Məhkəmə qərarları › İş №e-2(008)-2201/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2201/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2201/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “borc” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2839.5 manat əsas borc, 37.01 manat faiz borcu və 11.67 manat cərimə borcu olmaqla cəmi 2888.18 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 48.89 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən, X3 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X3 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehin iddiaçıya 2839.5 manat əsas borc, 37.01 manat faiz borcu və 11.67 manat cərimə borcu olmaqla cəmi 2888.18 manat məbləğində borcu qalmaqdadır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etmədiyinə görə cavabdeh X1 2839.5 manat əsas borc, 37.01 manat faiz borcu və 11.67 manat cərimə borcu olmaqla cəmi 2888.18 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 48.89 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 21% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2839.5 manat əsas borc, 37.01 manat faiz borcu və 11.67 manat cərimə borcu olmaqla cəmi 2888.18 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 ünvanlanmış pretenziya məktubundan görünür ki, bank cavabdehdən borcun ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 2839.5 manat əsas borc, 37.01 manat faiz borcu və 11.67 manat cərimə borcu olmaqla cəmi 2888.18 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 48.89 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar