Məhkəmə qərarları › İş №e-2(008)-2224/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2224/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2224/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzra borcun tutulması teləbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 1xx/xx/128352/14 №-li kredit müqaviləsi üzrə 359,55 manat məbləğində əsas borc, 295,84 manat məbəğində faiz borcu, 489,94 manat məbləğində cərimə borcu, 125,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1270,83 manat məbləğində borcun və 32,71 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/128352/14 №-li müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə 25% ödənilməsi şərti ilə 24 ay müddətinə 961 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 359,55 manat məbləğində əsas borcu, 295,84 manat məbəğində faiz borcu, 489,94 manat məbləğində cərimə borcu, 125,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1270,83 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə tərəfindən iki hazırlıq, iki baxış iclası keçirilmiş, cavabdehə hər iclasın yeri və vaxtı barədə sms-bildiriş çatmış, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsi zəng edilib iclaslar barədə məlumat verilmiş, cavabdeh hər dəfə gələcəyini bildirmiş, lakin heç bir iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/128352/14 №-li kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeha 25% ödənilməsi şərti ilə 24 ay müddətinə 961 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 22-dən gec olmayaraq 24 ay müddətinə 51,30 manat banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/128352/14 №-li müqavilə üzrə Ləğv prosesində olan "xxxx" QSC KB-yə cavabdehin 359,55 manat məbləğində əsas borc, 295,84 manat məbəğində faiz borcu, 489,94 manat məbləğində cərimə borcu, 125,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1270,83 manat məbləğində borcu vardır. Cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində tam təmin, cərimə və gecikdirmə faizin tutulması hissəsində rədd edilməlidir. Belə ki, müqavilənin müddətinin 2016-cı ildə bitməsinə baxmayaraq, iddia 2024-cü ildə verilmiş və bununla da cərimə və gecikdirmə faizinin məbləğləri süni şəkildə şişirdilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bütün sübutlara qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/128352/14 №-li müqavilə üzrə 359,55 manat məbləğində əsas borc və 295,84 manat məbəğində faiz borcu, cəmi 655,39 manat və 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, 2,71 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/128352/14 №-li kredit müqaviləsi üzrə 359,55 manat məbləğində əsas borc və 295,84 manat məbəğində faiz borcu, cəmi 655,39 manat və 30 manat ödənilmiş dövlət rüsumu "Ləğv prosesində olan "Bank Standart" KB-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 2,71 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar