Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1918/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "3625,02 manat əsas, 1857,76 manat faiz, 4,49 manat məbləğində cərimə, cəmi 5487,27 manat borcun və 75 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "3625,02 manat əsas, 1857,76 manat faiz, 4,49 manat məbləğində cərimə, cəmi 5487,27 manat borcun və 75 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, "xxxx" ASC 17 saylı Notariat Ofisinin notariusuna müraciət edərək, müqavilənin vaxtı bitmədən ondan düzgün hesablanmamış məbləğin tutulması tələbi ilə icra qeydi çıxartdırmışdır. O, həmin icra qeydinin ləğvi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə icra qeydini ləğv etmişdir. O, "xxxx" ASC-yə borcun restrukturizasiyası ilə bağlı müraciət etsə də, rədd cavabı almışdır. 2022-ci ilin sentyabr ayından işsizdir və adına heç bir əmlak yoxdur. Onun rəsmi əmək haqqı 466 manat olmaqla, "xxxx" ASC-yə aylıq ödənişi 236 manat olmaqla 7750 manat nağd kredit və aylıq ödənişi 76 manat olmaqla 1000 manat tam kart krediti mövcud olduğu və ona kredit ayrılmamalı olduğu halda, iddiaçı qanun pozuntusuna yol vermiş, 500 manat Bolkart üçün müraciət etdiyi zaman, ona əlavə olaraq 5000 manat nağd kredit vermişdir. O, kreditin 3000-4000 manat məbləğini ödəmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 27 % olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh əsas borcu və hesablanmış faizləri banka ödəməkdən yayınır, beləliklə də kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borclu ödənişləri 2 aydan artıq müddətdə gecikdirdikdə, habelə ardıcıl olaraq 2 dəfə pozduqda, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehin hal-hazırda 5487,27 manat kredit borcu mövcuddur. İcra qeydi məbləğ borcdan çox olduğuna görə ləğv edilmişdir. İcra qeydi ləğv olunduqdan sonra hesablamalar başlamış və məbləğ artmışdır. Cavabdeh iddiaya etiraz verməmiş, məhkəmə iclasının vaxtı və yeri haqqında təkrarən lazımi qaydada xəbərdar edilməsinə, o cümlədən məhkəmə bildirişinin cavabdehin "Elektron məhkəmə" informasiya sistemində yaratdığı elektron kabinetə yerləşdirilməsinə baxmayaraq, o gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2021-ci ildə CP/44644/78/14 nömrəli "Kredit sazişi" bağlanmışdır. Həmin saziş əsasında cavabdehə 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 5000 manat kredit verilmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 8İ-8790 nömrə ilə qeyd edilmiş, iddiaçının xeyrinə cavabdehdən CP/44644/78/14 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 4503,58 manat pulun tutulması barədə icra qeydi aparılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2454/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 8İ-8790 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi qət olunmuşdur. İşdə olan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/44644/78/14 nömrəli "Kredit sazişi"ndən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 5000 manat kredit verilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli CP/44644/78/14 nömrəli müqavilə üzrə 3625,02 manat əsas, 1857,76 manat faiz, 4,49 manat cərimə borcu vardır. İşdə olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2454/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülik iş üzrə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 8İ-8790 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6770 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/44644/78/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya xx.xx.2022-cü ilə 3585,07 manat əsas, 663,48 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, cavabdehin iddiaçıya borcu 3625,02 manat əsas, 1857,76 manat faiz, 4,49 manat cərimə, cəmi 5487,27 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır, ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3625,02 manat əsas, 1857,76 manat faiz, 4,49 manat cərimə borcu, 75 manat dövlət rüsumu olmaqla, cəmi 5562,27 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-1918/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1918/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver