Məhkəmə qərarları › İş №e-2(008)-2030/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2030/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2030/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO QSC «Bank Satndart» KB-nin Cavabdeh qarşı “kredit borcunun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC «Bank Satndart» KB Cavabdeh qarşı “kredit borcunun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB il Cavabdeh Mehma oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/125868/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 226.69 manat məbləğində əsas borc, 25.14 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 194.90 (manat məbləğində cərimə borcu, 33.34 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 480.07 manat məbləğində pulun, 20 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) il Cavabdeh Mehma oğlu arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/125868/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 592 (beş yüz doxsan iki) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 226.69 manat məbləğində əsas borc, 25.14 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 194.90 manat məbləğində cərimə borcu, 33.34 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 480.07 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə yazaraq mülki işin iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan QSC «Bank Satndart» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/125868/14 saylı güzəştli kredit müqaviləsinə əsasən, Bank Borcalana 24 ay müddətinə, illik 25 faizdən ödəmək şərti ilə 592 manatlıq kredit verilmişdir; - xx.xx.2014-cü il tarixli, 1xx/xx/1281173/14 saylı kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 31.59 manat təşkil edir. - xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 226,69 manat məbləğində əsas borcu, 25,14 manat məbləğində faiz borcu, 194.90 manat cərimə borcu və gecikdirilmş vaxt üçün hesablanan 33.34 manat faiz borcu olmaqla, cəmi 480.07 manat təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarından görünür, QSC Bank Standard KB müflis elan edilərək, ləğvedicisi təyin edilmişdir. -İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbi üzrə cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən əsas borca münasibətdə cərimə borcu hesablanarkən tənasüblülük gözlənilməmiş olduğundan iddia tələbi cərimə borcu hissəsində azaldılaraq 20 manat müəyyən edilməsi daha ədalətli olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bundan başqa məhkəmə iddia tələbinin 33.34 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, kredit müqaviləsi üzrə müddət bitməmişdən əvvəl iddiaçı bank müflis elan edilərək, ləğv prosesi başlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ləğv olunmuş bankın hər hansı gəlir əldə etmə imkanı olmadığından müqavilə müddəti bitdikdən sonra borcalana faiz məbləğinin hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 226.69 (iki yüz iyirmi altı manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 25.14 (iyirmi beş manat on dört qəpik) manat faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə borcu borcu olmaqla cəmi 271.83 (iki yüz yetmiş bir manat, səksən üç qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar