Məhkəmə qərarları › İş №e-2(008)-1842/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1842/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1842/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 9457 manat əsas, 1033,97 manat faiz, 504,15 manat cərimə borcu olmaqla, cəmi 10.995,12 manat məbləğində borcun və ödənilmiş 122,99 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, təmsil etdiyi bankla Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24% dərəcəsi ilə 60 ay müddətinə 9457 manat məbləğində kredit verilmişdir. Lakin borclu həmin müqavilə üzrə kredit öhdəliklərini icra etməmiş və tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştiraksını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24% dərəcəsi ilə 60 ay müddətinə 9457 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, yuxarıda göstərilən kredit müqavilələri üzrə tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2022-ci il tarixdən başlayıb xx.xx.2027-ci il tarixdə bitməli olduğunu nəzərdə tutan ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh həmin tarixə Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9457 manat əsas, 1033,97 manat faiz, 504,15 manat cərimə borcu olmaqla, cəmi 10995,12 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqavilələri bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İddiaçının nümayəndəsinin izahatına əsasən və iş materiallarına əlavə edilmiş, iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, ona bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, həmin xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9457 manat əsas, 1033,97 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 10.540,97 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 122,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 122,99 manat dövlət rüsumunun 121,62 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9457 manat əsas, 1033,97 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 10.540,97 manat manat məbləğində borc və ödənilmiş 121,62 manat dövlət rüsumu iddiaçı Bank VTB (Azərbaycan)ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9457 manat əsas, 1033,97 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 10.540,97 (on min beş yüz qırx manat, doxsan yeddi qəpik) manat məbləğində borc və 121,62 (bir yüz iyirmi bir manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar