Məhkəmə qərarları › İş №e-2(008)-1920/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1920/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1920/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sərkərov Kəlbi Sərdar oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********93 №-li kredit kartı üzrə 452.57 manat borcun və xx.xx.2022-ci il tarixli BPM**********73 №-li kredit müqaviləsi üzrə 2540.61 manat borcun və ödənilmiş 49.93 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə Sərkərov Kəlbi Sərdar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********93 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit kartı və xx.xx.2022-ci il tarixli BPM**********73 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 3500 manat məbləğində kredit Sərkərov Kəlbi Sərdar oğluna verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Sərdar oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Sərkərov Kəlbi Sərdar oğlunun vərəsəsi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Sərkərov Kəlbi Sərdar oğlunun Banka ödənilməmiş qalan xx.xx.2021-ci il tarixli BPM**********93 №-li kredit kartı üzrə 452.57 manat borcu və xx.xx.2022-ci il tarixli BPM**********73 №-li kredit müqaviləsi üzrə 2540.61 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Sərkərov Kəlbi Sərdar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********93 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit kartı verilmişdir. - "xxxx" ASC ilə Sərkərov Kəlbi Sərdar oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********73 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Sərkərov Kəlbi Sərdar oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - ödəniş cədvəlidən görünür ki, Sərkərov Kəlbi Sərdar oğlu xx.xx.2022-ci il tarixdən 24 ay müddətində hər ay 176.44 manat (sonuncu ay 176.10 manat) ödəməli idi. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Sərkərov Kəlbi Sərdar oğlunun 212RCNL220610001 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 2540.61 manat əsas borcu vardır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Sərkərov Kəlbi Sərdar oğlunun xx.xx.2021-ci il tarixli kredit kartına əsasən xx.xx.2023-cü il tarixinə 446.75 manat əsas, 5.82 manat faiz borcu olmaqla, cəmi 452.57 manat borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Sərkərov Kəlbi Sərdar oğlunun banka olan borcunun 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 49.93 manat dövlət rüsumu ödəmişdir. - AZ-İİ seriyalı 287186 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sərkərov Kəlbi Sərdar oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2023-cü il tarixli 2V-44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Sərkərov Kəlbi Sərdar oğlunun vərəsəsi arvadı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Sabunçu rayonu ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 19.0 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. - İİİ-ЖГ seriyalı 471462 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Sərkərov Kəlbi Sərdar oğlu ilə X1 xx.xx.1985-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Sərkərova soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Sərkərov Kəlbi Sərdar oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********93 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Sərkərov Kəlbi Sərdar oğluna 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit kartı verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Sərkərov Kəlbi Sərdar oğlu arasında xx.xx.2022-ci il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Sərkərov Kəlbi Sərdar oğluna 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Sərkərov Kəlbi Sərdar oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Sərkərov Kəlbi Sərdar oğlu xx.xx.2022-ci il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqavilələri üzrə ödənilməmiş borcu Sərkərov Kəlbi Sərdar oğlunun vərəsəsi – hazırkı iş üzrə Cavabdeh tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sərkərov Kəlbi Sərdar oğlu kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələrə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X4 Sərdar oğlu xx.xx.2022-ci il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Sərkərov Kəlbi Sərdar oğlunun kreditoru olan iddiaçı qarşısında onun vərəsəsi - Cavabdeh məsuliyyət daşıdığından, iddiaçı kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini vərəsədən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********93 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 452.57 manat borc, xx.xx.2022ci il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 2540.61 manat borc olmaqla, ümumilikdə 2993.18 manat məbləğində borc, 49.93 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********93 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 452,57 manat borc, xx.xx.2022-ci il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 2540,61 manat borc olmaqla, ümumilikdə 2993,18 manat məbləğində borc, 49,93 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar