Məhkəmə qərarları › İş №e-2(008)-2288/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-2288/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2288/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.500 (on doqquz min beş yüz) ABŞ dolları, yəni hazırkı məzənnə ilə 33.150 (otuz üç min yüz əlli) manat məbləğində əsas borcun, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 19.890 (on doqquz min səkkiz yüz doxsan) manat pulun və dövlət rüsumu kimi ödədiyi 250 (iki yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cü ilin iyun ayında X2 vasitəsi ilə tanıdığı, tikinti ilə məşğul olan Cavabdeh aqlay və tamet gətirmək üçün ondan borc pul istəmiş və o, 1 ay müddətində hissə-hissə 4 dəfəyə hər dəfə 5000 ABŞ dolları məbləğində cəmi 20.000 ABŞ dolları pul vermişdir. Birinci dəfə pulu Yusif Yusubovun yanında, sonra isə üç dəfə Cavabdeh tək gəlib pulu işlədiyi Gəncə şəhəri H.Əliyev prospektində yerləşən mətbuat yayımı 4 nömrəli köşkdə vermişdir. Verdiyi pulu Cavabdeh 5-6 ay müddətində qaytaracağına söz vermişdir. Lakin həmin müddət keçdikdən sonra cavabdeh pulu qaytarmamışdır. xx.xx.2012-ci il tarixdə o, Cavabdeh Ucar rayonu Qazı Qumlaq kəndinin istirahət mərkəzində tapıb pulu geri tələb etmiş və o, həmin vaxt öz xətti ilə iltizam yazaraq 2010-cü ildən ondan aldığı 20.000 ABŞ dollarının 10000 ABŞ dollarını xx.xx.2012-ci il tarixədək ödənilməsinə söz vermişdir. Lakin buna baxmayaraq o, yenə də borcunu ödəməmişdir. Cavabdeh iltizam yazdıqdan təxminən 20-25 gün keçdikdən sonra ona ***- ***-**-** mobil nömrəli telefonla zəng edib bildirmişdir ki, “Rusiya Federasiyasından maşın gəlir, əgər həmin maşını sənə versəm borcu bağlaya bilərikmi?”. O, cavabdehlə razılaşmasına baxmayaraq, sonuncu ona heç bir maşın verməmişdir. Bundan sonra o, dəfələrlə cavabdehə zəng edərək pulunun qaytarılmasını tələb etmiş, lakin o, hər dəfə pulunu qaytaracağına söz versə də, qaytarmamışdır. Sonra ona zəng etsə də o, telefonu açmamış, sonra isə həmin nömrə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə o, X2 ilə birlikdə Bakı şəhərində olarkən Cavabdeh ilə görüşmüşlər və ondan borcu tələb etmişlər və Cavabdeh ona və Yusif Yusubova 1000 ABŞ dolları verərək 500 ABŞ dolları Yusifə, 500 ABŞ dolları isə ona vermişdir. Qalan borcu isə tez bir zaman, yəni 1 ay müddətinə Rusiya Federasiyasına gedib, qayıtdıqdan sonra ödəməsinə söz vermişdir. Təxminən xx.xx.2022ci il tarixdə o, yenidən Cavabdeh ilə Bakı şəhərində görüşmüş və o, pulunu tələb etmiş, yenə də Cavabdeh onu aldadaraq bir ay müddətinə pulunu ödəməyə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Beləliklə Cavabdeh 20.000 ABŞ dolları borcundan 500 ABŞ dolları ödəmiş, qalan 19500 ABŞ dolları, hazırkı məzənnə ilə 33.150 (otuz üç min yüz əlli) manat (19500 x 1.70=33150) məbləğində pulu ödəməkdən imtina edir. Bunları məhkəmə prosesində lazım olarsa şahid qismində dindirilən X2 da təsdiq edə bilər. Bundan başqa, Cavabdeh ondan borca almış 33.150 manat məbləğində pulun öhdəsinə götürdüyü vaxta ödəməmişdir. Hesab edir ki, cavabdeh həmin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün hər ilə görə illik beş faiz pul ödəməlidir. O, Cavabdeh pulu 2010-cu ilin iyun ayında vermiş və həmin pulu 5-6 aya, 2010-cu ilin dekabr ayına kimi qaytarmalı idi, lakin o, həmin vaxta pulu qaytarmamış, yəni gecikdirilmiş vaxt 12 il müddət təşkil edir. Ona görə də Cavabdeh əlavə olaraq ona 19.890 manat pul ödəməlidir (33150x5:100=1657.5 x12=19890). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X2 ifadəsində bildirmişdir ki, o, Namiqlə bir yerdə işləmişdir. Namiq onu da aldatmışdır. Nazəninin oğlanları tətil vaxtlarında onun yanında işləyirdilər. Namiq iş qurmaq adı ilə iddiaçıdan pul aldığını ona demişdir. Məhkəmə, iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2012-ci il tarixli iltizamdan görünür ki, «xx.xx.2012-ci il tarixdə Ucar rayonu Qazı Qumlaq kəndinin istirahət mərkəzində yerləşən və aparılan tikinti və abadlıq işləri ilə bağlı vaxrım olmadığına görə və Gəncə şəhərində yaşayan X1 2010-cu il tarixdən 20.000 (iyirmi min) ABŞ dolları bu günədək ödəyə bilməmişəm. Ona görə də sizə söz verirəm qeyd olunan borcun 10.000 (on min) ABŞ dollarını 5 avqust 2012-ci il tarixədək şəxsən mən tərəfimdən ödənilməsinə söz verirəm. Əks halda mənə AR-nın Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb olunmaq barədə xəbərdarlıq edildi. İltizam mən tərəfdən yazılmışdır və qeyd olunanları öz imzamla təsdiq edirəm». - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 249.12 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 20.000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh 2010-cu aldığı borc məbləğini 5-6 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh iddiaçı qarşısından götürdüyü öhdəliyə əməl etməmiş, aldığı borcdan cəmi 500 ABŞ dollarını qaytarmış, qalan pulu isə bu günədək qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 20.000 ABŞ dolları məbləğində pulu İddiaçı almışdır. Göründüyü kimi, cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 33.150 (otuz üç min yüz əlli) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 19.890 (on doqquz min səkkiz yüz doxsan) manat məbləğində faiz borcu və ödənilmiş 249.12 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 33.150 (otuz üç min yüz əlli) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 19.890 (on doqquz min səkkiz yüz doxsan) manat məbləğində faiz borcu və ödənilmiş 249.12 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar