Məhkəmə qərarları › İş №e-2(008)-2196/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2196/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2196/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatət təqdim edərək, iddia tələbini qəbul etmədiyini, onun iddiaçıya qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin hazırda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olduğunu, həmin mülki iş üzrə ekspertiza təyin edildiyini, ekspert rəyi artıq daxil olduğundan icraatın təzələndiyini bildirmiş, bu səbəbdən mülki işlərin birləşdirilərək birlikdə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ünvanlayaraq bildirmişdir ki, elektron məhkəmə sistemindən əldə olunmuş çıxarışa əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan sözügedən mülki iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2024-cü il tarixə saat 09:45-ə təyin edildiyi məlum olmuşdur. Ona görə də, hazırkı işin Xətai Rayon Məhkəməsində baxılacaq işlə birləşdirilməsi üçün həmin məhkəməyə göndərilməsi ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1048/2024 nömrəli mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-2196/2024 nömrəli mülki iş biri-biri ilə əlaqəlidir (mübahisə predmeti olan borc eynidir) və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1048/2024 nömrəli mülki iş ilkin olaraq icraata qəbul edildiyindən və Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-2196/2024 nömrəli mülki iş ilə əlaqəli olduğundan onlara birgə baxılması məqsədilə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-2196/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1048/2024 nömrəli mülki işlə birgə baxılması məqsədilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar