Məhkəmə qərarları › İş №e-2(008)-1793/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1793/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1793/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən akt üzrə yaranmış borca görə 43,2 manat, debitor borca görə 3098,94 manat və dövlət rüsumuna görə 51,43 manat olmaqla, cəmi 3193,57 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus ev təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və sayğaca müdaxilə etmiş, eyni zamanda qaz sərfiyyatına görə yaranmış borc məbləğini ödəməmiş, nəticədə, tələbdə göstərilən məbləğdə borc yığılmışdır. Cavabdeh tərəfindən borc məbləğləri ödənilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-cı maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacın hesablama mexanizmindən keçən qazın həcminin qeyd edilməməsi və sayğacın istismara yararsızlığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, işdə olan abonent kodu **********10000 nömrə olan abonent saldosundan görünür ki, 2022-ci ilin iyun ayından noyabr ayınadək abonentin qaz sərfiyyatı olmamışdır və buna görə xx.xx.2022-ci il tarixli akt əsasında 43,2 manat dəymiş ziyan məbləği hesablanmışdır. Həmin saldoya əsasən, Cavabdeh 2020-ci ilin oktyabr ayından dekabr ayınadək 245 manat debitor borcu, 2021-ci ilin yanvar ayından dekabr ayınadək 1811,1 manat debitor borcu, yeni tarifə keçidlə əlaqədar 121,4 manat, 2022-ci ilin yanvar ayından iyun ayınadək 848,11 manat debitor borcu, yeni tarifə keçidlə əlaqədar 117,39 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçıya dəymiş ziyana görə 43,2 manat, həmçinin cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 3098,94 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 51,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 51,43 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 43,2 manat dəymiş zərər, 3098,94 manat sərfiyyat borcu olmaqla, cəmi 3142,14 (üç min yüz qırx iki manat, on dörd qəpik) manat məbləğində pul vəsaiti və 51,43 (əlli bir manat, qırx üç qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı bank hesabına ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar