Məhkəmə qərarları › İş №e-2(008)-2051/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2051/2024

23.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2051/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Dadaşov küçəsi 17-də yerləşən, bir hissəsi taxta konstruksiyalı, digər hissəsi daş hörgülü olan hasarın öz vəsaiti hesabına sökülməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Orada onun öz vəsaiti hesabına tikdiyi sözügedən ev onun və ailəsinin yeganə yaşayış yeridir. Qonşuluqda, yəni onun evinə perpendikulyar Sabunçu rayonu Sabunçu qəsəbəsi Dadaşov küçəsi ev 17 ünvanında Cavabdeh yaşayır və evin sahibidir. Sözügedən şəxs təbiəti baxımından narahat qonşudur. Qonşusu olaraq onu daim narahat edir. Hər cür vasitələrlə ona və əmlakına ziyan vurmağa çalışır. Sonuncu mübahisələrdən birinə səbəb də Cavabdeh qonşusu və eyni zamanda onun evinə gedən yeganə yolu daraldaraq hasarını irəli çəkməsi olmuşdur. Mübahisə çox dərinləşmiş və münaqişəyə bütün ailə, başda qaynatası Ədalət Şirinov olmaqla qaynı Məhəmməd Şirinli də qarışmışlar. Sözügedən işlə bağlı onun qaynı X2 məsuliyyətə cəlb olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-80/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərərk 1000 AZN cərimə olunmuşdur. Sözügedən hökmün surətindən də göründüyü kimi mübahisə cavabdehin onun evinə gedən yolu özbaşına olaraq bağlaması (daraltması) üstündə olmuşdur. İddia ərizəsinə əlavə edilmiş ittiham aktından da göründüyü kimi Cavabdeh ifadəsində göstərmişdir ki, 3 azyaşlı övladı var, orta təhsillidir, fərdi əməklə məşğuldur. Onun qaynatası Ədalət uzaq qohumudur, onlar qonşuluqda yaşayırlar. X1, Ceyhun isə Ədalətin qızı Aytənin həyat yoldaşıdır. Bir müddətdir ki, onların ailəsi ilə münaqişədədirlər. Sabunçu rayonu Sabunçu qəsəbəsi Dadaşov küçəsi 17 ünvanında yerləşən evinin hasarını irəli çəkməyinə görə aralarında münaqişə yaranmışdır. Əsas da Ədalət və kürəkəni və eyni zamanda, İddiaçı ondan hasarı geri çəkməyi tələb edir. 21 yanvar 2022-ci il tarixdə saat 11:00 radələrində evinin qarşısında Dadaşov küçəsi 17 saylı ünvanda olarkən Ceyhun, Ədalət və Məhəmmədlə yol üstündə yenidən söhbət etmişdir. Daha sonra aralarında olan yenə həmin yol üstündə olan söhbət münaqişəyə çevrilmişdir. Hökmdən göründüyü kimi onun qaynı X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimələnmişdir. Hökm və ittiham aktının məzmunundan göründüyü kimi cavabdeh əsassız olaraq onun evinə gedən yeganə yolu hasarlamaqla (yolu qəsdən daraltmaqla) ona məişət xarakterli çətinlik yaradır, təcili yardım, yanğınsöndürən və digər operativ nəqliyyat vasitələrinin evə gəlişinə maneçilk törədir. O və qohumları cavabdehlə dəfələrlə razılığa gəməyə çalışmış, hasarın bir metr geri çəkilməsinin kifayət edəcəyi bildirilmişdir. Hesab edir ki, cavabdehin evi özbaşına tikili olmaqla, hasarı da irəli çəkməsi qeyri-qanunidir. Nəzərə alınmalıdır ki yolun uzunluğu 19 metr, eni bir başda 1.50 metr, digər başda isə 1.80 metrdir. Cavabdehin çəkdiyi hasar taxta konstruksiyadan ibarət olmaqla, yalnız bir başı daş hörgülüdür. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı cavabdehin qonşusudur. İddiaçı qonşu Valehin torpaq sahəsini zəbt edib, cavabdehin qonşuluğunda qanunsuz ev tikmişdir. Tərəflər arasında olan gediş-gəliş yoluna iddiaçı ev tikəndən bəri toxunulmamışdır. Hətta iddiaçı həmin yolun genişləndirilməsi üçün cavabdehin dayısından və cavabdehdən yer istəmiş, onlar iddiaçının xahişini nəzərə alıb həmin gediş-gəliş yolunun genişləndirilməsi üçün öz torpaq sahələrindən yer vermişlər. İddiaçının məqsədi cavabdehin həyətindən həmin gediş-gəliş yolunu daha da genişləndirmək üçün torpaq sahəsi almaqdır. Hətta keçən il iddiaçı öz yaxın adamları ilə cavabdehdən torpaq sahəsi almaq üçün cavabdehlə dalaşmış və cavabdehi döymüşlər. Bununla əlaqədar iddiaçının qaynı Ədalət Şirinli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cərimə cəzasına məhkum edilmişdir. Hal-hazırda iddiaçı əsassız olaraq cavabdehə qarşı iddia qaldırmışdır ki, guya cavabdeh aralarında olan gediş-gəliş yoluna daş hasar çəkmiş, həmin yolu daraltmışdır. Bu tamamilə yalandır. Həmin ərazi, yəni tərəflərin arasında olan gediş-gəliş yoluna dair iddiaçının heç bir hüquq verən sənədi yoxdur. Sabunçu Bələdiyyəsi bildirmişdir ki, həmin ərazi Neft Şirkətinin balansındadır. Gediş-gəliş yolunda daş hasarın çəkilməsi və daraldılması müşahidə edilmir. İddiaçının həmin gediş-gəliş yoluna dair hər hansı bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-80/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. -Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 25 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sabunçu qəsəbəsi Dadaşov (indiki Ş.İ.Xətai) küçəsi ev 17 və ev 17A ünvanlarındakı hər iki ev sənədsiz tikililərdir. Hər iki evin hasarları əvvəlki qaydada mövcuddur. Ərazi Neft Şirkətinin balansındadır. Evlərin arasındakı yoldan ümumi gedişgəliş üçün istifadə olunur. Yolun daraldılması müşahidə olunmadı. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 2 ünvanında yerləşən evin və torpaq sahəsinin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçının və cavabdehin yaşadıqları Bakı şəhəri ünvan 3 ünvanlarındakı evlər özbaşına tikililər olmaqla, tikililərin yerləşdiyi ərazi Neft Şirkətinin balansındadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə olan halda, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Dadaşov küçəsi 17-də yerləşən, bir hissəsi taxta konstruksiyalı, digər hissəsi daş hörgülü olan hasarın öz vəsaiti hesabına sökülməsinin Cavabdeh üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar