Məhkəmə qərarları › İş №e-2(008)-1829/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1829/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1829/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "akt üzrə 3924 manat dəymiş ziyanın, 1550,50 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 79,4 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat vəkil xərcinin tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "akt üzrə 3924 manat dəymiş ziyanın, 1550,50 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 79,4 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat vəkil xərcinin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə 1550,50 manat borcu yaranmış, bundan başqa, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 3924 manat maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 475,20 manat, xx.xx.2020ci il tarixli ******* nömrəli akt əsasında 2656,80 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat maddi ziyan hesablanmışdır. İddiaçı hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsə də, əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə iddianın təbii qazdan istifadəyə görə 1550,50 manat borcla bağlı hissəsi etiraf etmiş, 3924 manat maddi ziyanla bağlı hissəsini isə etiraf etməmişdir. O, izahatında bildirmişdir ki, qaz sayğacının qeydə aldığı 1550,50 manat borcu ödəməyə razıdır, maddi ziyan kimi tələb olunan 3924 manatı isə ödəməyə razı deyil. Belə ki, o, sayğacdan kənar qazdan istifadə etməmişdir və qaz xətti onun həyətinin divarının yanından keçmədiyinə görə o, xəttə qoşula da bilməzdi. Eyni zamanda, iddiaçının məhkəməyə təqdim etdiyi və qaz xəttinə qoşulmanı əks etdirən fotoşəkildəki darvaza və hasar ona məxsus deyil. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Mirəli Mirəliyev küçəsi 91A nömrəli fərdi yaşayış evində yaşayır. Cavabdehin adına **********00150 nömrəli abonent kodu açılmış və G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən istifadə edilmiş və sayğacın qeydə aldığı təbii qazın dəyəri 1550,50 manat təşkil edir. Cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə iddianın həmin 1550,50 manatla bağlı hissəsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən iddianın qismən, yəni 1550,50 manat hissədə etiraf olunması qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia həmin hissədə təmin olunmalıdır. İddianın qalan hissəsini, yəni akt üzrə 3924 manat dəymiş ziyanın ödənilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçının işçiləri tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar tərtib edilmişdir. Həmin aktlarda göstərilmişdir ki, istehlakçı Cavabdeh təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etmişdir. Həmin xx.xx.2020-ci il tarixli akt əsasında 4752 kub.m, xx.xx.2020-ci il tarixli akt əsasında 26568 kub.m, xx.xx.2021-ci il tarixli akt əsasında 3960 kub.m, xx.xx.2021-ci il tarixli akt əsasında 3960 kub.m qaz istifadəsi hesablanmış və bu həcmin dəyəri 3924 manat qiymətləndirilmişdir ki, iddiaçı hazırda həmin məbləği tələb edir. İşdə olan, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğac quraşdırılan müddətə qədər təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəsi aşkarlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəsi aşkarlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlanmışdır. İşdə olan, xx.xx.2020-ci il tarixli akta əlavə olunmuş fotoşəkildən görünür ki, həyət hasarının bayır tərəfində yerləşən əsas qaz xəttinə xırda borunun birləşdirilməsi və hasarda açılmış dəlikdən hasarın digər tərəfində keçirilməsi əks olunmuşdur. İşdə olan, xx.xx.2020-ci il tarixli akta əlavə olunmuş fotoşəkildən görünür ki, həyət hasarının bayır tərəfində yerləşən əsas qaz xəttinə xırda borunun birləşdirilməsi və hasarın üstündən aşırmaqla hasarın digər tərəfinə keçirilməsi əks olunmuşdur. İşdə olan, xx.xx.2021-ci il tarixli akta əlavə olunmuş fotoşəkildən görünür ki, həyət hasarının bayır tərəfində yerləşən əsas qaz xəttinə xırda borunun birləşdirilməsi və hasarın üstündən aşırmaqla hasarın digər tərəfinə keçirilməsi əks olunmuşdur. İşdə olan, xx.xx.2021-ci il tarixli akta əlavə olunmuş fotoşəkildən görünür ki, həyət hasarının bayır tərəfində yerləşən əsas qaz xəttinə xırda borunun birləşdirilməsi və hasarın üstündən aşırmaqla hasarın digər tərəfinə keçirilməsi əks olunmuşdur. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normalara uyğun olaraq, İddiaçı Cavabdeh 3924 manat zərərin ödənilməsini tələb edə bilməsi üçün zəruri olan şərtlərdən biri həmin zərərin cavabdeh tərəfindən vurulmasının müəyyən edilməsindən ibarətdir və bu halı sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. İddiaçı qeyd olunan halı sübut etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar yuxarıda sadalanan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lara əlavə edilmiş fotoşəkillərdir. Lakin cavabdeh həmin fotoşəkillərdə əks olunmuş darvazanın və hasarın ona məxsus olduğunu inkar etdiyinə, eləcə də qaz xəttinin, ümumiyyətlə, onun həyətinin hasarının yanından keçmədiyini bildirdiyinə görə məhkəmə tərəfindən cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Mirəli Mirəliyev küçəsində yerində müayinə keçirildi. Müəyyən edildi ki, həmin küçədə olan qaz boru xətti küçənin əks tərəfində yerləşən həyətlərin hasarlarının yanı ilə çəkilmişdir və cavabdehin evinin hasarına yaxın deyildir. Cavabdehə məxsus olan qaz sayğacı küçənin əks tərəfində olan həmin boru xəttinə qoşulmuş, sayğacdan çıxan boru isə yolun altından yeraltı üsulla keçirilərək cavabdehin həyətinə çatdırılmışdır. Küçədə olan qaz boru xəttindən cavabdehin həyətinə hər hansı digər xəttin çəkilməsi aşkar edilmədi. Ümumiyyətlə, cavabdehin hasarının yanında əsas boru xətti yoxdur və fotoşəkillərdə əks olunan darvaza və hasar cavabdehə məxsus deyil. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və üstündən boru xətti keçən darvazanın əks olunduğu fotoşəklin harada çəkilməsini və cavabdehə nə kimi aidiyyətinin olmasını izah edə bilmədi. Beləliklə, təqdim olunmuş fotoşəkillərdə əks olunmuş darvazanın və hasarın cavabdehə aidiyyətinin olması müəyyən olunmadı, eyni zamanda, işdə olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edən başqa heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, İddiaçı Cavabdeh 3924 manat dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil və iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 79 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 5474,5 manat məbləğində iddianın 1550,50 manat hissəsi (28,32 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 28,32 faizi, yəni 22,37 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 56,63 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, iddiaçı 400 manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etsə də, məhkəməyə həmin məbləğin vəkilə ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Ona görə məhkəmə həmin məbləğin məhkəmə xərclərə aid edilməsini və tərəflər arasında bölüşdürülməsini mümkün hesab etmədi. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1550,50 manat təbii qazdan istifadə nəticəsində yaranmış borc alınaraq İddiaçınə ödənilsin. İddia 3924 manat dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 22,37 manat hissəsi Cavabdeh aid edilsin və həmin məbləğ ondan alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 56,63 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar