə, qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilənin 3.6 və 3.7-ci bəndlərinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətə yerinə yetirmədikdə, malın qiymətinin ödənilməmiş hissəsinin və hesablanmış peniyanın ödənilməsi barədə İddiaçı-in tələbini dərhal və mübahisəsiz yerinə yetirir. Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, R.R.Rent malın qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və malın qiymətinin 10%-nə bərabər cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək, götürdüyü məhsulun ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh cəmiyyət qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi 1050 manat borcu vardır və həmin borc məbləği cavabdehdən tərəfindən iddiaçıya ödəməlidir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia tələbi təmin edilsin. Cavabdeh 1000 manat əsas borc və 50 manat faiz borcu olmaqla, cəmi 1050 (bir min əlli) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-1767/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1767/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver