Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2122/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (bundan sonra QSC "xxxx" KB) cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 390,35 manat əsas, 239,02 manat faiz, 382,87 manat cərimə borcu, 130,60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1142,84 manat məbləğində kredit borcunun və 31,43 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək onunla əsaslandırdı ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/125948/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 1217 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 390,35 manat əsas, 239,02 manat faiz, 382,87 manat cərimə borcu, 130,60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1142,84 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6920/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə əlaqədar geri qaytarılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə, yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göstərilənlərə əsasən nümayəndə tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etdi və bildirdi ki, iddiaçı QSC "xxxx" KB ilə aralarında 1xx/xx/124338/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilyə əsasən illik 25 faiz ödənilməsi ilə 24 ay müddətinə 1217 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə üzərinə düşən öhtəlikləri vaxtı-vaxtında icra etmişdir. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2016-cı l tarixdə bitmişdir və həmin vaxtan 3 ildən artıq vaxt keçmişdir. Cavabdeh iddia müddətinin keçdiyinin nəzərə alınıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə tərəfindən tərəflərin iştirakı ilə tədqiq edilmiş: - QSC "xxxx" KB və X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 25% olmaqla 1217 məbləğində kredit verilmişdir. - QSC "xxxx" KB və X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, borcalan kredit borcunu xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixədək ödəməlidir. - xx.xx.2014-xx.xx.2019-cu illəri əhatə edən hesabdan çıxarışdan məlum olur ki, X5 tərəfindən sonuncu dəfə xx.xx.2016-cı il tarixdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 6920/2019 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, QSC "xxxx" KB ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 25% olmaqla, ümumilikdə 1712 manat məbləğində kredit verilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2016-cı il tarixdə bitir, cavabdeh tərəfindən sonuncu dəfə ödəniş isə xx.xx.2016-cı il tarixdə edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə elektron qaydada yalnız xx.xx.2026-cı il tarixdə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini və bu səbəbdən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnu qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, hazırkı mülki mübahisə də müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün həmin mübahisəyə məhz Konstitusiya Məhkəməsinin mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanmasını kredit müqavilələri üzrə müddətin bitməsi anından hesablanmalıdır. Mülki işin mübahisəsiz hallarına əsasən, QSC "xxxx" KB ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2016-cı il tarixdə bitir. Cavabdeh xx.xx.2016-cı il tarixdən sonra hər hansı ödəniş etməmiş, hazırkı tələblə isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət olunmuş, bununla da qanunla müəyyənləşdirilmiş iddia müddəti ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi” tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2122/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2122/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver