Məhkəmə qərarları › İş №e-2(008)-2238/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2238/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2238/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 229.96 manat məbləğində əsas, 17.53 manat məbləğində faiz, 289.70 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 71.97 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 609.16 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/123220/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 930 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 229.96 manat məbləğində əsas borc, 17.53 manat məbləğində faiz borcu, 289.70 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 71.97 manat məbləğində faiz məbləği, ümumilikdə isə 609.16 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan iş materiallarında olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/123220/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 18 ay müddətinə, illik 25 faiz olmaqla 930 manat məbləğində kredit vermişdir; -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 229.96 manat məbləğində əsas, 17.53 manat məbləğində faiz, 289.70 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 71.97 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 609.16 manat borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun, faizin, müqavilə müddətinin bitdiyi vaxtdan illik beş faiz olmaqla faiz məbləğinin və cərimənin ödənilməsi hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 229,96 manat və faiz borcunun 17,53 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 289,70 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 10 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olunduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 229 (iki yüz iyirmi doqquz) manat, 96 (doxsan altı) qəpik əsas, 17 (on yeddi) manat, 53 (əlli üç) qəpik faiz, 10 (on) manat cərimə, 71 (yetmiş bir) manat, 97 (doxsan yeddi) qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 329 (üç yüz iyirmi doqquz) manat, 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar