Məhkəmə qərarları › İş №e-2(008)-2198/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2198/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2198/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3980/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, tərəflərin övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X3, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2020-ci tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 600 manat olmaqla, cəmisi 1800 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuşlar, birgə münasibətlərindən xx.xx.20115-ci il tarixdə X3, xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2020-ci tarixdə doğulmuş X5 adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan ayrılmışlar. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3958/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X2 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3980/22 №-li qətnaməsi ilə üç uşağın yetkinlik yaşına çatanadək iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir . Lakin bu məbləğlə indiki dövürdə 3 uşağı saxlamaq çox çətindir, İddiaçı heç bir yerdə işləmir. Lakin Cavabdeh maddi durumu çox yaxşıdır, rəsmi iş yeri olmasa da şəxsi biznesi vardır. Özünə məxsus qeyri-yaşayış sahələrini icarəyə verərək aylıq 5000 manatdan çox gəlir əldə edir. Ona görə də, tək və işləməyən qadın olaraq 3 uşağın saxlanılması sabit pul məbləği olan 579 manatla çox çətindir , uşaqların təhsili, həkimi, geyimi və s. aylıq 1500 manatdan çox pul tələb edir . Ona görə də tutulması qət edilən aliment məbləği artırılaraq uşaqların saxlanılması üçün hər ay hər uşağa 600 manat olmaqla cəmi 1800 manat məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Hesab edirlər ki, tutulacaq alimentin məbləği uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu qədər deyil, cavabdehin maddi durumuna və gəlirlərinə görə, uşaqların əvvəlki yaşayış səviyyəsinin və əvvəlki yüksək maddi təminatının saxlanmasına görə tutulmalıdır. Belə ki, cavabdehlə birgə yaşadıqları dövrdə övladlarının ehtiyaclarının qarşılınması üçün hər ay təxminən 2000-3000 manat pul xərcləyirdi. Hesab edir ki, nikahın pozulması uşaqların əvvəlki təminatına, o cümlədən də təhsil, istirahət və s.hallara mənfi təsir göstərməməlidir. Cavabdehin aylıq gəlirləri kifayət qədər çoxdur və bu səbəbdən də onun övladlarının saxlanılması üçün daha artıq məbləğdə aliment ödəməyə imkanı var. Cavabdehin atası Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımovdur. Cavabdeh çox imkanlı ailədirlər. Cavabdehlərin əmlaklarının dəyəri on minlonlarla ölçülür. Cavabdehlə birgə yaşadıqları dövrdə onlar uşaqları tez-tez xarici ölkələrə, həmçinin rayonlara istirahətə aparırdılar. Onları yüksək səviyyəli təhsillə təmin edirdlər,onlara bahalı (brend) pal-paltar və sair alırdılar. Bunlardan əlavə cavabdeh asudə vaxtlarını daimi olaraq ölkədən kənar xarici ölkələrdə istirahət, eyş-işrətlə (Türkiyə, Sloveniya, Misir, Yunanınstan, Bolqarıstan və s.) keçirir ki, bu səfərlər üçün də hazırki iqtisadi böhran, inflyasiya dövründə az pul tələb etmir. Onu da qeyd etmək vacibdir ki, bu səfərlər ildə bir dəfə deyil, az müddət kəsimində mütamadi olaraq həyata keçirilir. Cavabdeh xarici səfərlərin özündə də adi istirahət şəraitini seçmir. Cavabdeh bahalı, lüks otellərdə yaşamağı, vaxtını bahalı məkanlarda keçirməyə üstünlük verir. Bir sözlə cavabdeh komfortlu və bahalı həyat tərzində yaşamağı üstün tutur. Cavabdeh oliqarx həyat tərzi yaşayır. Bütün bunlar da əlbətdə ki, az pul tələb etmir. Bu faktları təsdiq edən faktlar barədə videogörüntülər, disklər, şəkillər məhkəməyə təqdim ediləcəkdir. Həmin videogörüntülər, şəkillər cavbadehin sosial şəbəkədə olan özünə məxsus profil vasitəsi ilə paylaşdığı götüntülərdir. Bu səfərlərin yalnız biri təxminən 10000 manat xərc tələb edir. Həmçinin cavabdeh qeyd olunan istirahətə fərqli-fərqli xanımlarla getməyə üstünlük verir. Dostlarının da xərcini cavabdeh özü çəkir. Bu qədər özünün komfortlu həyat tərzi üçün on minlərlə pul xərcləyən cavabdehdən övladları üçün yaşayış minimumu həddində manat aliment tutulması uşaqların mənafeyinə ziddir və ədalətsizdir. Yaşayış minimumu həddində aliment məbləği adətən işləməyən, imkansız valideynlərdən tutulur. Belə imkanlı, lüks həyat sürən valideyndən 235 manat məbləğində alimentin tutulması gülüncdür, uşaqların hüquq və mənafelərinə uyğun deyil. Bundan başqa, cavabdeh hətta bahalı prosedur olan “saç əkimi”ndən də özünü məhrum etməmişdir. “Saç əkimi” prosedurunu isə Azərbaycanda deyil, Türkiyyə Respublikasında etdirmişdir. Saç əkiminin necə bahalı prosedur olması hamıya bəlli olan haldır. Hələ ki, bu prosedur xarici dövlətdə həyata keçirilməsini nəzərə alsaq, nə qədər xərc tuttuğunu təsəvvür etmək elədə çətin deyil. Bu fakt özü özlüyündə cavabdehin gəlirlərinin övladlarına daha yüksək məbləğdə alimentin ödənilməsi üçün kifayət olduğunu təsdiq edir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçının iddia ərizəsində göstərdikləri tamamilə uydurma olmaqla, reallığı əks etdirmir. İddiaçı cavabdehin rəsmi iş yerinin olmadığını və maddi durumunun çox yaxşı olmasını bildirsə də, cavabdeh 2018-ci ildən hal-hazırkı vaxtadək "xxxx" ASC-də mütəxəssis işləyir və aylıq əmək haqqı 850 manat təşkil edir. Xidmət etdiyi iş yeri isə Asan Xidmət Mərkəzi olduğundan, saat 09:00-dan 18:00-dək daimi olaraq işləyir. Aylıq əmək haqqından başqa heç bir qazancı və digər gəlirləri mövcud deyildir. İddiaçı cavabdehdən hər ay hər uşağa 600 manat olmaqla cəmi 1800 manat məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin atasının harada işləməsi, cavabdehin illər öncə istirahət uçun xarıci ölkələrə səfər etməsinə, saç əkdirməsinə istinad edərək, alimentm məbləğinin həddindən artıq sisirdilməsinə nail olmaq istəməsi isə gülüncdür, Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış mmımumunu məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar uçun artmaqda davam edi . Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alımentın miqdarının artırılmasına dair iddiaların sayı da artır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin qeyri-rəsmi nikah münasibətlərindən yetkinlik yaşına çatmamış üç uşaqlraı var: xx.xx.2015-ci il tarixdə doğulmuş X3, xx.xx.2017-ci il tarixdə doğulmuş X4, xx.xx.2020-ci tarixdə doğulmuş X5 (Azərbacan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri, məhkəmə qətnamələri). Nəsimi rayon məhkəməsinin 2(006)-3958/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsilə Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində, X2 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3980/22 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə üç uşağın yetkinlik yaşına çatanadək iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC-də işləyir və 850 manat məbləğində əmək haqqı alır. Hazırda iddiaçı alimentin məbləğinin 193 manatdan hər uşaq üçün hər ay 600 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Hazırki işdə isə iddiaçı işləmir belə. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Lakin, qeyd edildiyi kimi, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, iddiaçı isə hər uşağa 600 manat məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin çox zəngin həyat tərzi keçirdiyini iddia etsə də cavabdehin əlavə gəlirləri barədə sübatlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Nəsimi rayon Məhkəməsinin 2(006)-3980/22 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 193 manat aliment artırılaraq cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində aliment müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1512 manat təşkil edir (235 manat x 3 uşaq x 12 ay = 8460, 193 manat x 3 uşaq x 12 ay = 6948 manat, 8460 manat - 6948 manat = 1512 manat). Odur ki, məhkəmə hesab elir ki, 1512 manat iddia tələbinə görə ödənilməli dövlət rüsumunun məbləği 35,12 manat təşkil etdiyindən, iddiaçı mediasiya xərci üçün 50 manat ödədiyindən və 35,12 manat məbləğ ondan az olduğundan cavabdehdən dövlət nəfinə rüsum tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Nəsimi rayon məhkəməsinin 2(006)-3980/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, tərəflərin övladları - xx.xx.2015-ci il tarixdə doğulmuş X3, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2020-ci tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar